7 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Monitorinqlərin məqsədi cəmiyyətin normal həyata dönməsidir"

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu il iyulun 1-dən Azərbaycanda müəyyən edilmiş şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) keçirilməsinə icazə verilib. Bu mərasimlərdə koronavirus infeksiyasına qarşı tələblərə nəzarəti təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qrupları müntəzəm tədbirlər keçirirlər. Monitorinq qrupları Bakı şəhərində və respublikanın digər regionlarında şənlik mərasimlərinin keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyətini araşdırır və zəruri qaydaların pozulması hallarının qarşısını alırlar. Paytaxtda şənlik mərasimləri keçirilən obyektlərdə monitorinqlərin gedişatı barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik sahibkarliqla iş üzrə baş idarənin rəisinin birinci müavini Araz Kərimov "Report"un suallarını cavablandırıb.

- Monitorinq qruplarının işi necə qurulub və hansı obyektlərdə nəzarət tədbirləri aparılır?

- Monitorinq qruplarının fəaliyyəti koordinasiyalı şəkildə təşkil olunub, risk meyarlarına uyğun qaydada monitorinqlərin həyata keçiriləcəyi obyektlər əvvəlcədən müəyyənləşdirilir. Həmin məkanlar barədə aidiyyəti üzrə digər iki quruma məlumat verilir və həmin qurumların nümayəndələrinin monitorinqlərin aparılacağı obyektlərdə birgə iştirakları təmin edilir. Monitorinqlərlə bağlı prosesə “KOB könüllüləri” də cəlb olunub.

Təşkilati işlərdən əlavə, monitorinqin həyata keçiriləcəyi sahibkarlıq subyektinin (obyektinin) sahibi və həmin obyektdə şənlik mərasimi keçirən vətəndaşlar əvvəlcədən monitorinqin apaılacağı barədə məlumatlandırılır, şənlik mərasimlərinin təşkili ilə bağlı mövcud şərtlər barədə onlara ətraflı məlumat verilir, müvafiq qaydaların tələblərinə əməl olunması tövsiyə edilir.

Şənlik mərasimlərinin keçirildiyi məkanlar üzrə vergi ödəyiciləri ilə mövcud Qaydaların tələbləri barədə indiyədək 2 onlayn görüş, 12 ünvanlı xidmət həyata keçirilib. Bu cür tədbirlərin effektivliyi nəzərə alınaraq, gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Həmçinin, müşahidələr göstərir ki, monitorinqlərin başlandığı tarixdən şadlıq saraylarında gündəlik olaraq video çəkilişlərin aparılması və televiziyalarda nümayiş etdirilməsi mövcud qaydalarin tələblərinə əməl olunması səviyyəsinin yüksəlməsinə əlavə dəstək verir.

Sualın ikinci hissəsinə gəldikdə, prosesin həyata keçirilməsi ilə əlaqədar vergi orqanları əvvəlcədən xüsusi meyarlar əsasında risk qiymətləndirmələri aparır. Bu qiymətləndirmələr əsasında monitorinqlərin aparılacağı obyektlər əvvəlcədən müəyyən edilir. Bütün şadlıq evlərinə xüsusi maarifləndirici bukletlər paylanılıb. Şənlik mərasiminin başlanmasından 1 saat əvvəl hər üç qurumun nümayəndələrinin məclis keçiriləcək obyektlərdə olması təmin edilir. Nümunəvi toylarda bəy və gəlinə xüsusi hədiyyələr də təqdim edilir. Vətəndaşların rahatlığının pozulmaması üçün çalışırıq ki, mümkün qədər mərasim zamanı şənlik keçirilən zallara daxil olmayaq. Bu baxımdan, monitorinq prosesi mərasimlər başlayana qədər əsas giriş qapısında həyata keçirilir.

- Monitorinqlərdə vergi orqanı əməkdaşlarının rolu nədən ibarətdir? Onlar hansı məsələlərə nəzarət edir?

- Monitorinq qrupu şənlik mərasimləri başlanmamış məkanların ərazisini, stollar ətrafında və arasında məsafələri, adambaşına düşən sıxlıq normalarını, işçi heyətin müvafiq tələblərə uyğunluğu və zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi vəziyyətini yoxlayır. Bundan başqa, tədbirin keçirildiyi zalın girişində məclisdə iştirak edəcək qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədləri yoxlanılır. Vergi əməkdaşları mərasimlərin keçirilməsi ilə bağlı müvafiq məlumatların “icaze.e-gov.az” portalında qeydə alınmasını da araşdılır. Bundan başqa, aparılmış monitorinqin nəticəsi ümumiləşdirilərək müvafiq təhlillər aparılır, onun nəticələri monitorinq iştirakçılarının sonrakı fəaliyyətində nəzərə alınır. Ən çox müşahidə olunan nöqsanlar müəyyən edilərək, növbəti mərhələlərdə maarifləndirmə və məlumatlandırma, o cümlədən nəzarət tədbirlərində istifadə olunur.

- Şənlik mərasimlərini təşkil edən məkanlar üçün tələblər nədən ibarətdir və bu qaydalara əməl edilməsi vəziyyəti nə yerdədir?

- Şənlik keçirilən obyektin fəaliyyətinə məsul olan şəxs məkan daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və müvəqqəti fəaliyyətə cəlb edilmiş şəxslər daxil olmaqla işçi heyət barədə məlumatı “icaze.e-gov.az” portalına daxil etməldir. Tədbirə ən azı 5 gün qalmış onun keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumatlar portalda yerləşdirilməlidir. Xatırladaq ki, 150 nəfərdən çox iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağandır. Tədbirlər zamanı xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir. Müəyyən edilən və həll oluna bilən pozuntu halları yerindəcə aradan qaldırılır və şənlik mərasimlərinin qaydalara uyğun keçirilməsi təmin olunur.

- Bu günə qədər Bakı şəhəri üzrə şənlik mərasimi keçirilən neçə obyektdə monitorinq aparılıb və nəticələri nə yerdədir?

- Monitorinq və maarifləndirmə tədbirlərinə başlandığı dövrdən bu günədək Bakı şəhərində 300-dən artıq obyektdə nəzarət tədbirləri keçirilib. Monitorinqin nəticələrinə əsasən, 33 min nəfərdən artıq məclis iştirakçısının müvafiq sənədləri yoxlanılıb, 7 mindən çox qayda pozuntusu aşkar olunub. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 500 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub. Statistik təhlillər aparsaq, görərik ki, şənlik mərasimlərinin həyata keçirildiyi və monitorinq aparılmış məkanlarda müvafiq tələblərin pozulması hallarında günbəgün azalmaya doğru meyillər müşahidə olunur. Əlbəttə ki, bu, sevindirici haldır, çünki monitrinqlərin məqsədi məhz cəmiyyətin pandemiya ilə mübarizəyə hazır olması, ölkə üzrə yoluxma riskinin azalması, normal həyata dönüşün təmin edilməsidir.

- Faktiki fəaliyyət sahələri ilə uçot məlumatlarında fərq yarandığı halda vergi ödəyicisi nə etməlidir? Belə ödəyicilərin portalda qeydiyyatdan keçməsinə icazə verilirmi?

- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ödəyicilərinin uçot məlumatlarının dürüstlüyü daim diqqətdə saxlanılır. Faktiki fəaliyyət növü şənlik mərasimlərinin təşkili sahəsinə aid olan, lakin uçot-ərizə məlumatlarında uyğunsuzluq qeydə alınan obyektlər üzrə vergi ödəyiciləri tədbirlərin portala daxil edilməsini müvəqqəti təxirə salır. Həmin obyektin məlumatlarındakı uyğunsuzluqların aradan qaldırılması və həmin məlumatlarda dəyişikliyin edilməsi məqsədilə şənlik mərasimi keçirilən məkanın və yaxud müəssisənin sahibi müvafiq ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməlidir. Qeyd edilən vergi ödəyiciləri üzrə uçot məlumatlarında fərq (uyğunsuzluq) olduğu hallarda, İnternet Vergi İdarəsi ([email protected]) üzərindən, poçt vasitəsilə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə mövcud olan uyğunsuzluqlar aradan qaldırılaraq, uçot məlumatları dürüstləşdirilir. Bundan sonra həmin sahibkarlıq subyektlərinin aidiyyəti üzrə portalda qeydiyyatla bağlı əməliyyatlarının həyata keçirilməsində hər hansı məhdudiyyətin olması müşahidə edilməyib.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?