15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səyyar vergi yoxlamasının vaxtı necə müəyyən olunur?

Qanunvericiliyin tələbinə görə, səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Vergi ödəyicilərində səyyar vergi yoxlaması növbəti və növbədənkənar olmaqla keçirilə bilər. Mövzu ilə bağlı maraq doğuran məqamları iqtisadçı Anar Bayramov şərh edir.

Növbəti səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın başlanmasından azı 15 gün əvvəl vergi ödəyicisinə vergi orqanı tərəfindən yazılı bildiriş göndərilir.

Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir.

Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir və 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər.

Mövcud qanunvericiliyə əsasən, vergi orqanı hər hansı vergi ödəyicisində 1 yanvardan 31 dekabradək olan dövrü əhatə edən təqvim ili ərzində ən çoxu bir dəfə növbəti səyyar vergi yoxlaması keçirə bilər.
Məsələn, 1 fevral 2020-ci il tarixdə növbəti səyyar vergi yoxlaması keçirilmiş vergi ödəyicisində növbəti səyyar vergi yoxlamasi həmin təqvim ilində, 2020-ci ildə keçirilə bilməz.

Misal 1: Tutaq ki, vergi orqanı 1 sentyabr 2020-ci il tarixdə növbəti səyyar vergi yoxlaması keçirib. Həmin vergi ödəyicisində 1 may 2021-ci il tarixdə növbəti səyyar vergi yoxlamasının keçirilməsində hər hansı qanun pozuntusu yoxdur, baxmayaraq ki, son yoxlama müddətindən bir il keçməyib. Vergi Məcəlləsinin 38.2-ci maddəsində müddət təqvim ili (1 yanvar – 31 dekabr) nəzərdə tutulduğundan növbəti səyyar vergi yoxlaması bir ildən tez keçirilə bilər.

Misal 2. Vergi orqanı 1 aprel 2020-ci il tarixdə vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması keçirsə də, 15 sentyabr 2020-ci il tarixdə növbədənkənar vergi yoxlaması həyata keçirmək haqqında qərar verib. Hər iki yoxlamanın bir təqvim ilinə təsadüf etməsinə baxmayaraq, burada da qanun pozuntusu yoxdur. Çünki ikinci səyyar vergi yoxlamasının növü növbəti yox, növbədənkənardır. Vergi Məcəlləsində növbədənkənar vergi yoxlamasının keçirilmə halları müəyyənləşdirilsə də, keçirilmə müddəti ilə bağlı hər hansı məhdudiyyət qoyulmayıb.

Fərqanə ALLAHVERDİQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?