2 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Malların alış aktının tərtib edilməsi

Təcrübədə vergi ödəyicilərinin vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslərdən mallar almaq zərurəti yaranır. Bu zaman sənədləşmə necə aparılmalıdır? Suala mühasibat mütəxəssisi İlqar Əsədov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 16.1.11-10-cu maddəsinə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alarkən vergi ödəyiciləri alış aktı tərtib etməlidirlər. Məcəllənin 71-2-ci maddəsində də malların alış aktının tərtib edilməsi qaydası göstərilib.

Bu məsələ ilə bağlı mühasiblər arasında geniş yayılan yanlış fikir odur ki, vergi ödəyicisi olmayan şəxslərdən yalnız “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilmiş malları almaq olar. Əslində isə həmin qanunun sözügedən maddəsi “malların alış aktı” ilə vergi ödəyicilərinin ala biləcəyi malların siyahısını tənzimləmir. “Nağdsız hesablaşmalar haqqında” Qanunda və Vergi Məcəlləsində alış aktı ilə alına biləcək malların siyahısı qeyd edilməyib. Qanunun 3.5-ci maddəsində göstərilən malların qeyd edilməsinin üç təyinatı vardır:

1. Həmin malları “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsində qeyd edilmiş limit olmadan nağd almaq;

2. Həmin mallardan başqa digər malları 3.3-cü maddədə qeyd edilmiş limit daxilində nağd almaq;

3. Həmin malları təqdim edərkən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə uyğun olaraq ödəmə mənbəyində 2 faiz vergi ödəmək.
Həmin mallardan başqa malların vergi ödəyicisi olmayan şəxslərdən alış aktı ilə alınmasına qanunvericiliklə məhdudiyyət qoyulmayıb. Onu da qeyd edək ki, vergi ödəyicisi olmayan şəxslərdən “malların alış aktı” sənədi ilə hətta əsas vəsait belə alına bilər. Burada da məhdudiyyət yoxdur. Məsələn, hansısa müəssisəyə nəqliyyat vasitəsi lazım olarsa, müəssisə nəqliyyat vasitəsini vətəndaşdan “malların alış aktı” ilə ala bilər.

Qeyd etmək yerinə düşər ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti məqsədləri üçün olmayan və ya əvvəl sahibkarlıq fəaliyyətində istifadə edilməmiş daşınar əmlakların (qiymətli daş və metallar, qiymətli daş və metalların məmulatları, incəsənət əsərləri və əntiq əşyalar istisna olmaqla) təqdim edilməsi gəlir vergisindən azaddır. Lakin unutmaq olmaz ki, vergi orqanında uçotda olmayan şəxslər istənilən malların, o cümlədən əsas vəsaitlərin satışı ilə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olurlarsa, onların vergi uçotuna alınması və digər zəruri prosedurları yerinə yetirməsi mütləqdir. Əks halda bu, qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?