19 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hesablama metodundan istifadə etməklə gəlir və xərclərin uçotu

Hesablama metodundan istifadə etməklə gəlir və xərclərin uçotu qaydaları Vergi Məcəlləsinin 134 – 136-cı maddələri ilə tənzimlənir. BSC şirkətinin maliyyə işləri üzrə mütəxəssisi Aytən İmamquliyeva “vergiler.az” saytına bildirib ki, hesablama metodundan istifadə edilərkən gəlirlər və xərclər müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt tanınmalıdır.

Yəni, kassa metodundan fərqli olaraq hesablama metodu ilə uçot aparan vergi ödəyicisi müqavilə üzrə işi və ya xidməti tam təhvil almışdırsa, qarşı tərəfə pul vəsaitinin ödənilib – ödənilməməsindən asılı olmayaraq həmin işin və ya xidmətin təhvil alındığı vaxt xərcin çəkildiyi vaxt hesab olunur. Bu zaman vergi ödəyicisi həmin işin və ya xidmətin müqabilində dəqiq müəyyənləşdirilmiş maliyyə öhdəliyini (xidmətin, işin haqqını) qəbul etmiş olur.

Misal 1: Hesablama metodu ilə uçot aparan müəssisə, 2021-ci ilin yanvar ayında 600 manat (aylıq 50 manat olmaqla) bir illik internet xidmət haqqının qabaqcadan ödənişini etmişdir. Bu halda müəssisə hər ay internet xidmətinin göstərilməsi ilə bağlı qarşı tərəflə akt imzalamaqla 50 manat dəyərində xidməti təhvil alır və dəqiq müəyyən edilmiş 50 manat maliyyə öhdəliyini qəbul edir. Bu halda həmin aktın imzalandığı (yəni xidmətin göstərildiyi) aylarda müəssisə 50 manat dəyərində internet xidmət haqqını xərcinə daxil edir.

Misal 2: Hesablama metodu ilə uçot aparan müəssisə, hüquq xidmətinin alışı ilə bağlı müqavilə bağlamışdır. Müqaviləyə əsasən hüquq xidməti 2021-ci ilin noyabr ayında göstərilmişdir. Müəssisə qarşı tərəflə xidmətin göstərilməsi ilə bağlı noyabr ayında akt imzalayaraq xidməti təhvil almış və 2 000 manat xidmət haqqı olan maliyyə öhdəliyini qəbul etmidir. Lakin, 2 000 manat xidmət haqqının ödənişi noyabr ayında edilməmişdir, 2022-ci ilin yanvar ayında ödəniləcəkdir. Bu halda müəssisə baxmayaraq ki, 2 000 manat ödənişi 2022-ci ilin yanvarında edəcəkdir, xidməti və maliyyə öhdəliyini 2021-ci ilin noyabr ayında qəbul etdiyi üçün 2 000 manat hüquq xidmətinə görə xərcini 2021-ci ilin noyabr ayında tanımalıdır.

Vergi Məcəlləsini 136-cı maddəsinin 3-cü bəndi hesablama metodunda borc öhdəliyi üzrə faizləri və icarə haqqı xərcinin tanınması ilə bağlıdır. Belə ki, həmin bəndə görə, borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür.

Misal 3: Hesablama metodu ilə uçot aparan müəssisə, 2020-ci ilin sentyabr ayında 2 il müddətinə, yəni 2022-ci ilin sentyabr ayınadək qaytarılmaq şərtilə bankdan 200 000 manat kredit almışdır. Həmin kreditə görə 2 il ərzində ödəməli olduğu faizlərin məbləği 33 724.22 manat hesablanmışdır. Bank tərəfindən təqdim edilmiş ödəniş qrafikinə əsasən, 2020-ci il üzrə oktyabr, noyabr və dekabr aylarında ödəməli olduğu faiz borcu 7 000 manat, 2021-ci il üzrə 21 337.52 manat, 2022-ci ilin 9 ayı üzrə 5386.70 manat olmuşdur. Bu halda faizlərin xərc kimi tanınma vaxtları 3 illik hesabat dövrünü əhatə edəcəkdir. Müəssisə 2020-ci ildə 7 000 manatı xərc olaraq tanımalı və digər illər üzrə düşən xərcləri isə gələcək dövrün xərcinə aid edərək, hər il üzrə müvafiq olaraq xərcinə daxil etməlidir. Yəni ödənişlərin tarixindən asılı olmadan, Müəssisənin kredit üzrə faiz xərci 2020-ci ildə 7 000 manat, 2021-ci ildə 21 337.52 manat, 2022-ci ildə isə 5386.70 manat olacaqdır.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb