29 Noyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əməkhaqqı təyin edilərkən nələrə diqqət yetirilməlidir...

Əmək Məcəlləsinin 155-ci maddəsinə əsasən, minimum əməkhaqqı iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Maddənin üçüncü hissəsində qeyd edilir ki, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz.

Qeyd edək ki, ölkəmizdə minimum əməkhaqqı 1 sentyabr 2019-cu il tarixdən 250 manat müəyyən edilib. Əmək qanunvericiliyinə əsasən, minimum əməkhaqqı ilə bağlı vacib məqamları diqqətinizə çatdırmağı zəruri hesab edirik:

1) Minimum əməkhaqqı yalnız ixtisassız işçilərə verilə bilər

Açıqlama: İşəgötürən tərəfindən aylıq iş normasını işləyən mühasibə 250 manat əməkhaqqı müəyyən edilməsi qanunaziddir. Çünki mühasib vəzifəsiz və ixtisassız əməyin siyahısına aid edilmir. Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış məşğulluq təsnifatına əsasən, "ixtisassız işçilər" təsnifatının açıqlaması belədir: "O peşələr daxil edilir ki, onlarda əl alətlərindən istifadə etməklə əsas etibarilə sadə təkrar olunan, bəzən xeyli fiziki qüvvə tələb edən, kiçik müstəsnalıqla, məhdud sərbəstliklə vəzifələrin yerinə yetirilməsi üçün lazım olan bilik və təcrübənin olması tələb olunur. Başlıca vəzifələr malların küçələrdə satılmasından, qapıçı və gözətçi funksiyalarının yerinə yetirilməsindən, habelə təmizləmədən, paltar yumaqdan, ütüləməkdən, hasilat sənayesində, kənd təsərrüfatında, balıq tutulmasında, tikintidə və ya sənət emalatxanalarında qeyri-ixtisas işlərinin yerinə yetirilməsindən ibarətdir".

Buna satıcı, gözətçi, kuryer və ya qeydiyyatçı kimi vəzifələri nümunə göstərmək olar.

2) Aylıq iş vaxtı normasını işləmiş işçilər minimum əməkhaqqından az əməkhaqqı ala bilməz

Açıqlama: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər ilin sonunda növbəti il üçün istehsalat təqvimi və iş norması vaxtını təsdiqləyir. 2019-cu ilin oktyabr ayı üzrə iş norması 184 saat müəyyən edilib. Əgər işəgötürənin "ixtisassız işçi" kateqoriyasına aid edilən işçi ilə bağladığı əmək müqaviləsinə uyğun olaraq işçi 92 saat işləyərsə və aylıq əməkhaqqı 150 manat təşkil edirsə, bu, qanun pozuntusu hesab olunmayacaq. Çünki işçi iş vaxtı normasını tam yerinə yetirməyib və iş normasına əsasən müəyyən edilən əməkhaqqı işlənilmiş iş vaxtı normasından yüksəkdir. Yəni 184 saata uyğun minimum əməkhaqqı 250 manat olmaqla 92 saata düşən əməkhaqqı 125 manat olduğu halda, işçiyə 150 manat aylıq əməkhaqqı hesablanıb.

3) Minimum əməkhaqqı müəyyənləşdirilərkən digər gəlirlər nəzərə alınmır

Açıqlama: Aylıq iş vaxtı normasını yerinə yetirən işçinin əməkhaqqı 200 manat olsa da, əməkhaqqına aylıq 40 manat əlavə və 30 manat mükafat hesablanır. İşçinin yekun əməkhaqqı 270 manat təşkil edir ki, bu da minimum əməkhaqqı məbləğindən yüksəkdir. Lakin bu cür hesablama qanunvericiliyin tələbinə ziddir. Çünki Əmək Məcəlləsinin 155-ci maddəsinin 5-ci hissəsinə əsasən, əməkhaqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əməkhaqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əməkhaqqının məbləğinə daxil edilmir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI