6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İş vaxtının müəyyən edilməsi

İşçi və işəgötürən arasında əmək münasibətlərinin ilkin tənzimləmə vasitələrindən biri iş saatlarının müəyyən edilməsidir. Beynəlxalq Əmək Təşkilatının 1935-ci ildən qüvvədə olan 47 saylı konvensiyası ilə həftəlik iş vaxtının norması kimi 40 saat müəyyən edilib. Beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və tələblərini prioritet hesab edən Azərbaycan Respublikası qanunvericiliyində də bu norma əsas götürülüb. 

Hüquqşünas Şəhriyar Həbilov bəzi fərqli yanaşmalara aydınlıq gətirərək bildirib ki, iş vaxtının gündəlik 8 saat olması ilə bağlı fərqli münasibətlər tətbiq olunur. Qanunvericilik işin xarakterinə görə gündəlik iş vaxtının tənzimlənməsində tərəflərin qarşılıqlı razılığı nəzərə alınmaqla 6 günlük iş rejiminin tətbiqinə də imkan verir. Bu halda, yenə də başlıca tələb həftəlik 40 saatlıq normanın pozulmamasıdır. Bu normanın tələbinə əsasən, 6 günlük rejimdə gündəlik iş saatı 7 saatdan çox ola bilməz.

Həftəlik iş vaxtının digər normaları isə aşağıdakı kimi müəyyən olunub:

  • 15-16 yaş - 24 saat;

  • 16-18 yaş - 36 saat;

  • 1 və 2-ci qrup əlilliyi olan şəxslər - 36 saat;

  • hamilə və ya 1 yaş 6 aylığadək körpəsi olan qadınlar - 36 saat;

  • 3 yaşadək uşağı təkbaşına böyüdən şəxslər - 36 saat;

  • əmək şəraiti insan sağlamlığı üçün ağır olan iş yerində (səlahiyyətli qurum tərəfindən müəyyən edilir) çalışanlar - 36 saat;

  • yüksək həssas, əsəb gərginliyi, səhhətə mənfi təsir göstərən amillər olan iş yerlərində (səlahiyyətli qurum tərəfindən müəyyən edilir) çalışanlar - 36 saat.

İşçinin iş vaxtından artıq işləməsinə təbii fəlakət, istehsalat qəzası, fövqəladə vəziyyətin nəticələrinin qarşısının alınması, hərbi vəziyyət rejiminin təmin edilməsi zamanı, eləcə də tezkorlanan malların itkisinin qarşısının alınması məqsədilə işçinin razılığı və işəgötürənin əmri olduqda yol verilir.

Ağır və zərərli sahələrdə çalışan işçilərin 2 saatdan artıq işə cəlb olunmasına, xüsusilə ağır və zərərli sahələrdə çalışanların isə ümumiyyətlə cəlb edilməsinə yol verilmir. Ümumilikdə, dalbadal iki iş günü işləyən işçi iş vaxtından əlavə 4 saatdan artıq işə cəlb edilə bilməz.

Aşağıdakı müstəsna hallarda isə iş vaxtından artıq işə cəlb edilməyə yol verilir:

  • dövlət müdafiəsinin təmin edilməsi üçün vacib işlərin görülməsi;

  • kommunal xidmət müəssisələrində gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsi;

  • iş gününün sonunadək başlanmış və dayandırılması avadanlığın korlanmasına səbəb olacağı üçün işlərin tamamlanması;

  • işin dayanmasına səbəb olan mexanizmlərin təmiri üçün işlərin görülməsi;

  • əvəz edən işçi işdə olmadıqda, işə fasilə verilməsi mümkün olmadığı üçün işlərin icra olunması;

Xatırladaq ki, iş vaxtından artıq iş üçün əməkhaqqı ikiqat ödənilir.

İşçiyə iş günü üzrə nahar fasiləsi üçün vaxt verilməli və iş günləri arasında azı 12 saatlıq istirahət vaxtı olmalıdır. Qanunvericiliyə görə 5 günlük iş rejimində 2 gün, 6 günlük rejimdə isə 1 gün həftəarası istirahət günü verilməlidir. Bayram və qeyri-iş günü sayılan günlərdə işçinin işə cəlb edilməsinə müstəsna hallarda yol verilir.

Onu da qeyd edək ki, hazırda bir sıra ölkələrdə iş vaxtından sonra işəgötürənin işçiyə e-mail göndərməsi və zəng vurması qadağan edilir. Burada əsas məqsəd iş və şəxsi həyat arasında tarazlığın qorunması, stresin azaldılması və işçinin istirahət vaxtının səmərəli təşkilinə imkan verilməsidir.

Son illərdə isə bəzi ölkələrdə işin xarakterindən asılı olaraq 4 günlük iş rejimi də tətbiq edilir. Təbii ki, bu rejimdə işin xüsusiyyətləri və işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsas götürülür.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?