14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatına tətbiq olunan vergi güzəştləri

Hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır. 2001-ci ildən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2024-cü ilədək qüvvədə olacaq.

Beləliklə, mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları mənfəət, gəlir, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad ediliblər. Xatırladaq ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilib. Vergi Məsəlləsinə əlavə edilmiş 58.15-ci maddəyə əsasən, vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyiciləri maliyyə sanksiyalarına məruz qalmamaq üçün güzəşt və azadolmalar üzrə bəyan edilməli məlumatları bəyannamədə əks etdirməlidir.

Vergi Məcəlləsinin 102.1.11 maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər üzrə vergi güzəştlərindən istifadə etmək hüququna malik olan şəxslərdən aşağıdakı sənədlər tələb olunur:

  • Kənd təsərrüfatı məhsullarının istehsalı həyata keçirilən təsərrüfat subyektləri (obyektlər) ilə bağlı təsdiqedici sənədlər;
  • Mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə sənədlər;
  • Kənd təsərrüfatı sahəsində digər istehsal obyektlərinin mövcudluğu barədə sənədlər;
  • Qeyd edilən torpaq və obyektlərdə istehsal prosesinin həyata keçirilməsini təsdiq edən sənədlər.

Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin də bu fəaliyyətdən əldə etdiyi gəlirləri mənfəət vergisindən azad olunub. ƏDV ödəyicisi olan kənd təsərrüfatı məhsullarının istehsalçılarının (o cümlədən sənaye üsulu ilə) özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cu ilin yanvarından 10 il müddətinə bu növ vergidən azaddır. Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər əmlak vergisini ödəməkdən azad edilib. Vergi Məcəlləsinin 199.9-cu maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar. Həmin şəxslər vergi güzəşti hüququndan istifadə etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalı prosesində istifadə olunan əmlaklarla bağlı sənədləri aidiyyəti üzrə təqdim etməlidir. Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi də 2014-cü il yanvarın 1-dən 10 il müddətinə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir. Bu hüquqdan istifadə etmək istəyənlərdən də yuxarıda göstərilən sənədlər tələb olunur.

Elxan SALAHOV

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?