29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Koronavirus pandemiyasının iqtisadiyyata, özəl sektora, əhalinin məşğulluğuna təsirlərinin azaldılması üçün zəruri addımlar atılır

2020-ci ilin əvvəlindən dünya çox ciddi bir böhranla üzləşdi. Dünya ölkələrinin gündəmini dəyişən bu böhran ilk baxışdan adi bir virus idi. Sonralar tibb elminin COVİD-19 adlandırdıqları koronavirusun ən mənfi cəhəti onun insan tələfatına səbəb olması oldu. Bütün uğurların əsasında insan amilinin dayandığı kimi, bütün böhranların da ən pis tərəfi onun insan amilinə qarşı yönəlməsidir. Ümumdünya Sağlamlıq Təşkilatının koronavirus pandemiyası adlandırdığı bu dalğa ayrı-ayrı ölkələrdə müxtəlif böhranlar yaratdı: sosial, iqtisadi, siyasi və s.... Bu da öz növbəsində ölkələri təcili tədbirlər görməyə vadar etdi. Bəs ölkəmizdə bu sahədə hansı addımlar atıldı?

Ehtiyat igidin yaraşığıdır...

Azərbaycanda koronavirusun yayılma təhlükəsinə qarşı sözün əsl mənasında ciddi hazırlıqlar başladı. Ölkəmizdə hələ bu virusa yoluxma halları olmayanda artıq tədris müəssisələrinin fəaliyyətinə fasilə verildi, xəstəxanalar hazırlıqlı vəziyyətə gətirildi, koronavirusun müəyyən edilməsi və müalicəsi üçün tibbi təminat məsələləri həll edildi, dezinfeksiya işlərinə start verildi, ölkədə ərzaq ehtiyatları ilə bağlı ciddi addımlar atıldı və s. Bununla yanaşı, dövlət rəsmiləri tərəfindən vəziyyətin nəzarətdə olması ilə bağlı verilən açıqlamalar da öz rolunu oynadı. Məsələn, İqtisadiyyat Nazirliyi tərəfindən əhalini və sahibkarları maraqlandıran məsələlər haqqında operativ verilmiş açıqlamalar bazarda yaranmış süni ajiotajın qarşısını aldı. Bu qabaqlayıcı tədbirlərin görülməsi sayəsində vəziyyəti nəzarətdə saxlamaq mümkün oldu. Lakin tədbirlər bununla bitmir. Azərbaycan hökuməti koronavirus pandemiyasının, həmçinin dünya bazarlarında yaranmış böhran vəziyyətinin milli iqtisadiyyata, özəl sektora, o cümlədən əmək bazarına və əhalinin məşğulluğuna mənfi təsirlərinin azaldılması üçün bütün zəruri addımlar atır. Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə bu məqsədlə 1 milyard manat məbləğində vəsait ayrılıb, habelə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Hazırda ölkədə böhran vəziyyətinin idarə edilməsi üçün iqtisadi tədbirlər proqramının hazırlanmasına başlanıb. Proqram çərçivəsində Koronavirus pandemiyasının milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi, yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanması üçün İşçi Qrupu yaradılıb. İşçi qrup dünya üzrə iqtisadi fəallığın azalmasının iqtisadi fəaliyyət sahələrinə təsirini və bu təsirlərin minimuma endirilməsini operativ şəkildə tədqiq edərək ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsinin müəyyən edildiyini bəyan edib. Bu o deməkdir ki, dövlət bu sahələrdə işləyən sahibkarların böhrandan aldığı zərərin minimuma endirilməsində onlara dəstək verəcək.

Dəstək şəffaf olacaq!

Sahibkarları maraqlandıran məsələ burada dəstəyin göstərilməsi üzrə meyarlar və seçim prinsipidir. Bu meyarlar hələ hazırlanacaq, amma müəyyən prinsiplər əsasında... Bunlar, əslində uzun müddətdən bəri səsləndirilən, daha dəqiq desək, Vergilər Nazirliyinin uzun müddətdir sahibkarlara bütün mümkün yollarla açıqladığı şəffaflıq prinsipidir. Qeyd edək ki, Azərbaycanda şəffaflaşma işləri sahəsində dövlət büdcəsinə daxilolmalar əhəmiyyətli dərəcədə artıb. Təkcə bu ilin 2 ayında büdcəyə nəzərdə tutulduğundan 250 milyon manat artıq vergi və rüsumlar ödənilib. 2019-cu ilin yekunlarına görə, Azərbaycanda strateji valyuta ehtiyatları ÜDM-in 100 faizini ötür, valyuta ehtiyatları isə xarici dövlət borcunu 6 dəfə üstələyir. Bir sözlə, dövlətin iqtisadi imkanları böhranın zərərlərini minimuma endirməyə kifayət edir.

Lakin zərər çəkən fəaliyyət sahələrinin dəqiq müəyyən edilməsi üçün, ilk növbədə, aydın və şəffaf qiymətləndirmə meyarları hazırlanmalıdır. Yəni, böhrandan həqiqətən zərər çəkmiş obyektlərə güzəşt verilməlidir. Bunun üçün sahibkar zərərə məruz qaldığını aydın formada və əsaslandırılmış şəkildə göstərməlidir. Sahibkar həqiqətən zərər çəkdiyi halda ona güzəşt edilməli və bu iri sahibkarlardan tutmuş ən kiçik sahibkarlıq subyektlərinə, fərdi sahibkarlara qədər bütün zərərçəkənləri əhatə etməlidir. Bütün dünya ölkələrinin birlik nümayiş etdirdiyi, insan həyatının xilas edilməsi üçün təşəbbüslərin genişləndiyi, insanların mənəvi və maddi cəhətdən bir–birlərinə dəstək verdikləri bir zamanda sahibkarların şəffaflıq prinsiplərinə könüllü əməl edəcəkləri gözlənilən və ən doğru addımdır. Üstəlik biznes strukturları böhrandan sonra öz fəaliyyətləri üçün yeni gəlir əldə etmək imkanları əldə edə bilərlər. Dünya ölkələrində böhrandan sonra yaranan vəziyyət fərqli imkanlar, yeni bazarların yaranmasını təmin edəcək.

Güc birlikdədir

Koronavirus pandemiyası təkcə biznes üçün deyil bütün cəmiyyət üçün bir qədər də psixoloji sınaq müddətidir. Bu müddətin uğurla bitməsində mənəvi dəyərlərə sadiqlik, məsuliyyətin dərk edilməsi və birlik mühüm rol oynayır. Azərbaycanda xeyirxahlıq nəsillərdən-nəsillərə ötürülən dəyərli mirasdır. Xeyirxah əməlləri ilə adını tarixə yazdırmış böyük şəxsiyyətlərdən Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və digərlərinin təşəbbüsləri bu gün dövlət səviyyəsində, ayrı-ayrı qurumlar, biznes subyektləri və sıravi vətəndaşlar tərəfindən davam etdirilir. Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianələr göstərir ki, hər kəs vətəndaşların sağlamlığı naminə öz imkanları daxilində yardım etməyə çalışır. Bu təşəbbüslər cəmiyyətin sosial məsuliyyətini anlamasını tərənnüm edir. Sosial məsuliyyət tədbirləri çərçivəsində müxtəlif qurumlar tərəfindən hazırlanan sosial çarxlar, sosial izolyasiya tədbirlərinə əməl etməyə yönələn çağırışlar, xidmət sektorunun elektron imkanlarının qısa bir zamanda genişləndirilməsi, könüllü gənclərin yaşlı nəslin qayğısına yönəlmiş fəaliyyətləri mənəvi həmrəyliyin göstəricisidir. Mənəvi birliyimiz sağlamlığımızı da təmin edir. Atalar demişkən: "Birlik harada, dirilik orada".

Qarşıdan 7 aprel – Ümumdünya Sağlamlıq Günü gəlir. Ölkəmizin bu günü daha sağlam şəkildə qeyd edəcəyinə inanırıq. Bunun üçün bütün imkanlarımız, ən əsası isə motivasiyamız var. Bizim motivasiyamız isə mənəvi birliyimizdir.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb