12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: "Həyata keçirilən vergi siyasətinin başlıca hədəfi könüllü əməletməyə nail olmaqdır"

Fevralın 18-də Bakıda Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda forum keçirilib. Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də sahibkarlar və iş adamları iştirak ediblər.

Vergilər naziri Mikayıl Cabbarov forumda çıxış edib:

- Hörmətli forum iştirakçıları, əziz qonaqlar, hörmətli nazirlər, hörmətli millət vəkilləri, Vergilər Nazirliyi ilə sıx əməkdaşlıq edən dövlət qurumlarıın və beynəlxalq təşkilatların nümayəndələri, sahibkarlar, ekspertlər və media təmsilçiləri!

Sizi bugünkü tədbirdə salamlamaqdan böyük məmnunluq hissi duyuram və "xoş gəlmisiniz" - deyirəm. Bir il öncə bu zalda sizinlə görüşmüşdük. O zaman da keçirilən konfransın adı məhz belə idi: Vergilər, Şəffaflıq və İnkişaf. O adı dəyişməmişik. Çünki 2018-ci ildə apardığımız işlərdə şəffaflığa nail olunmasına, verdiyimiz sözün əməllərimizlə bir olmasına çalışmışıq və fəaliyyət prinsiplərimizi indi də dəyişməz saxlayırıq. 2018-ci ildə açıq bəyan etdiyimiz fəaliyyət prioritetlərimiz üzrə irəliləmişik. Bu gün dövlət-biznes münasibətlərində, daha doğrusu, onun vergitutma ilə bağlı seqmentində yeni bir mərhələnin başlandığını söyləyə bilərik. Yeni yanaşmaları ifadə edən çağırışları biznes cəmiyyəti ilə kifayət qədər aydın və açıq şəkildə müzakirə edə bilmişik.

Bildiyiniz kimi, vergi qanunvericiliyində çox ciddi dəyişikliklər edilib. Bu dəyişikliklər ətrafında çox böyük və geniş ictimai müzakirələr aparılıb. Hətta, deyərdim, vergi qanunvericiliyi indiyə qədər heç vaxt belə geniş auditoriyada şərh, təfsir və müzakirə olunmamışdı. Əslində, ictimai müzakirələrin və dinləmələrin verdiyi töhfələr çox önəmlidir. Biz ictimai əməkdaşlığı 2019-cu ildə də davam etdirəcək və cəmiyyətin bütün maraqlı tərəfləri ilə dialoqun aparılmasına açıq olacağıq. Deyə bilərik ki, biz hələ yolun əvvəlindəyik.

2019-cu ildə qarşıda duran hədəflərin müəyyənləşdirilməsinə keçməzdən öncə istərdim ki, ötən il vergi xidmətinin fəaliyyəti, vergi siyasəti və inzibatçılığı sahəsində aparılmış işlərlə bağlı bəzi məqamlar üzərində ayrıca dayanım.

Vergi islahatlarının iqtisadi islahatlarla bağlılığı

2018-ci il ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisələrlə zəngin olub. Azərbaycan Respublikasında prezident seçkiləri keçirilib və cənab Prezident İlham Əliyev bu seçkilərdə qalib gəlib. Həmin dövrdə cənab Prezident yenidən qurulmuş hökumət qarşısında islahatların dərinləşdirilməsi ilə bağlı çox ciddi tapşırıqlar müəyyən etdi. Faktiki olaraq, 2018-ci il dövlət idarəetməsində, sosial-iqtisadi sferada yeni islahatlar dalğası üçün böyük hazırlıq dövrü oldu. Ölkəmiz 2019-cu ilə yeni, sosial-iqtisadi inkişafın təmin edilməsi sahəsində daha iddialı hədəflərlə daxil oldu. Bu hədəflərin mühüm bir hissəsi ölkənin fiskal orqanları, o cümlədən vergi sistemi ilə bağlıdır.

Yola saldığımız 2018-ci il vergi sistemində köklü dəyişikliklər ili hesab oluna bilər. Bu, təsadüfi deyildir. Vergi sisteminin iqtisadi tənzimləmədə rolu əhəmiyyətli şəkildə artmışdır. Vergilər artıq sadəcə bir fiskal siyasət aləti deyildir, iqtisadiyyatın inkişafını, biznesin idarə edilməsi şərtlərini müəyyən edən əsas iqtisadi idarəetmə vasitələrindən biridir.

Təsadüfi deyildir ki, ölkə Prezidenti vergi sistemində şəffaflığın təmin edilməsini prioritet vəzifə olaraq müəyyən edib. Çünki biznes mühitinin əlverişliliyi vergi sisteminin fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu baxımdan, vergi sistemində başlanılan yeni islahatlar, vergi ödəyiciləri ilə aydın və şəffaf münasibətlərin qurulması istiqamətində sərgilənən yeni yanaşmalar işgüzar mühitdə böyük gözləntilər yaradıb. Bu gözləntiləri biz ötən il ərzində sahibkarlarla, onların ictimai birlikləri, assosiasiyalar və ekspert cəmiyyəti ilə keçirdiyimiz çoxsaylı görüşlərdə aşkar hiss etdik. Beləliklə, əvvəlcə bir sual üzərində dayanmaq istərdim: Biz nə vəd etmişdik və onu necə yerinə yetiririk?

Şəffaf münasibətlər sisteminin qurulması

Vergi siyasətinin və vergi inzibatçılığının tətbiqi zamanı vergi ödəyiciləri ilə dövlət arasında yeni mədəniyyətin sürətlə formalaşdırılması, şəffaf münasibətlər sisteminin qurulması 2018-ci ildə vergi orqanlarının qarşısında duran əsas vəzifələrdən biri idi. Lakin təbii ki, bu transformasiya dərhal baş verə bilməzdi, bunun üçün zaman tələb olunurdu və bu baxımdan, 2018-ci il vergi sahəsində dövlət-biznes münasibətlərində keçid dövrü kimi qəbul edildi.

Ötən müddət ərzində vergi xidmətinin yeni çağırışları vergi orqanı tərəfindən nümayiş etdirilən iş prinsiplərində və davranışlarda öz əksini tapıb. Əlbəttə, nə vəd verilməsindən asılı olmayaraq, onu əməldə göstərə bilməsəniz, əhəmiyyəti qalmaz. Qısaca desək, hərəkətlərimiz və davranışlarımız sözlərimizi və vədlərimizi tamamlamalıdır.

Vergi sistemində başlanılan yeni islahatlar, vergi ödəyiciləri ilə
aydın və şəffaf münasibətlərin qurulması istiqamətində sərgilənən yeni yanaşmalar
işgüzar mühitdə böyük gözləntilər yaradıb

Bu baxımdan, 2018-ci il vergi orqanlarının fəaliyyətində ciddi dəyişikliklərlə müşayiət olunub. Vergi orqanlarının strukturu yenidən qurulub, kadr heyətində əsaslı dəyişikliklər aparılıb. Vergi orqanlarında əvvəllər mövcud olmuş bəzi neqativ təcrübələr aradan qaldırılıb. Vergi ödəyicilərinin rastlaşdıqları problemlərin operativ həlli üçün apelyasiya sistemi yenidən qurulub.

Bizneslə münasibətlərdə üfüqi əməkdaşlıq mühitinin yaradılmasına çalışmışıq. Əsas yanaşma bundan ibarətdir ki, vergi orqanları sahibkarlarla münasibətlərini yeni, təmiz səhifədən başlamalıdırlar. Biz münasibətlərin aydın və şəffaf qurulmasının tərəfdarıyıq. Əminəm ki, sahibkarlar da belə düşünürlər. Bütövlükdə işgüzar cəmiyyət, biznes dairələri yeni münasibətlərə müsbət yanaşır ki, bu mənada ilk hədəfimizə çatdığımızı söyləmək olar.

Hamı üçün bərabər şərtlərin təmin edilməsi

Vergi islahatlarında müəyyən olunmuş ikinci istiqamət vergi inzibatçılığında ədaləti və rəqabəti təmin edəcək yanaşmadır. Vergi inzibatçılığının konseptual əsasını təşkil edən bu prinsiplər hamı üçün bərabər şərtlər, vicdanlı və intizamlı ödəyicilərin hüquqlarının qorunması, maksimal rəqəmsallıq, minimal müdaxilədir.

Biz tez-tez intizamlı ödəyicilərin haqsız rəqabət üstünlüklərinin qarşısının alınması ilə bağlı çağırışlarını eşidirik. Bunu sahibkarlarla keçirdiyimiz çoxsaylı görüşlərdə eşidirik, mikrosəviyyədə apardığımız bazar təhlillərində müəyyən edirik. Uzun müddət iqtisadiyyatın ayrı-ayrı sektorlarında mövcud olmuş "kölgə iqtisadiyyatı" qanuni əsaslarda işləyən sahibkarların əl-qolunu bağlamışdı. Elə bir vəziyyətlə üz-üzəydik ki, praktiki olaraq intizamla işləmək istəyən şirkətlər bazar paylarını itirməyə məhkum idilər. Bu, biznesin kütləvi şəkildə qeyri-leqal fəaliyyətə sövq edilməsinə gətirmişdi. Əslində, hər şeyin kökü məhz burada idi. "Kölgə iqtisadiyyatı", uçot sisteminin iflic olması nəticə etibarilə vergi potensialının gizlədilməsinə, bazarın qeyri-sabitliyinə, neqativ hallar üçün münbit şəraitə imkan yaradırdı. Bu problemin həllində ciddi irəliləyiş əldə edilsə də, biz bu istiqamətdə öz səylərimizi davam etdirməliyik. Bu səbəbdən, 2018-ci ildə "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması vergi xidmətinin başlıca istiqaməti oldu. Uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verildi, geniş maarifləndirmə işi aparıldı. Bəzi sektorlarda, xüsusilə aksizli malların istehsalı və satışı, tibbi xidmətlər sektoru, şəbəkə ticarəti kimi sahələrdə nəzarət tədbirlərini artırmalı olduq.

Müxtəlif vergi sxemlərindən istifadə etməklə, xüsusən biznesin bölünməsi, birgünlük şirkətlərin yaradılması praktikalarını geniş tətbiq edən bazar iştirakçıları ilə qarşılaşdıq. Bütün bunları analiz edərək bu sxemlərin qarşısını almaq üçün qanunvericilik və inzibatçılıq çərçivəsində gərəkli addımlar atıldı.

Uçot sisteminin bərpa edilməsi ilə bağlı tələblərimiz, əlbəttə, müəyyən müqavimətlə, bəzi hallarda narazılıqlarla qarşılandı. Kimsə bunu kampaniya xarakterli saydı, kimsə gözləməyə üstünlük verdi. Lakin düşünürəm ki, tələblərimiz nəticə etibarilə qəbul edildi. Çünki hər kəs başa düşür ki, gec ya tez, qanunlar çərçivəsində işləməkdən faydalı bir yol yoxdur. Bulanıq suda balıq tutmaq zamanı bitmişdir. Əminəm ki, hər kəsə aydındır – biznes münasibətlərinin şəffaflaşdırılması məsələsində geriyə yol yoxdur. Dövlətin və ya leqal biznesin hesabına qanunsuz gəlir əldə etmək istəyənlər bunun cəzasız qalmayacağını bilirlər. Şəffaflıq və strukturlaşdırılmış informasiyanın dolğunluğu iqtisadiyyatı ağardır, onu daha rəqabətqabiliyyətli edir. Vergi ödəyicisi qanuni güzəştlərdən istifadə etməklə üstünlük əldə etməlidir. Buna görə də yeni yanaşmamızın mühüm prinsipi vergi öhdəliklərini icra edən intizamlı ödəyicinin fərqləndirilməsi və vergidən yayınanlara fərqli münasibətin sərgilənməsi oldu. Bu, ilk növbədə haqsız rəqabətin qarşısını almağa, vergidən yayınma ilə müqayisədə qanunlar çərçivəsində fəaliyyət göstərməyin daha faydalı, daha gəlirli olmasını təmin etməyə yönəlib.

Dövlətin və ya leqal biznesin hesabına qanunsuz gəlir əldə etmək istəyənlər
bunun cəzasız qalmayacağını bilirlər

Sahibkarlığın inkişafına dəstək verilməsi

2018-ci ildə vergi sistemində aparılmış islahatların mühüm bir istiqaməti vergi qanunvericiliyinin liberallaşdırılması və əsaslı şəkildə yenidən işlənilməsi ilə bağlıdır. Vergilər Nazirliyinin qarşısında bu istiqamətdə iki mümkün ssenari vardı: birincisi, vergi yükünün artırılması yolu ilə gedərək daxilolmaların artımına çalışmaq, ikincisi isə vergi yükünü azaltmaqla "kölgə"yə çəkilmiş bütün biznes strukturlarını və vergi ödəyicilərini geniş və bərabərhüquqlu vergitutmaya cəlb etmək. Azərbaycan hökuməti vergi sistemində geniş spektrli islahatlara başlayarkən vergi yükünün artımı deyil, əksinə, azaldılması istiqamətini seçdi və bu, həm sosial ədalət, həm də iqtisadi nəzəriyyə prizmasından daha məqbul idi.

2018-ci ildə Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından ciddi və böyük dəyişikliklər edildi. Daha liberal, praktiki, ünvanlı, sahibkarlığa, xüsusilə kiçik və orta biznesə dəstək verən qanunvericilik formalaşdırmağa çalışıldı. Xüsusilə önəmlidir ki, bu dəfə vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin layihəsi maliyyə institutları, audit şirkətləri, sahibkarların ictimai birlikləri, biznes nümayəndələri ilə sıx və konstruktiv dialoq əsasında hazırlandı.

2019-cu il üzrə istiqamətlər:

"Kölgə iqtisadiyyatı" ilə mübarizə

Hörmətli qonaqlar, 2019-cu il üzrə vergi xidmətinin əsas prioritetləri dəyişməz qalır. Bu, ilk növbədə, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması istiqamətində addımlardır. Diqqətinizə bəzi rəqəmləri çatdırmaq istərdim. Bu sizdə yayınmaların miqyası barədə kiçik təsəvvür yarada bilər. Vergi orqanlarının ötən il ərzində iri topdansatış müəssisələri üzrə apardığı vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyələrin gizlədildiyi aşkarlanıb. Bu, on milyonlarla manat həcmində vergilərin və sosial ödəmələrin büdcədən yayındırılması deməkdir. Təsəvvür edin ki, bu rəqəmlər yalnız vergi orqanlarının nəzarət tədbirlərinə cəlb olunmuş bəzi sektorlardakı vergi ödəyiciləri üzrədir.

Əlbəttə, bizim vəzifəmiz, funksiyamız bütün dövriyyələrin aşkar olunaraq vergitutmaya cəlb edilməsidir. Buna görə də 2018-ci ildə vergi xidməti bir sıra iqtisadi fəaliyyət sahələrində fiskalizasiya tədbirlərini və yeni nəzarət mexanizmlərini təmin etdi və bunun ilkin nəticələri də artıq vardır.
Əgər biz diqqət yetirsək, şəffaflaşmanın ilkin əlamətlərini görə bilərik. Bu, bəyan edilən dövriyyələrin, daxili istehsalın və ticarətin artan göstəriciləridir; bu, daxilolmalarda qeydə alınan artımlardır, o cümlədən əmək müqaviləsinə cəlb edilmiş muzdlu işçilərin saylarıdır. Əgər biz bazarda əsas alıcı və satıcılar arasında sənədləşmə işini tam şəkildə yoluna qoya biləcəyiksə, iqtisadiyyatın "ağarması" kumilyativ xarakter daşıyacaq.

Məqsədimiz vergi ödəyicisinə öz fəaliyyətində cəmlənməyə və vergi öhdəliklərini
yerinə yetirməkdə daha məsuliyyətli olmağa kömək etməkdir

Bildiyiniz kimi, 2019-cu ildən malların, işlərin, xidmətlərin dövriyyəsinin sənədləşdirilməsi ilə bağlı qanunvericiliyin tələbləri artırılıb. 2018-ci ildə istehsal və ticarət şəbəkəsinin, topdansatışla məşğul olan şirkətlərin nümayəndələri ilə görüşlər keçirdik və sənədləşmə ilə bağlı tələblərimizi onların diqqətinə çatdırdıq. Əlbəttə, ilkin dövrdə müəyyən çətinliklər, çoxlu suallar meydana çıxır və bu, tamamilə normaldır. Biz bütün sualları aydınlaşdırmağa, bütün çətinlikləri aradan qaldırmağa hazırıq. Bunu xüsusilə vurğulamaq istəyirəm ki, qarşıda duran məqsədlərə nail olunmasının əsas yolunu vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin artırılmasında görürük.

Sahibkarların böyük əksəriyyəti ədalətli, rəqabətli bir mühitdə çalışmaq niyyətindədir. Lakin biznesin müəyyən tərəddüdlərini hiss və müşahidə etmək mümkündür. Məhz bu səbəbdən, vergi qanunvericiliyinə edilmiş son dəyişikliklərdə aparılan islahatlara etimadı artırmaq üçün uzunmüddətli güzəştlər sistemi ilə möhkəmləndirdik. Xüsusilə əmək münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişi sisteminin leqallaşdırılması məqsədilə verilmiş güzəştləri qeyd etmək istərdim. Bu, kifayət qədər böyük güzəştlərdir və hesab edirik ki, neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektorda əmək bazarının leqallaşması üçün əsaslı zəmin yaradılıb. Bizim təhlillərimiz və müşahidələrimiz onu göstərir ki, qeyri-neft sektorunun özəl bölməsində rəsmi əmək münasibətlərinin miqyası qeyri-rəsmi əmək münasibətləri ilə müqayisədə dəfələrlə kiçikdir. Qeyri-rəsmi əmək bazarının fəaliyyətindən ən çox zərər görən sıravi vətəndaşdır. Onlar faktiki olaraq sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalırlar.

Rəqəmsal inzibatçılıq və vergi xidmətləri

Hesab edirəm ki, biznesin özünü tənzimləməsi də baş verməlidir. İndiyədək müəyyən sahələrdə aqressiv vergidənyayınma sxemlərindən geniş istifadə edilib ki, bu, yolverilməzdir. Artıq aydındır ki, Vergilər Nazirliyinin müasir rəqəmsal imkanları həmin sxemləri aşkara çıxararaq ləğv etməyə hazırdır. Bu gün vergi inzibatçılığının aktiv rəqəmsallaşdırılması prosesi davam edir. Vergi ödəyiciləri ilə münasibətlərdə birbaşa təmasın azaldılması məqsədilə ünsiyyətin rəqəmsallaşdırılması, vergi inzibatçılığında süni intellekt, bulud texnologiyaları, kibertəhlükəsizlik, böyük verilənlər bazasının təhlili və digər elementlərə keçid sürətləndirilib. Bu gün biz vergi ödəyiciləri barədə tutumlu məlumatlara malikik və günbəgün bu məlumatların həcmi və keyfiyyəti artır. Rəqəmsallaşma vergi inzibatçılığının effektivliyini artırır. Bu bizə yeni vergiləri tətbiq etmədən və ya onları artırmadan böyük sayda vergi ödəyicilərindən vergi toplamağa imkan verir. İnnovativ texnologiyalar insan, biznes və dövlət arasında mövcud olan ənənəvi əlaqə üsullarını dağıdaraq, yeni biznes modelləri yaradır.

Vergi orqanları çağırışlardan geri qalmamaq üçün öz rəqəmsal platformalarını yaratmağa məcburdur. Bu platformalar ətrafında vergi ödəyiciləri üçün iqtisadi mühit yaradılır. Vergi administrasiyasının rəqəmsal iqtisadiyyatın trendlərinə adaptasiyası vergi yığımlarını artırmağa və yaxşılaşdırmağa yardım edir.

Vergi intizamının təmin edilməsi üçün direktiv və məcburi metodlar adekvat deyil. Məqsədimiz vergi ödəyicisinə öz fəaliyyətində cəmlənməyə və vergi öhdəliklərini yerinə yetirməkdə daha məsuliyyətli olmağa kömək etməkdir. Vergi administrasiyası sahibkaryönümlü yanaşma nümayiş etdirməyə hazırdır. Bu, kompleks fəaliyyətdir, vergi ödəyiciləri üçün komfortlu bir mühitin yaradılmasıdır. Bu siyasətin hədəfində hər şeydən öncə vergi ödəyicisi və vətəndaş məmnunluğu durur. Sahibkar vergi orqanı ilə təmas perspektivindən qorxmamalıdır.

Elektron xidmətlər sistemini inkişaf etdirəcəyik. Xüsusilə biznesin qeydiyyatı, vergi öhdəliklərinin yerinə yetirilməsi üçün prosedurların, hesabatlılığın, o cümlədən vergi hesabatlarının sadələşdirilməsi aparılacaqdır.

Vergilər Nazirliyinin infrastrukturu modernləşdiriləcək. Ötən il rastlaşdığımız bəzi texniki çətinliklərin yenidən yaranmaması üçün müvafiq informasiya texnologiyası strukturu inkişaf etdiriləcək.

İnkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi əsas götürülərək, Azərbaycanda
Vergi Ombudsmanı İnstitutunun yaradılmasına qərar verilib

Vergi ödəyicilərinin hüquqlarının müdafiəsi

Vergi ödəyiciləri ilə üfüqi əməkdaşlıq platforması genişləndiriləcəkdir. Vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin daha etibarlı müdafiə edilməsi, vergi apelyasiya sisteminin təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq. Bir neçə gün əvvəl elan etmişik, mən bu gün bu kürsüdən bir daha bildirmək istəyirəm ki, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi əsas götürülərək, Azərbaycanda Vergi Ombudsmanı İnstitutunun yaradılmasına qərar verilib.

Hər şeydən əvvəl, vergi ödəyiciləri yeni bir apelyasiya mexanizmi əldə edəcəkdir. Apelyasiya kommunikasiyalarının çoxluğu sahibkarın müraciətlərinə və şikayətlərinə ədalətli baxılması imkanlarını artırır. Bizim məqsədimiz budur ki, vergi ödəyicilərinin baxılmamış, ədalətli araşdırmaya cəlb edilməmiş hər hansı müraciəti qalmasın. Ombudsman bu işdə onlara yardım edəcək, hüquqi müdafiəsini təmin edəcək, müraciətlərə ədalətli baxılması üçün sahibkarın mövqeyindən çıxış edəcəkdir. Bu, həm də vergi əməkdaşlarının qəbul etdikləri qərarlara görə məsuliyyət daşımasına gətirəcəkdir. Hesab edirik ki, vergi məsələləri üzrə ombudsmanın fəaliyyətə başlaması istər vergi ödəyicilərinə, istərsə də Azərbaycanın vergi sisteminə fayda verəcəkdir.

2019-cu ildə keyfiyyətli vergi auditi institutunun inkişafına çalışacağıq. Bu gün yoxlamaların sayı azalır, aparılan yoxlamaların risklərin idarə edilməsi sistemi əsasında müəyyən edilməsinə yönəlik yanaşma tətbiq edilir. Diqqətinizə çatdırmaq istərdim ki, 2018-ci ildə aktiv fəaliyyət göstərən hər 1000 ödəyicidən yalnız 4-də səyyar vergi yoxlaması aparılıb. Kiçik sahibkarlıq subyektləri isə, demək olar ki, yoxlamaya məruz qalmır.

Vergi auditi keyfiyyətcə yeni texnologiyalara söykənəcəkdir. Vergi ödəyicilərinin fəaliyyətinin risk modulları üzərindən təhlil olunması, vergidən yayınma hallarının müasir texnologiyalara əsaslanaraq aşkar edilməsi, vergi nəzarəti metodlarının təhlil olunmuş məlumatlar əsasında seçilməsi, vergi potensialının daha dəqiq qiymətləndirilməsi, risklərin müasir İKT vasitələrindən istifadə edilməklə idarə olunması həyata keçiriləcək. Vergi əməkdaşlarının, xüsusilə audit sahəsində çalışanların bilik və bacarıqlarının artırılması, fəaliyyətinin qiymətləndirilməsi üçün yeni mexanizm tətbiq olunacaq.

İctimai əməkdaşlıq

Hörmətli forum iştirakçıları!

Ötən il ərzində sahibkarlarla, onların ictimai birlikləri, assosiasiyalar və ekspert cəmiyyəti ilə keçirdiyimiz çoxsaylı görüşlər praktiki və faydalı olub. Fürsətdən istifadə edərək onlara öz təşəkkürümü bildirmək istərdim. Xüsusilə bizə qanunvericiliyin təkmilləşdirilməsi prosesində köməyi dəymiş böyük dördlüyə daxil olan şirkətlərə, vergi maarifləndirməsində əhəmiyyətli rolu olan iqtisadçı ekspetlərə, millət vəkillərinə və şübhəsiz ki, media nümayəndələrinə minnətdarlığımı bildirirəm.

2018-ci il bizim üçün ictimai əməkdaşlıq nöqteyi-nəzərindən çox əhəmiyyətli olmuşdur. Biz cəmiyyətin ayrı-ayrı sosial qruplarından vergi sistemini irəliyə apara biləcək bir çox rasional təkliflər aldıq. Tənqidlər və açıq müzakirələrdən keçərək bir çox belə təklifəri qəbul etdik. Bəzən razılaşmadıq, bəzən qarşı mövqeləri qəbul etdik. Hesab edirəm ki, ictimai müzakirələr, xüsusilə sahibkarları birləşdirən assosiasiya və təşkilatlarla müzakirələrimizin verdiyi faydaları bundan sonra da görəcəyik.

Bu gün həyata keçirilən vergi siyasətinin başlıca hədəfi könüllü əməletməyə nail olmaqdır. Bu, sadəcə sözlərdən və vədlərdən ibarət deyildir. Bunun aydın bir yolu vardır: dövlət-biznes münasibətlərində şəffaflıq, vergi ödəyiciləri üçün münbit biznes mühiti və effektiv çalışan vergi xidmətləri sistemi.

Sonda bir daha Vergilər Nazirliyinin yanaşmasına qayıtmaq istərdim. Güclü sahibkar – yaxşı biznes, yaxşı biznes – yüksək gəlirlər, yüksək gəlirlər isə vergi daxilolmaları deməkdir. Vergilər Nazirliyi sahibkarın güclənməsində, gəlirlərinin artmasında, sahibkarın özündən sonra ikinci ən maraqlı tərəfdir.

Ölkəmizin qarşısında həllini tələb edən çox mühüm məsələlər var. Dövlətimizin müstəqilliyinin qorunması, iqtisadi tərəqqisi, təhsilin, səhiyyənin keyfiyyətinin artırılması, vətəndaşların sosial rifahı – bütün bunlar üçün vergilər vaxtında və düzgün ödənilməlidir. Vergilər qüdrətli dövlətin əsasıdır. Bunu unutmayaq və dövlətimizin sabahını birlikdə quraq!

Diqqətinizə görə təşəkkür edirəm!

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?