8 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mobil telefonlar və mPOS xidməti

Son günlər mobil telefonlardan POS-terminal olaraq istifadə edilməsi məsələsi müzakirə mövzularından birinə çevrilib. Bank mütəxəssisi Bəxtiyar Məmmədov “vergiler.az” saytına mövzu ilə bağlı şərh verib.

“Cəmiyyətin inkişafı boyunca müxtəlif ödəniş üsulları mövcud olmuşdur. Hər bir ödəniş üsulu tədricən inkişaf etmiş, yeni ödəniş üsulları meydana gəlmişdir. Cəmiyyət barter üsulundan cari elektron ödənişlərədək uzun bir inkişaf yolu keçmişdir. Son dövrlərdə aktuallaşan məsələlərdən biri də mobil qurğular vasitəsilə ödənişlərin qəbul edilməsidir.

Yəqin ki, bir çoxumuz gündəlik həyatda marketlərdə və yaxud digər hər hansı alışlarımızda ödəniş kartlarımızı POS terminala yaxınlaşdırmaqla ödənişlər etmişik. Bu kifayət qədər rahatdır, əlavə nağd vəsait sayımı və sair narahatlıqlardan həm alıcını həm da satıcını azad edir. Amma məsələyə bir qədər fərqli aspektdən baxsaq görərik ki, bu infrastrukturun qurulması üçün satıcı hər hansı bankdan POS terminal əldə etməli (bəzi hallarda bu ödənişli, yaxud müəyyən depozit yatırmaq şərti ilə verilir), daha sonra bu POS terminalı istifadəyə verməlidir. Elə hallar da vardır ki, orada bu tip yanaşma özünü doğrultmur. Məsələn, taksilərdə POS terminalların quraşdırılması bank və taksi xidməti göstərən şəxs üçün sərfəli deyil, çünki çox sayda taksidə ödənişsiz POS terminal quraşdırmaq xərci banka sərfəli deyildir, həmçinin taksi xidməti göstərən tərəf üçün hər taksiyə POS terminal almaq sərfəli həll deyildir. Bu tip çətinliyin aradan qaldırılması üçün müxtəlif həllər vardır ki, onlardan biri də mobil POS terminal yaxud qısa desək mPOS xidmətinin təşkilidir.

mPOS xidməti əslində mobil telefonlara əlavə qurğu qoşmaq və proqram təminatı yazmaqla onların POS terminal kimi istifadə olunmasını ehtiva edir, lakin NFC texnologiyasının istifadə edildiyi hallarda heç bir əlavə qurğuya ehtiyac olmur, mobil telefon və ya planşet POS terminal kimi istifadə edilə bilir. Bu tip qurğunun tətbiqinin əsas üstünlüyü kompaktlıq, aşağı qiymət və internet şəbəkəsinin olduğu istənilən yerdə ödənişlərin qəbul edilə bilməsidir. mPOS xidmətini əldə edən satıcı müxtəlif qeydiyyat prosedurlarını keçdikdən sonra öz mobil telefonunu POS terminal kimi müştərilərinin istifadəsinə təqdim edə bilər.

Dünyada mPOS xidməti

Juniper Research tərəfindən aparılmış hesablamalarla müəyyən edilmişdir ki, 2019-ci ildə dünyada mPOS vasitəsilə aparılmış ödənişlərin həcmi 850 milyrad ABŞ dolları həcmində olmuşdur. Həmçinin 2024-cü ildə bu ödənişlərin həcminin 1.9 trilyon dollara çatacağı ehtimal edilir. Hal-hazırda Avropa, Amerika və digər qitələrin inkişaf etmiş ölkələrində mPOS xidməti kifayət qədər populyarlıq qazanmışdır.

Azərbaycanda mPOS xidməti

Hal hazırda ölkəmizdə mPOS xidməti təqdim olunmamışdır. Bu məsələ ilə bağlı bəzi banklar tərəfindən bir neçə dəfə cəhdlər olsa da, proses müxtəlif səbəblərdən (bəzən səmərəlilik, təhlükəsizlik riskləri, müxtəlif sertifikasiyalar, hüquqi risklər və sair) ləngimə baş vermişdir. Lakin dövlət tərəfindən nağdsız ödənişlərin inkişafının təşviqi, qanunvericilik və normativ aktlara mütəmadi olaraq düzəliş və əlavələrin edilməsi yaxın vaxtlarda bu xidmətin ölkəmizdə də uğurla tətbiq ediləcəyini deməyə imkan verir.

Hesab edirəm ki, mPOS xidmətinin təşkili ilə POS terminalların daha sərfəli formada əldə edilməsi nağdsız ödənişlərin daha da inkişafına, “kölgə iqtisadiyyatı”nın həcminin daha da azalmasına doğru atılmış növbəti addım olacaqdır.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?