11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

20 Yanvar – Azərbaycan xalqının mübarizlik salnaməsi

Bayraqları bayraq yapan üstündəki qandır,
Toprak, əgər uğrunda ölən varsa, Vatandır.
Mithat Cemal Kuntay

Azərbaycan xalqı XX əsrin sonlarında milli azadlıq uğrunda ayağa qalxaraq imperiya buxovlarından birdəfəlik azad olmaq üçün mübarizəyə başladı. Lakin bu şərəfli mübarizə qansız ötüşmədi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başladı. Həmin gecə sovet imperiyasının rəhbərliyi Azərbaycan xalqının mübarizə əzmini qırmaq üçün hərb maşınını işə salaraq bəşəriyyət tarixində ən dəhşətli cinayətlərdən birini törətdi. Əliyalın əhaliyə qarşı qabaqcadan planlaşdırılmış hərbi müdaxilə nəticəsində 132 nəfər günahsız insan ən amansız şəkildə öldürüldü, 744 nəfər yaralandı və yüzlərlə insan itkin düşdü.

Ümummilli lider Heydər Əliyevin həmin dəhşətli günlərdə həyatını riskə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında dediyi kimi, bu hadisə "...ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi. Bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan dövlətinə edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır".

Xalqımızın böyük oğlu Heydər Əliyev totalitar rejimin hələ yaşadığı, qılıncının dalının da, qabağının da kəsdiyi bir vaxtda cəsarətlə bildirdi ki, bu akt Azərbaycan xalqına qarşı cinayətdir, hərbi təcavüzdür və faciəyə siyasi qiymət verilməlidir.

Mətbuat konfransından sonra daha ciddi təzyiqlərə və təqiblərə məruz qalan böyük öndər Vətənə qayıtdı. Məhz 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən ilk sənəd Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə qəbul edildi. 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi bu hadisəyə dəqiq siyasi-hüquqi qiymət verərək faciənin təşkilatçılarını, icraçılarını açıq şəkildə göstərdi və 20 Yanvar hadisələrini imperiya rəhbərləri tərəfindən Azərbaycan xalqının milli azadlıq hərəkatını boğmaq cəhdi kimi qiymətləndirdi: "Yanvar faciələrinin səbəbkarlarının - istər İttifaq, istərsə də respublika rəhbər partiya, sovet, hüquq-mühafizə orqanı işçilərinin, hərbçilərin bu günədək aşkar edilib qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin hiddət və etiraz doğurmuşdur. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bütün bunları işğalçı siyasət və dəqiq düşünülmüş hərbi təcavüz, eyni zamanda insan hüquqları bəyannaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirir".

Təəssüf ki, sovet hakimiyyətinin süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra da başları hakimiyyət uğrunda mübarizəyə qarışmış yerli rəhbərlər xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü, ardıcıl iş aparmadılar. 20 Yanvar hadisələrinin əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı. 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edildi və ilk dəfə respublika səviyyəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi.
Ulu öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 yanvarda dövlətimizin müstəqilliyi, suverenliyi, ərazi bütovlüyü və xoşbəxt gələcəyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərmanı ilə şəhid ailələrinə dövlət qayğısı daha da artırılmış oldu. Bütün bunlar və bu istiqamərdə atılan digər dövlət səviyyəli addımlar ölkə Prezidenti tərəfindən Vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərilən qayğının bariz nümunəsidir...

20 Yanvar müstəqilliyimizin, azadlığımızın təntənəsidir. Çünki həmin gün Azərbaycan xalqı əyilmədi, sınmadı, şəhid övladlarının qanı bahasına əldə etdiyi müstəqilliyini qoruyub saxladı və layiq olduğu azadlığı bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda "Vətən sağ olsun" deyib canlarından keçən övladları bütün dünyaya sübut etdilər ki, Vətən torpağı müqəddəsdir, toxunulmazdır. Təsadüfi deyilməyib ki, heç nə yaddan çıxmır, heç kəs unudulmur. Vətən yolunda şəhidlik zirvəsinə yüksələnlər də heç vaxt unudulmur, yaddaşlardan silinmir, çünki şəhidlər ölməzdir. Bu ölməzlik həm də dövlətimizin müstəqilliyində, xalqımızın birliyində yaşayır.

Allah şəhidlərimizə rəhmət eləsin!

Anar ƏLİYEV

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?