14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə lizinqi əməliyyatlarında faizlərdən verginin tutulması

Maliyyə lizinqindən vergilərin ödənilməsi zamanı vergi ödəyiciləri müəyyən suallarla qarşılaşırlar. Mövzuya sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 123.1-ci maddəsində göstərilir ki, rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

123.1-ci maddənin şərti, ilk baxışda sadə görünür. Diqqətlə yanaşdıqda isə maddədə maliyyə lizinqi ilə bağlı əməliyyatların iki hissəyə bölündüyünü görürük.

Maddənin birinci hissəsinə əsasən “...maliyyə lizinqini həyata keçirən rezident şəxslərə... maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə... ödənilən faizlər istisna olmaqla...”

Eyni maddənin ikinci hissəsində isə yazılmışdır: “...maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən...10 faiz dərəcə ilə vergi tutulur”.

Misal 1: Tutaq ki, “AA” MMC rezident hüquqi şəxsdir və maliyyə lizinqi ilə məşğul olur. Rezident, lizinq alan MMC-yə 10.000 manat faiz ödəyir. Bu halda, Vergi Məcəlləsinin 123-cü maddəsinin birinci və ikinci hissələrinə görə rezidentə ödənilən 10.000 manatdan 10 faiz vergi tutulmayacaq.

Misal 2: Azərbaycan Respublikasında “SS” LTD-nin daimi nümayəndəliyi fəaliyyət göstərir və maliyyə lizinqi ilə məşğul olur. Ona da rezindent lizinq əməliyyatı çərçivəsində 5000 manat faiz ödəyir. Bu halda da “SS” LTD-nin nümayəndəliyinə ödənilən 5000 manandan vergi tutulmayacaq.

Misal 3: “VV” LTD qeyri-rezidentdir və Azərbaycan Respublikasında daimi mümayəndəyi yoxdur. Lizinq əməliyyatı çərçivəsində rezident ona 3000 dollar faiz ödəyir. Bu halda, “VV” LTD-yə rezident tərəfindən ödənilən 3000 dollardan 10 faiz, yəni 300 dollar vergi tutulacaq və qalan 2700 dollar ona ödəniləcək.

Çünki Vergi Məcəlləsinin 123-cü maddənin ikinci hissəsinin müddəalarına görə, ümumilikdə maliyyə lizinqinə görə ödənilən faizlərdən 10 faiz vergi tutulmalıdır. Burada qeyri-rezidentə ödənilən faizlərə görə vergidən azad olunma nəzərdə tutulmayıb.

Odur ki, qeyri-rezidentə ödənilən maliyyə lizinqinə görə faizlərdən 10 faiz vergi tutulmalıdır.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?