Dövlət qulluqçularına əlavə məzuniyyətin hesablanması
Azərbaycan qanunvericiliyinə əsasən, dövlət qulluqçularının əmək fəaliyyəti ilə bağlı bir sıra xüsusi şərtlər nəzərdə tutulub. Bunlardan biri də əlavə məzuniyyətin hesablanmasıdır. Mövzunu mühasibat mütəxəssisi Emin Salamov şərh edir.
Əmək Məcəlləsinin 112-ci maddəsinin a-bəndinə əsasən, əmək məzuniyyəti əsas və əlavə məzuniyyətlərdən ibarətdir. Əmək məzuniyyəti Məcəllənin 113-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq hər il müvafiq iş ili üçün verilir.
Əmək Məcəlləsinin 116-cı maddəsində isə əmək stajına görə əlavə məzuniyyətin müddətləri göstərilib.
Bununla yanaşı, Məcəllənin 135-ci maddəsinin 2-ci bəndində göstərilib ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq əmək münasibətlərinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi zamanı Məcəllənin 116-cı maddəsində qeyd edilən əmək stajına görə əlavə məzuniyyətlərə görə pul əvəzi verilmir.
Dövlət qulluqçuları üçün əsas məzuniyyət Əmək Məcəlləsinin 114-cü maddəsinin 3-cü bəndinin b-yarımbəndinə əsasən müəyyənləşdirilib. Bu maddəyə görə, qulluq keçən dövlət qulluqçularına 30 təqvim günü əsas məzuniyyət verilir.
“Dövlət qulluğu haqqında” Qanunun 30.3-cü maddəsində isə göstərilib ki, inzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 30 təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir. Uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyət isə aşağıdakı qaydada verilir:
- 5 ildən 10 ilədək əmək stajına görə - 2 təqvim günü;
- 10 ildən 15 ilədək əmək stajına görə - 4 təqvim günü;
- 15 ildən çox əmək stajına görə - 6 təqvim günü;
Dövlət qulluqçusu öz arzusu ilə və dövlət orqanı rəhbərinin razılığı ilə ödənişsiz məzuniyyətə göndərilə bilər.
Misal: İşçi 1 mart 2020-ci ildə müsahibə əsasında dövlət qulluğuna işə qəbul olunub. Onun ümumi stajı 12 ildir. 1 aprel 2021-ci ildə 2020 (mart) -2021-ci (fevral) iş ilinə görə əmək məzuniyyətinin 20 günündən istifadə edib və 1 iyun 2021-ci il tarixində öz ərizəsi ilə işdən ayrılıb. Bu zaman işçiyə neçə gün istifadə olunmamış əmək məzuniyyətinə görə pul əvəzi ödənilməlidir?
Yuxarıda qeyd edilənləri nəzərə alaraq 2020 (mart) -2021 (fevral) iş ilinə görə istifadə olunmamış əsas məzuniyyətdən qalan 10 gün və əlavə olaraq əsas məzuniyyətdən 2021-ci ilin 3 ayı (mart, aprel, may) üçün qalan 7,5 gün istifadə olunmamış məzuniyyətə görə pul əvəzi ödənilməlidir.
30:12x3=7,5 gün
10=7,5=17,5 gün
Beləliklə, həmin işçiyə göstərilən şərtlər daxilində 17,5 gün üçün ödəniş hesablanmalıdır.