8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir Yenilənib

Koronavirus (COVİD-19) pandemiyasının təsir etmədiyi bir ölkə belə qalmayıb. Dünya dövlətləri onunla mübarizə aparmaqda çətinlik çəkir. İnkişaf etmiş ölkələrin demək olar hamısı artıq etiraf ediblər ki, pandemiya ilə mübarizə onların milli iqtisadiyyatlarını iflic vəziyyətinə salıb. Ölkələr sərhədlərini bağlayıblar, bir çox iri şirkətlər profillərini dəyişərək zəruri tibbi avadanlıqlar, texnika və ləvazimatlar istehsal edirlər ki, insan ölümlərinin qarşısını ala bilsinlər. Hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar bu məsələ ilə bağlı müxtəlif fikirlərə, baxış bucağına malikdirlər, hərə öz problemlərini ayrılıqda həll edir. 30 illik inkişaf proqnozu verən dünya iqtisadi institutları 1 ay sonra üçün qısamüddətli söz deməyə çətinlik çəkirlər. Maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran nəinki 2008-2009-cu illərin böhranından daha da ağır olacaq, hətta onun mənfi nəticələri 2-ci dünya müharibəsi ilə müqayisə oluna biləcəkdir. Bu şəraitdə hər bir ölkə öz daxili resurslarına arxalanaraq vətəndaşlarını qorumağa çalışır, iqtisadiyyatın postpondemiya dövrü üçün dövlət dəstəyi proqramları ilə çıxış edir.

Ölkə başçısı martın 19-da koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Pandemiyanın mənfi fəsadlarını minimuma endirmək üçün Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb və təsirləri qiymətləndirmək məqsədilə dörd işçi qrup yaradılıb.

Qısa müddət ərzində ölkədə makroiqtisadi sabitliyi qorumaq və məşğulluğu təmin etmək üçün ölkənin sosial-iqtisadi və maliyyə vəziyyəti təhlil edilib, lazımi əlavə tədbirlərin görülməsi, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı ilə bağlı təkliflər hazırlanıb. Artıq bu təklifləri əhatə edən dövlət proqramlarının əsas istiqamətləri açıqlanıb.

Qısa müddət ərzində bu proqramın ortaya qoyulması təqdirəlayiqdir və indiki dövrdə onu həyata keçirilməsi böyük əzm tələb edir. Çünki söhbət milli iqtisadiyyatın illər ərzində inkişaf etmiş və formalaşmış sahələrinin məhv olmaması üçün böyük məbləğdə maliyyə tutumu olan dövlət dəstəyi proqramının gerçəkləşməsindən gedir. Dövlət tərəfindən qərarların vaxtında verilməsi nəticəsində böhran dərinləşməmiş bir çox sahələrin mümkün itkilərinin qarşısının alınması mümkün olacaq. Proqramda pandemiyanın təsir edə biləcəyi bütün sahələr əhatə olunub.

Dəstək proqramlarının həcminə görə ön sıralardayıq...

Dövlət dəstək proqramlarının ümumi həcmi 2,5 milyard manat təşkil edir ki, bu da Azərbaycanın ÜDM-nin 3%-i deməkdir. Pandemiya ilə mübarizədə nə MDB məkanında, nə regionda iqtisadiyyatın həcminə görə bu həcmdə dəstək paketi hələ ki, yoxdur. Regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitin ÜDM-ə nisbətinə görə Azərbaycan liderdir. Məsələn, çoxsaylı insan tələfatına baxmayaraq İtaliya və İspaniyanın pandemiya ilə mübarizəyə ayırdığı maliyyə vəsaiti ÜDM-in 1%-i deyil. MDB məkanı ölkələrinə nəzər salsaq, regionun iqtisadi baxımdan güclü dövləti hesab olunan Rusiyada bu göstərici 0,3%, Türkiyədə 1,5%, Belarusda 0,7%, Ukraynada 0,9%, Gürcüstan və Ermənistanda 2%, Qırğızıstanda 1%, Özbəkistanda 1,5% təşkil edir. Şərqi Avropa ölkələrinin əksəriyyətində bu rəqəm 0,3-0,7% arası dəyişir.

Sıra

Ölkə

Pandemiya ilə

mübarizəyə ayrılan məbləğ

ÜDM-də xüsusi

çəkisi (%)

1

Azərbaycan

2,5 mlrd. Manat

3,1

2

Gürcüstan

1 mlrd. Lari

2,0

3

Ermənistan

300 mln. dollar

2,0

4

Türkiyə

100 mlrd. TL

1,5

5

Özbəkistan

10 trln. Som

1.5

6

İtaliya

25 mlrd. Avro

1,4

7

Qırğızıstan

9,4 mln. dollar

1,0

8

İspaniya

8,9 mlrd. Avro

0,7

9

Belarus

1 mln.dollar

0,7

10

Rusiya

0,3 trilyon rubl

0,3

https://www.imf.org/

Mənbə: Beynəlxalq Valyuta Fondunun rəsmi saytı

Azərbaycanda pandemiyanın kritik olmadığını nəzərə alaraq 2,5 milyard manatlıq yardım paketi beynəlxalq maliyyə qurumları tərəfindən xeyli qənaətbəxş hesab olunur. Hətta BMT-nin baş katibi Antoniu Quterreş COVİD-19 pandemiyası ilə mübarizədə xalqa dövlət dəstəyinin vacibliyinə həsr etdiyi özünün son çıxışında xüsusi vurğulayıb ki, bəzi dövlətlər “simiclik” edərək işsiz qalan vətəndaşlara birdəfəlik pul ödəməsi həyata keçirməkdə tərəddüd edirlər. Təşkilatın “Yoxsulluqla mübarizə” proqramı bununla bağlı təhlillər aparır. İtaliya və İspaniyada işsizlik statistikası pandemiyaya qədər də ürəkaçan deyildi. Görünən budur ki, heç də bütün ölkələrdə dövlət vətəndaşına dəstək proqramlarında səxavətlilik göstərmək istəmir. Necə deyərlər, “hər kəs öz başının çarəsinə baxsın” prinsipi ilə çıxış edirlər. Ekspertlər bunu daha çox postpandemiya dövründə dövlətin maliyyə sıxıntısı çəkəcəyi ilə əlaqələndirirlər.

Postpandemiya proqramları....

Hökumət antiböhran proqramı hazır edərkən, bir neçə məsələni diqqətdə saxlayıb. Birincisi, postpandemiya dövründə milli iqtisadiyyat sağlam və rəqabətqabiliyyətli olmalıdır. İkincisi fəaliyyətini şəffaf şəkildə quran, vergilərini vaxtında ödəyən, əmək müqaviləsi əsasında işçi işə cəlb edən sahibkarlıq subyektləri hər zaman dövlətin dəstəyinə arxalana bilər. Üçüncüsü isə, ölkənin çətin günündə ona dayaq olan, onun çağırışlarına qoşulan, yüksək sosial məsuliyyət hissinə malik, iş yerlərini saxlayan sahibkarlardan ibarət iqtisadiyyatın bərqərar olmasına çalışılacaq.

Dövlət dəstəyi məqsədilə 10 proqram hazırlanıb. Proqramlar 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib. İlk növbədə şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcəklər. Tədbirlər karantin rejiminin tətbiqi, iqtisadi fəallığın məhdudlaşdırılması ilə bağlı qərarların qəbul olunması zamanı hökumətin çağırışlara uyğun olaraq iş yerlərini ixtisar etməyən və işçilərin əmək haqlarını ödəyən sahibkarlara və müəssisələrə şamil ediləcək. Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini “ağardan” sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar.

Dövlət proqramlarının mühüm komponentlərindən biri bank sektoru ilə bağlıdır. Bu sahə ilə bağlı 2 böyük maliyyə yükünə (1,5 milyard manat) malik sabitləşdirici proqram qəbul edilib. Yeri gəlmişkən, bank sektorunun sağlamlaşdırılması və real iqtisadiyyatın maliyyələşdirməsi istiqamətində bütövlükdə ilin əvvəlindən addımlar atılır və bu məsələ ilə bağlı hökumətdə bir neçə müzakirələr aparılıb. Bundan başqa, vaxtı keçmiş kreditlər məsələsində də hökumət humanist mövqeyi ortaya qoyub. Bütün bunlar vətəndaşların rifah halının pisləşməməsi istiqamətində atılan əməli addımlardır. İndi isə pandemiya nəticəsində gəlirlərindən məhrum olmuş müəyyən qrup insanlar var ki, istehlak kreditlərinə meyl edir, əlavə borclanmaya şərait yaradırlar. Bütün bunlar bank sektorunun mövcud şəraitində yolverilməzdir. Əlavə borc yükünün yığılması gələcəkdə yalnız mənfi fəsadlar - ödəniş qabiliyyətsizliyi probleminə yol aça bilər.

Azərbaycan sahibkarı tarixi sınaq qarşısında....

Proqram geniş əhatəlidir və ilk növbədə, koronavirusdan ən çox əziyyət çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri diqqət mərkəzindədir. Bu sahələrdə 300 mindən çox insan çalışır. Dövlət bu çətin gündə onlara dəstək göstərmək üçün əlindən gələni edir. Bildiyimiz kimi, Prezident İlham Əliyev sahibkarlara öz işçilərini ixtisar etməməklə bağlı çağırış edib. Hətta dünyanın bütün inkişaf etmiş ölkələrində iri şirkətlər öz bizneslərini qorumaq, xərcləri minimuma endirməkdən ötrü kütləvi şəkildə işçiləri ixtisar edirlər. Nəhəng miqrant axını dünyanı ağuşuna alıb. Belə bir şəraitdə Azərbaycan sahibkarlarının öz işçilərinə qarşı anlayışlı davranması əsas məsələlərdən biridir. Eyni zamanda sahibkarlar dövlət başçısının digər humanist çağırışına da biganə qalmayaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna da əhəmiyyətli məbləğlərdə ianələr edirlər. Bu günə qədər toplanan 100 milyon manatdan çox vəsaitin böyük hissəsi sahibkarlar tərəfindən verilmiş ianələrdir.

Fakt odur ki, 44 mindən çox sahibkarlıq subyekti, hazırda fəaliyyət göstərmir, yaxud da, məhdud çərçivədə fəaliyyət göstərir. Həm bu sahibkarlıq subyektlərində muzdla işləyən 304 min nəfərə, həm də 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkara dövlət öz dəstəyini göstərəcəkdir. Dövlət başçısının tapşırığına əsasən artıq müəyyən ödəmələrin yaxın günlərdə həyata keçirilməsi nəzərdə tutulur.

Göründüyü kimi, hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli bir iqtisadiyyatın formalaşmasına çalışır. Bu, dövlətin qanunlarına riayət edən, “kölgə”də deyil, “ağ” iqtisadiyyatda fəaliyyət göstərən, vergilərini ödəyən, işçilərinin sosial müdafiəsini təmin edən, işçiləri əmək müqaviləsi ilə işə cəlb edən sahibkarlıq subyektlərindən ibarət bir iqtisadiyyat olmalıdır. Qarşıdakı dövrdə bu proqramlar dövlət qurumları və özəl sektorun nümayəndələri ilə birlikdə bir daha nəzərdən keçiriləcək. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?