14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

25 aprel - Sahibkarlar Günüdür

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” deyən Ulu Öndər digər sahələrdə olduğu kimi, sahibkarlığın da formalaşması və inkişafı ilə bağlı taleyüklü qərarlar qəbul edib, dahi şəxsiyyətin rəhbərliyi ilə bu sahəni tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində mühüm işlər görülüb.

Ümummilli Liderin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müdriklik və böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Aparılan islahatlar çərçivəsində Azərbaycan Prezidentinin “ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq son illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə və dövlət dəstəyi mexanizmlərinin yaradılması və genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi və digər tədbirlər nəticəsində bu gün sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib.

Prezident İlham Əliyev sahibkarlarla keçirdiyi görüşlərində sahibkarlığın inkişafının ölkə üçün prioritet məsələlərdən biri olduğunu vurğulayır. Ölkə başçısı bəyan edir ki, sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda, dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir.

Bütün bunların reallaşmasında İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun təsis edilməsinin ciddi rolu olduğunu qeyd etmək yerinə düşər. Mütəxəssislər əmindirlər ki, fondun yaradılması həm də sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilməsində mühüm əhəmiyyət daşıyır. Bundan başqa, İpoteka və Kredit Zəmanəti Fondu ölkə bankları tərəfindən kreditləşdirilən böyük məbləğdə ipoteka kreditlərini yenidən maliyyələşdirir, fond kreditlərlə bağlı zəmanət dəstəyi göstərir.

Son illərdə sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahəsində mühüm addımlar atılıb. Ölkə başçısı Azərbaycan sahibkarlarına xarici ölkələrə ixrac missiyalarını genişləndirmək sahəsində də ciddi dəstək verib. Artıq Belarus, Çin, Ukrayna, Latviya, Polşa və Birləşmiş Ərəb Əmirliklərində (Dubay) Azərbaycan Ticarət evləri fəaliyyət göstərir. Keçən il Rusiyanın Yekaterinburq şəhərində “Azərbaycan Şərab Evi” açılıb. Bununla yanaşı, Moskvada ticarət evi konseptində “Azərbaycan nemətləri” mağazası fəaliyyətə başlayıb. Bu günlərdə isə Moskvanın tanınmış hipermarketlər şəbəkəsində “Azərbaycan nemətləri” guşəsi açılıb.

Ötən illərdə sənaye potensialının inkişafı ilə bağlı əhəmiyyətli addımlar atılıb. Nəticədə, həmin sahədə göstəricilərin yüksək dinamikasına nail olunub. Bu bağlılıqda investisiya təşviqi proqramının həyata keçirilməsi maraq kəsb edir. Etiraf etmək lazımdır ki, bu, kifayət qədər yüksək rəqəm olmaqla, hətta bir sıra ölkələrin dövlət büdcəsindən belə çoxdur. İxracı təşviq etmək məqsədilə xarici ölkələrə ixrac missiyaları təşkil olunur, “Azexport” portalı yaradılıb, bir neçə ölkədə Azərbaycanın ticarət evləri yaradılır, “Made in Azerbaijan” brendi artıq dünyada özünü göstərir və dövlət xətti ilə bu brendin təbliği istiqamətində işlər gedir. Dövlətin həmişə olduğu kimi sahibkarların yanında olacağını bəyan edən ölkə başçısı Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması üçün müvafiq qurumlara sahibkarlara əlavə dəstək verməsini tapşırıb. Prezident sahibkarlara müraciət edərək onları xammaldan səmərəli şəkildə istifadə etməyə, yeni fabriklər, zavodlar qurmağa, hazır məhsulu Azərbaycanda istehsal edərək, idxaldan asılılığı azaltmağa və hazır məhsul ixrac etməyə çağırıb.

Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçib. XIX əsrin sonu, XX əsrin əvvəllərində bu qədim fəaliyyət növü sürətli və böyük inkişaf dövrü yaşayıb. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaradıb. Azərbaycan ən qiymətli sərvətlərdən olan neft ölkəsidir. Hələ XIX əsrdə Azərbaycanda neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarlar (milyonçular) yetişib. Həmin milyonçuların ölkəmizin iqtisadi inkişafında, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyyətli rolu olub. Dövrünün böyük nüfuz sahibləri olan bu insanlar ölkədə binalar, məktəblər, teatrlar, xəstəxanalar tikdirmiş, əhalinin böyük hissəsini işlə təmin ediblər. Bu baxımdan Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Seyid Mirbabayevin, Səlimovun, Mirzəyevin və onlarla başqalarının adları sahibkarlıqla məşğul olanlara əsl nümunə və həyat məktəbi olmalıdır.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?