8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Üç ayda vergi orqanlarının xətti ilə büdcəyə 3 milyard manatdan çox vəsait daxil olub

Koronavirus (COVID-19) pandemiyası səbəbilə ölkədə tətbiq olunmuş sərt karantin rejiminin qismən yumşaldılması, biznesin fəaliyyətini tədricən bərpa etməsi, həmçinin vergitutma bazasına effektiv nəzarətin tətbiqi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi uçotunun düzgün qurulması istiqamətində 2021-ci ilin birinci rübündə aparılan tədbirlər nəticəsində dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozlar təmin olunub.

Cari ilin birinci rübündə qeydiyyata alınmış vergi ödəyicilərinin sayının, o cümlədən aktiv ödəyicilərin, habelə aktiv ƏDV ödəyicilərinin, qeydə alınmış obyektlərin (təsərrüfat subyektlərinin) sayının artması, qeyri-dövlət sektorunda əmək müqaviləsi bağlanmış muzdlu işçilərin sayında və əməkhaqqı fondunda, eləcə də iqtisadiyyatın ayrı-ayrı sektorlarında dövriyyələrin artımı vergi daxilolmalarına müsbət təsir edib.

Dövriyyələrin şəffaflaşdırılması sahəsində aparılan işlər, gəlirlərin bəyanetmə səviyyəsinin və könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, vergi inzibatçılığında həyata keçirilən islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən artım templəri həm tədiyyə növləri üzrə, həm də qeyri-neft-qaz sektorunun əksər sahələrdə vergi daxilolmalarının artımına səbəb olub.

Vergi daxilolmaları

2021-ci ilin yanvar-mart aylarında vergi orqanlarının xətti ilə büdcəyə 3 milyard 11,3 milyon manat vəsait daxil olub ki, bunun da 2 milyard 85,7 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 925,6 milyon manatı isə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi daxilolmaları üzrə proqnoza 121,1 faiz əməl olunub, proqnoza nisbətən 363,9 mln. manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 45,78 milyon manat çox vergi toplanıb. Vergi daxilolmalarının 72,4 faizi qeyri-neft-qaz sektorunun, 27,6 faizi neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektorunun xüsusi çəkisi ötən ilin birinci rübü ilə müqayisədə 3,7% artıb.

Neft hasilatının nisbətən aşağı düşməsinə baxmayaraq, dünya enerji bazarlarında qiymətlərin sabitləşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmaları artıb. 2021-ci ilin birinci rübündə neft-qaz sektorundan daxilolmalar 574,9 milyon manat təşkil edib, proqnozlara nisbətən 136,2 faiz icra olunub, büdcəyə nəzərdə tutulandan 152,7 milyon manat artıq vəsait daxil olub.

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz və ya 109,2 milyon manat artaraq 1 milyard 510,8 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə proqnoz 116,2 faiz icra olunub, proqnozdan əlavə 211,1 milyon manat vergi toplanıb. Qeyri-neft-qaz sektoru üzrə birinci rübdə toplanan vergilərin məbləği tarixdə ən yüksək birinci rüb göstəricisidir.

Cari ilin birinci rübündə qeyri-neft-qaz sektorunun özəl bölməsindən 1,1 mlrd. manat məbləğində vergi daxilolmaları təmin edilib, daxilolmalar 15,8 faiz artıb. Özəl bölmənin qeyri-neft-qaz sektorundan ümumi daxilolmada payı 70,8 faizdən 76,1 faizə yüksəlib.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında proqnozlara nisbətən daha çox yığım əsasən ƏDV, mənfəət və gəlir vergisi üzrə qeydə alınıb. ƏDV daxilolmalarında proqnoza nisbətən 28,1 faiz, mənfəət vergisi üzrə 25,7 faiz, gəlir vergisi üzrə 4,2 faiz, sadələşdirilmiş vergi üzrə 9,4 faiz daha çox vəsait daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ƏDV üzrə artım 10,1 faiz, aksizlər üzrə 42,6 faiz, mənfəət vergisi üzrə 11,2 faiz, gəlir vergisi üzrə 3,6 faiz, mədən vergisi üzrə 29,3 faiz, torpaq vergisi üzrə 36,2 faiz, əmlak vergisi üzrə 3,6 faiz təşkil edib.

Vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft-qaz sektorunda ƏDV, aksiz, topraq, mədən və mənfəət vergisinin artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 faiz üstələyib. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 35,2 faizə, mənfəət vergisi üzrə 29,1 faizə, gəlir vergisi üzrə 18,1 faizə, aksizlər üzrə 6,2 faizə qalxıb. Bu tədiyələrdə yüksək artım dinamikası dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə olunmaqdadır.

Cari ilin birinci rübündə qeyri-neft-qaz sektorunun bir sıra fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Qeyri-neft-qaz sektorunda sənaye, xidmət və rabitə üzrə daxilolmaların artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 faiz üstələyib. Ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (41,5 faiz), sənaye sektorunda (23,1 faiz), xidmət sektorunda (15,7 faiz), ticarət sahəsində (2,5 faiz), digər fəaliyyət sahələrində (6,6 faiz) qeydə alınıb. Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır.

Əmək bazarında şəffaflaşma prosesləri

Əmək bazarında şəffaflaşma prosesləri nəticəsində işçi sayının və əmək haqqı fondunun artım dinamikasının müşahidə olunması şəraitində sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 895,3 milyon manat təşkil edib, proqnoz 113,6 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,8 faiz artıb, proqnoz 115,9 faiz icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 9,8 faiz artaraq 30,3 milyon manat təşkil edib, proqnoz 112,1 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 15,7 faiz artıb, proqnoz 110,9 faiz icra edilib.

2021-ci ildən başlayaraq icbari tibbi sığorta haqlarının tətbiqinə başlanıb. 2021-ci ilin birinci rübündə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 112,3 mln. manat olub, büdcəyə nəzərdə tutulandan 25,5 mln. manat artıq vəsait daxil olub.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?