Vergi ödəyicisi bir neçə fəaliyyət növləri ilə məşğul olduqda uçot və hesabatlılıq necə aparılır?
Son zamanlar vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də bir neçə fəaliyyət növü ilə məşğul olduqda uçot və hesabatlılıq məsələləridir. Bu barədə “vergiler.az” saytına danışan sərbəst auditor Altay Cəfərov mövzuya misallar üzərindən aydınlıq gətirib.
Misal 1: Fiziki şəxs sahibkarın 2 obyekti vardır. Bu obyektlərdən birini pərakəndə ticarət məqsədləri üçün özü istifadə edir, digərini isə başqa bir sahibkara icarəyə vermişdir. Bu zaman uçot və hesabatlılıq necə olacaqdır?
Suala cavab vermək üçün Vergi Məcəlləsinin bir neçə maddəsinə nəzər yetirməliyik. Vergi Məcəlləsinin 218.5.4-cü maddəsində qeyd edilir ki, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Bundan əlavə, Məcəllənin 221.7-ci maddəsində qeyd edilir ki, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu Məcəllənin 218.1-ci və 218.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.
Vergi Məcəlləsinin 218.5-ci və 221.7-ci maddələrinə diqqət yetirdikdə maddələrin bir-birini təkzib etdiyi kimi görünür. Amma məsələyə başqa formada baxmaq lazımdır və 221.7-ci maddəni 218.5-ci maddənin davamı kimi qəbul etmək lazımdır. Yəni burada maddələrin bir-birini inkar etməsindən söhbət gedə bilməz. Belə ki, 218.5.4-cü və 221.7-ci maddələrin açılışı aşağıdakı kimi olacaqdır:
Əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər birbaşa sadələşdirilmiş vergi ödəyici ola bilməzlər. Amma həmin şəxlərin digər fəaliyyətdən gəlirləri olduqda həm icarədən gəlirlər üzrə gəlir vergisi və ya mənfəət vergisi ödəyicisi olurlar, həm də digər gəlirlərindən sadələşdirilmiş vergi ödəyirlər. Yəni belə hallarda onların faktiki iki formada hesabatlılıq və uçot öhdəliyi yaranır. Amma burada da artıq Məcəllənin 218.1-ci maddəsini və 218.2.-ci maddəsini nəzərə almaq lazımdır.
Misalda fiziki şəxs sahibkar icarəyə verdiyi obyektinə görə icarə haqqı alacaqdır. Tutaq ki, icarə haqqı 1000 manatdır və belə olan halda ona ödəniləcək icarə haqqından 14% (140 manat) ödəmə mənbəyində vergi tutulacaqdır. Sahibkara xalis 860 manat ödəniləcəkdir. Odur ki, sahibkarın icarə üzrə başqa bir vergi öhdəliyi qalmır və onun birbaşa heç bir hesabat təqdim etmək öhdəliyi yaranmır, ona görə ki, icarəyə götürən ona ödənilən gəlirlər haqqında məlumatları özünün ödəmə mənbəyində tutulan vergi bəyannaməsində əks etdirir. Bundan əlavə, ikinci obyekt üzrə isə əldə etdiyi gəlirlərindən sadələşdirilmiş vergi bəyannaməsini təqdim edir və gəlirlərindən 2% vergini ödəyəcəkdir.
Burada əsas məqəmlardan biri də odur ki, icarədən əldə olunan gəlirlərin xərclərini ayrı və pərakəndə ticarətdən əldə olunan gəlirlərin xərclərini ayrıca aparmaq lazımdır.
Misal 2: Hüquqi şəxsin 2 obyekti vardır. Bu obyektlərdən birini pərakəndə ticarət məqsədləri üçün özü istifadə edir və digərini isə başqa bir sahibkara icarəyə vermişdir.
Bu misalda da əməliyyatların vergitutma və vergi ödəyicisi olmaq öhdəliyi yuxarıdakı cavab ilə analojidir. Burada sadəcə fiziki şəxsin yerində hüquqi şəxsdir. İcarəyə verən hüquqi şəxs olduğuna görə artıq icarəyə götürənin ödəmə mənbəyində 14% vergi tutumaq öhdəliyi yaranmır. Belə olan halda icarəyə verən şəxs icarədən əldə etdiyi gəlirlər üzrə mənfəət vergisi ödəyici olur, pərakəndə ticarətdən əldə etdiyi gəlirlər üzrə isə sadələşdirilmiş vergi ödəyəcəkdir.
Tutaq ki, icarədən aylıq 1000 manat və illik 12000 manat gəlir əldə edir. Belə olan halda cəmiyyət ilin sonunda mənfəət vergisi bəyannaməsini təqdim edəcəkdir. Məsələn, illik icarə üzrə xərləri də 1500 manat olmuşdursa, onda (12000-1500) *20% * 25% (mikro sahibkar kimi) = 525,00 manat mənfəət vergisi ödəyəcəkdir. Həmçinin rüblük olaraq da sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edəcəkdir.
Misal 3: Hüquqi şəxsin 3 obyekti vardır. Bu obyektlərdən birini pərakəndə ticarət məqsədləri, digərini topdansarış məqsədləri üçün özü istifadə edir və digərini isə başqa bir sahibkara icarəyə vermişdir.
Bu misalda məsələ artıq başqa formadadır. Məcəllənin 218.5.9-cu maddəsinə görə topdansatış ticarət ilə məşğul olan şəxslərin artıq birbaşa sadələşdirilmiş vergi ödəyicisi olmaq öhdəliyi yoxdur. Belə ki, 221.7-ci maddə üzrə ikili hesabatlılıq, ikili uçot ancaq sadələşdirllmiş vergi ödəyicisinə cəlb edilən dövriyyələrə malik olan şəxlər üçün nəzərdə tutulmuşdur.
Əgər vergi ödəyicisi topdansatış əməliyyatlar aparırsa, artıq onun sadələşdirilmiş verginin tədbiq etmək öhdəliyi ləğv edilir və bu zamanı onun həm pərakəndə ticarətdən, həm icarədən və həm də topdansatışdan gəlirləri mənfəət vergisinə, həmçinin dövriyyədən asılı olaraq ƏDV-yə cəlb ediləcəkdir. Amma burada başqaa bir hal da vardır. Məcəllənin 218.6.1. maddəsində qeyd edilir ki, bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.
Yuxarıdakı maddədə olan hallar olduqda artıq cəmiyyətin sadələşdirilmiş vergi ödəyicisi olmaq öhdəliyi qalır. Tutaq ki, hüquqi şəxs yeni yaranmışdır və şəxsin yuxarıdakı kimi 2021-ci ilin üçüncü rübü üzrə pərakəndə ticarətdən 10000 manat, topdansatış ticarətdən 3000 manat və icarədən 1000 manat gəliri olmuşdur. Sual yaranır ki, cəmiyyət hansı vergi ödəyici olacaqdır? Bunun üçün ilkin olaraq müəyyənləşdirməliyik ki, topdansatışın həcmi nə qədərdir.
Ümumi ticarətdən gəlir (10000+3000) = 13000 manat və topdansatışın faizi 3000/13000 *100% = 23,07%. Göründüyü kimi topdansatışın faizi 30%-dən aşağıdır. Odur ki, cəmiyyət 3-cü rüb üzrə 10000 *2% = 200 manat sadələşdirilmiş vergi ödəyəcəkdir və sadələşdirilmiş vergi bəyannaməsini təqdim edəcəkdir. Və (3000 manat + 1000 manat ) 4000 manat üzrə də illik mənfəət vergisi bəyannaməsini göndərəcəkdir. Əlbəttə ki, burada illik gəlirlər və xərclər nəzərə alınacaqdır. Bu baxımdan, vergi ödəyiciləri bu məsələlərdə çox diqqətli olmalıdırlar.