COVID-19-a qarşı immunitet sertifikatının təqdim edilməsi nəyə görə zəruridir?
Zəmanəmizin böyük bəlası olan COVID-19 xəstəliyi ilə bağlı indiki halda ən təsirli vasitə peyvəndlənmədir. Təəssüflər olsun ki, peyvəndlənmə ilə bağlı cəmiyyətdə müəyyən tərəddüdlər var və bu, bütün dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə hökumətləri daha sərt addımlar atmağa məcbur edir. Sərbəst auditor Altay Cəfərov bu sahədə Azərbaycanda atılan addımlarla bağlı mülahizələrini bölüşür.
Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 saylı qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına 2.5-5-ci bənd əlavə edilib. Bəndə əsasən, sentyabrın 1-dən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə qərarda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.
Nazirlər Kabinetinin bu tələbini yerinə yetirməyən işəğötürənlə bağlı hansı tədbirlər nəzərdə tutulub?
Qərardan görünür ki, belə bir sertifikatın olmasına birbaşa nəzarət tələbi işəgötürənin üzərinə qoyulmuşdur. İşəgötürənin belə tələblərin yerinə yetirməsinə nəzarət isə müvafiq fərmana görə Daxili İşlər Nazirliyinə və digər qurumlara həvalə edilmişdir. Müvafiq qurumların nəzarəti zamanı Nazirlər Kabinetinin 2.5-5.-ci bəndindəki tələbin pozulmasına görə işəgötürən İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyət daşıyır. Belə ki, pandemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.
Maddədən də aydın olur ki, Nazirlər Kabinetinin 2.5-5.-ci maddəsinin tələblərinin pozulmasına görə hüquqi şəxslər 5000 -11000 manat kimi cərimə oluna bilər. Cərimələrdən və digər məsuliyyətdən yayınmaq üçün işəgötürən işçilərdən müvafiq immunitet sertifikatını tələb etməlidir.
Bəs işəgötürən “peyvənd şəhadətnaməsi” təqdim etməyən işçini işdən azad edə bilərmi?
Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Məcəllənin tələblərində xitam üçün birbaşa sertifikatlarla bağlı bir maddələr olmadığına baxmayaraq, digər istinadlar əsasında işəgötürən işçi ilə müqaviləyə xitam verə bilər. İndiki şəraitdə Nazirlər Kabinetinin tələblərinə görə işəgötürən işçidən belə bir sertifikatı tələb etməli, “peyvənd şəhadətnaməsi” olmayan işçini müvəqqəti olaraq işdən uzaqlaşdırmalıdır. Lakin işçi peyvənd olunmadığına görə işəgötürən onu birbaşa işdən azad edə bilməz. İşçiyə müddət verilməlidir ki, peyvənd olunsun və sertifikatı iş yerinə təqdim etsin.
İşçi ona verilən müddətdə belə bir sertifikatı təqdim etmədikdə, artıq Məcəllənin 72-ci maddəsinin a bəndinə əsasən, sertifikatı olmadığına görə iş yerində inzibati xətaya yol verilmiş kimi qəbul edilə və f bəndinə istinad olunmaqla işdən azad edilə bilər.
İşçilərin azı 80 faizinin peyvənd olunması ilə bağlı isə işəgötürənin əlində dəqiq müəyyənləşdirilmiş qaydalar yoxdur. Burada kimisə 80 faizdən kənarda saxlayıb, ona “imtiyaz” vermək, sertifikat tələb etməmək işçilər ilə işəgötürənlər arasında narazılıqların yaranmasına gətirib çıxaracaq. Odur ki, narazılıqların yaranmaması üçün işəgötürən bütün işçilərdən sertifikat tələb etsə, daha düzgün hərəkət etmiş olar.
Bütün hallarda ən düzgün yol budur ki, hər bir vətəndaş öz sosial məsuliyyətini dərindən dərk etsin, şayiələrə deyil, elmə etibar edərək peyvənd olunsun, nə özünə, nə işəgötürənə, nə də cəmiyyətə problemlər yaratsın.