"Vergilər. Şəffaflıq. İnkişaf"
Zaur Qurbanov, "Ernst & Young" şirkətinin Vergi və hüquq şöbəsinin meneceri
Qısaca onu deyə bilərəm ki, vergi islahatları ötən ilin sonu üçün yaxşı bir xülasə oldu.Təbii ki, hələ görüləcək işlər çoxdur. Nəticələrin necə olacağı haqda danışmaq hələ çox tezdir. İslahatların icrasını gözləməliyik, o zaman anlaşılacaq ki, islahatlar qoyulmuş hədəflərə nə dərəcədə uyğundur. Amma görünən budur ki, əvvəlki dövrlərə baxanda vergi sahəsində vəziyyət daha pozitiv və ürəkaçandır. Ümid edirik ki, icrası da elə olacaq. "Kölgə iqtisadiyyatı" bütün dünyada mövcuddur və onun ölçüləri də müxtəlif ölkələr üçün müxtəlifdir. Əsas odur ki, bu problemin miqyasları mümkün qədər azaldılsın. Bu, təbii ki, bir ilə baş verməyəcək və heç vaxt 0-a çatmayacaq. Amma mümkün qədər azaldılmalıdır.
Fəxriyyə Xələfova, "FX beauty company"nin rəhbəri
"Son illərdə məhz "Made in Azerbaijan" brendinin təşviq olunması bir yerli istehsalçı kimi mənə çox kömək edir. Əvvəllər xarici məhsullarla rəqabət aparmaq çətin idi, indi isə "Made in Azerbaijan" sahibkarlara daha çox dəstək olur. Çünki artıq istehsalçılara öz məhsullarının keyfiyyətli olmasını sübut etməyə ehtiyac qalmır. Bu brend xarici bazarlarda tanınır".
Fəxriyyə Xələfova vergi forumunun əhəmiyyəti barədə danışarkən bildirib ki, bu cür tədbirlərin keçirilməsi çox faydalıdır: "Sahibkarlarla birgə müxtəlif forumlarda iştirak edirik. Belə tədbirlərdən həm maariflənirik, həm də bizdə daha çox inam və motivasiya yaranır. Müxtəlif istiqamətlərdə fəaliyyət göstərən sahibkarların işləri ilbəil genişlənir, böyük dəyişikliklər müşahidə olunur. Bunu görmək çox sevindiricidir".
Şirkət rəhbəri uğurların həm də məsuliyyət yaratdığını qeyd edib: "Təbii ki, biz istehsalçılardan da çox şey asılıdır. Keyfiyyətli mallar istehsal etməliyik və digər brendlərlə rəqabər apara bilməliyik. Bu məsələ forumda da səsləndi. Mən də kolleksiyalarımı artırmağa çalışıram. Satış statistikaları məni qane edir".
F.Xələfova sahibkarların maariflənməsinin vacibliyini vurğulayıb: "Forumda vergi qanunvericiliyində edilmiş dəyişikliklərin qısa zamanda qüvvəyə minməsinin sahibkarlar üçün yaratdığı müəyyən çətinliklər barədə fikirlər səsləndi. Mən bununla razıyam. Biz öncə yeniliklər barədə məlumatlanmalıyıq. Bu maariflənmədə medianın rolu çox böyükdür".