Uğurlarımızın ünvanı olan lider
"Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Tarixdə şəxsiyyətlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən bu fəaliyyətin gələcək əks-sədaları, uzun illər hadisələrin axarına təsiri ilə müəyyənləşir. Tarixən zamanın nəbzini tutmağı, hadisələrə obyektiv qiymət verməyi, siyasi potensialını düzgün dəyərləndirməyi bacaran liderlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müdrik və təcrübəli dövlət xadimləri ən ekstremal şəraitlərdə çətin vəziyyətdən az itki ilə çıxış imkanına malik olmaqla optimal qərarlar qəbul edir, həyatlarını riskə atmaqdan belə çəkinmirlər.
Ulu öndər Heydər Əliyev bu gün həm də müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu kimi çağdaş tariximizə möhürünü vurmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan Heydər Əliyev hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə müstəqilliyin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir.
Böhranlı və ağır vəziyyətdə olan xalqın çıxış yolunu yenə də müdrik rəhbərinin - ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Əksəriyyət başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qiyamı yatırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə - alternativsiz lider məhz Heydər Əliyevdir!
Bu gün əminliklə demək olar ki, müstəqil Azərbaycanın hazırkı böyük və həlledici uğurları Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni-yeni zirvələrə doğru irəliləyir.
2003-cü ildən ölkəyə inamla rəhbərlik edən cənab İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə məhz bu istiqamət əsas götürülmüş və Azərbaycan vətəndaşı, sosial rifah və iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Sürətli inkişaf və tərəqqi prosesində Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, dövlətinin taleyini cənab İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir.
2020-ci ilin sonlarında Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan ordusunun düşmənin növbəti təxribatlarına qarşı başlatdığı əks hücum və düşməni sülhə məcburetmə əməliyyatı nəticəsində Azərbaycanın işğal altında olan torpaqları azad olundu, dövlət suverenliyi və sərhəd bütövlüyü təmin edildi. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək 28 ildən sonra BMT TŞ-nin məlum qətnamələrinin, beynəlxalq hüququn prinsiplərindən irəli gələn tələblərin və illərdir işğalçı qüvvə və havadarları tərəfindən pozulan Azərbaycan qanunlarının təmin olunmasına nail oldu.
Bu gün qürur və fəxrlə deyə bilirik: Azərbaycan bütövdür, Azərbaycan tamdır və dövlət suverenliyimiz, ərazi bütövlüyümüz təmin olunub!
Əminəm ki, Azərbaycanın xoşbəxt və bütöv gələcəyini həyatının və şüurlu fəliyyətinin amalına çevirmiş həmişəyaşar liderimiz Heydər Əliyevin ruhu işğaldan azad olunmuş müqəddəs Qarabağ səmasında həyata keçirilən quruculuq işlərimizin ən böyük şahididir və şaddır!
Anar ƏLİYEV,
tarix üzrə fəlsəfə doktoru