12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı məhsullarının tədarükü və satışı zamanı vergitutma

Kənd təsərrüfatında tədarük və satış anlayışları

Hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır. 2001-ci ildən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2024-cü ilədək qüvvədə olacaq. Vergi Məcəlləsinin 13.2.60-cı maddəsində bildirilir ki, kənd təsərrüfatı məhsullarının istehsalı - sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə edilərək yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsini nəzərdə tutur.

Vergi ödəyicisinin istehsal etdiyi və ya digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olarkən vergi öhdəlikləri

Vergi Məcəlləsinin müvafiq müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilib. Buna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və
fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il
yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar

Lakin istehsalçı istehsal etdiyi kənd tərəsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa (məsələn, yetişdirilmiş mal-qaranın kəsilərək ət şəklində satışı, becərilmiş meyvələrin qurudularaq satışı), həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan (mənfəət (gəlir vergisi) və ya sadələşdirilmiş vergi) asılı olaraq, müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bunlarla yanaşı, vergi ödəyicisinin digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məhsulların satışından əldə olunan gəlirlərdən ümumi qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilir.

Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının tədarük qaydasında alğı-satqısını həyata keçirən şəxslər kənd təsərrüfatı məhsullarının istehsalçıları hesab edilmir və onlara bu sahə üzrə nəzərdə tutulmuş vergi güzəştləri tətbiq olunmur.

Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı zamanı vergi öhdəlikləri

Tədarük qaydasında alınmış kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışından əldə edilən gəlirlər, sadələşdirilmiş vergitutma metodu tətbiq olunduğu halda, təqdim edilmiş mallara görə hasilatın həcmindən (xərclər çıxılmadan) Bakı şəhərində 2 faiz dərəcə ilə hesablanır. Gəlir vergisi metodu tətbiq edildiyi halda isə təqdim olunmuş mallara görə əldə edilən gəlirdən təqdim olunan malların alınmasına çəkilən xərclər, habelə qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Kənd təsərrüfatının inkişafı üçün güzəştlər

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına müvafiq vergi güzəştlərinin verilməsi bu sahənin əsaslı şəkildə inkişafını və investisiya qoyuluşlarının artırılmasını təşviq edir. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin də bu fəaliyyətdən əldə etdiyi gəlirləri mənfəət vergisindən azad olunub. ƏDV ödəyicisi olan kənd təsərrüfatı məhsullarının istehsalçılarının (o cümlədən sənaye üsulu ilə) özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cu ilin yanvarından 10 il müddətinə bu növ vergidən azaddır. Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər əmlak vergisini ödəməkdən azad edilib. Vergi Məcəlləsinin 199.9-cu maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar. Həmin şəxslər vergi güzəşti hüququndan istifadə etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalı prosesində istifadə olunan əmlaklarla bağlı sənədləri aidiyyəti üzrə təqdim etməlidirlər. Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə olunmuş hasilatın həcmi də 2014-cü il yanvarın 1-dən 10 il müddətinə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?