Sadələşdirilmiş vergi ödəyicilərinin fəaliyyət sahələri
Vergi Məcəlləsinin 218.4-cü maddəsində sadələşdirilmiş vergi ödəyicisi olan şəxslərin dairəsi dəqiq müəyyənləşib. İqtisadçı ekspert Anar Bayramov həmin şəxslərin fəaliyyət sahələrini belə qruplaşdırıb:
- Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər.
Əlavə dəyəri vergisi (ƏDV) üçün nəzərdə tutulan tələblərə cavab vermədiyindən könüllü qeydiyyat üçün ƏDV-yə müraciət etməyən daşınma xidməti ilə məşğul olan hüuqi və fiziki şəxslər yalnız sadələşdirilmiş vergi ödəyicisi olmalıdır. Bu qrupa Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” alaraq sadələşdirilmiş vergi ödəyənlər aiddir.
- İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər.
Bu kateqoriyaya “TOPAZ” mərc oyununu həyata keçirən şəxslər aid edilir. Qeyd edək ki, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının satıcısı tərəfindən isə operatorun ona verdiyi komisyon haqdan 2 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.
- Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər.
Bu maddəyə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin alğı-satqısı, bağışlanması zamanı notariuslar tərəfindən sadələşdirilmiş vergi tutulanlarşəxslər aiddir. 1 yanvar 2020-ci il tarixdən bu maddə yalnız fiziki şəxslərə şamil olunduğundan hüquqi şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin alğı-satqısı, bağışlanması zamanı sadələşdirilmiş vergini hesablanmasına ehtiyac olmayıb.
- Fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər.
Bu maddədə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almaq hüququna malik olan vergi ödəyiciləri nəzərdə tutulur. Burada bir məqama xüsusi diqqət yetirmək lazmdır ki, bu qəbzi işçisi olmayanlar əldə edə bilər. Misal üçün, dərziliklə məşğul olan şəxs “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” ala bilər. Amma ən azı bir nəfər işçisi oduğu halda həmin şəxs bu hüququ itirmiş olur.
- Mülkiyyətindəki torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər.
Bu müddəa notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması ilə bağlıdır. Sadəcə,öncəki müddəa mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunmasını nəzərdə tutduğu halda, bu maddə torpaq sahələrinin təqdim edilməsinə aid edilir.