15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nuran Kərimov: "Vergilər Nazirliyi ciddi məsələlərin həlli ilə məşğuldur"

Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") prezidenti Nuran Kərimov "Şəffaflıq. Vergilər. İnkişaf" mövzusunda keçirilmiş forumdakı çıxışında bir il əvvəl eyni mövzuya həsr olunmuş tədbirdə irəli sürdüyü təklifləri və iş adamlarının gözləntilərini xatırladıb.

Bildirilib ki, "kölgə iqtisadiyyatı" nın ölkə iqtisadiyyatındakı payının minimuma endirilməsi, əməkhaqqından fiskal yükün azaldılması, maliyyə institutlarının tələblərinə əməletmənin gücləndirilməsi, sahibkarlıq subyektlərinin müstəqil auditə cəlb olunması, maliyyə hesabatlarının ictimai mənbələrdə dərc edilməsi, idxal-ixrac əməliyyatlarının təkmilləşdirilməsi, nağdsız hesablaşmaların təşviqi və vergi ödəyicilərinin satışlarının nağdsız qaydada həyata keçirilən hissəsinin vergiyə cəlb olunmasında güzəştlərin verilməsi, sahibkarlıq subyektlərinə bərabər və ədalətli yanaşmanın təmin edilməsi, fiziki şəxslər üçün fərdi və ümumi bəyannamə sisteminin tətbiqi ilə bağlı irimiqyaslı işlər görülüb: "Son bir il ərzində olan dəyişikliklərə baxdıqda, Amerika Ticarət Palatası olaraq bu məsələlərin bir çoxunun həll olunduğunu bəyan edir və alqışlayırıq. "AmCham"la hökumət arasında uğurlu dialoqun bir nümunəsini də nəzərinizə çatdırmaq istəyirəm: 2016-cı il aprelin 12-də cənab Prezidentlə görüş zamanı bir təklif irəli sürmüşdük. Bu, sosial sığorta haqları ilə vergilərin toplanmasının vahid bir orqana tapşırılması ilə bağlı idi. Çox məmnunuq ki, artıq bu dəyişiklik gerçəkləşib.

Vergi ödəyicilərinə müəyyən müddət verilməli və şans yaradılmalıdır ki,
könüllü olaraq bu dəyişikliklərə riayət etsinlər

Yeri gəlmişkən, bildirmək istəyirəm ki, Amerika Ticarət Palatasının hər il hazırladığı toplunun son redaksiyası 2018-ci ildə tamamlanıb. Burada həm gömrüklə, həm də iqtisadiyyatın inkişafı üçün vergilərin toplanması ilə bağlı tövsiyələrimiz yer alıb. Palata üzvlərinin bəzi tövsiyələrini sizinlə paylaşmaq istəyirəm. Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin hazırlanması və qəbul olunması arasında vergi ödəyicilərinə müəyyən müddət verilməli və şans yaradılmalıdır ki, könüllü olaraq bu dəyişikliklərə riayət etsinlər".

N.Kərimov qeyd edib ki, Vergilər Nazirliyi çox böyük və prioritet məsələlərin həlli ilə məşğuldur və bu istiqamətdə ciddi nəticələr gözlənilir: "Uçot haqqında çox danışıldı. Biz gəlirlərin və xərclərin uçotunun düzgün aparılması kimi vacib məsələyə daim dəstək olmuşuq. Azərbaycanda fərqli sahələrlə bağlı faydalı uçot sahələri var və bunları yenidən nəzərdən keçirmək lazımdır. Bu sahədə bürokratik əngəllər də mövcuddur. Xüsusilə kağız üzərində hazırlanmış çoxlu formalar var ki, böyük müəssisələr tərəfindən bu cür formaların aparılması qeyri-realdır. Bunların sayı azaldılmalı, prosedurlar yüngülləşdirilməlidir. Kağız formalar əvəzinə elektron formalar hazırlanmalıdır.

Mühasibat uçotu haqqında qanun ötən il dəyişdirilib. Artıq Azərbaycanda sadəcə mühasibat uçotunun standartları yox, maliyyə hesabatlarının beynəlxalq standartları mövcuddur. Kiçik və orta sahibkarlıq subyektləri üçün mühasibat uçotu maliyyə hesabatlarının beynəlxalq standartlarına, ictimai sektor üçünsə mühasibat uçotu standartlarına əsasən aparılmalıdır. Mühasibat uçotu olmadan vergi uçotu haqqında danışmaq yersizdir. Çox şadam ki, ictimai sektor və maliyyə institutlarına bu sahədə nəzarət Vergilər Nazirliyinə tapşırılıb. Bizim də gözləntimiz odur ki, nazirlik qeyd olunan sahə üzrə maarifləndirici fəaliyyətini genişləndirsin, iş adamları daha çox beynəlxalq mühasibat standartlarını tətbiq etsinlər".

Dünya təcrübəsinə əsaslanaraq xüsusi vergi güzəştlərinin, amnistiyanın da effektli olduğu qeyd edilib: "Amnistiya düzgün aparıldıqda, yanaşma hədəfi müəyyən edildikdə vergi amnistiyasının ümumi işə köməyi, töhfəsi daha böyük ola bilər. Qonşu ölkələrin, məsələn, Rusiyanın təcrübəsinə baxsaq görərik ki, son 3 ildə bu proses aktiv surətdə gedir. Kapitala amnistiya verilib. Bu, çox həssas məsələdir. Müvafiq orqanlar bu təkliflə yaxından maraqlana bilərlər".

N.Kərimov çıxışının sonunda qeyd edib ki, iş adamlarının gözləntisi vergi qanunvericiliyində dəyişikliklərin proqnozlaşdırıla bilməsidir.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?