7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məzuniyyət hüququ verən əmək stajı

Əmək Məcəlləsində ən vacib məsələlərdən biri işçilərin əmək məzuniyyəti ilə bağlıdır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Əmək Məcəlləsində birmənalı yazılıb ki, işəgötürən işçiləri əmək məzuniyyəti ilə təmin etməlidir. Məcəllədə işçinin qrafik əsasında təmin edilən məzuniyyətdən imtina etməsi, daha doğrusu, işə çıxaraq məzuniyyətə görə təzminat alması kimi hallar yoxdur. Yəni, işəgötürən işçinin məzuniyyətə çıxmasını təmin etməlidir. İşçilər və işəgötürənlər arasında əmək məzuniyyəti və əlavə məzuniyyətlərlə bağlı dövr məsələlərində aydınlıq gətirilməsinə ehtiyac olan müəyyən məqamlar qalır.

Məzuniyyət vaxtı staj dedikdə nə başa düşülür? Staja hansı dövrlər daxildir və hansı dövrlər bu məsələdə nəzərə alınmır?

Bu sualları aydınlaşdırmaq üçün Əmək Məcəlləsinin 132-ci maddəsinə nəzər yetirməliyik.

Maddə 132. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər

1. Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktiki işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir:

a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əməkhaqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr;

b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü;

c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

ç) təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr.

2. Bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.

Deməli, həm əmək məzuniyyəti, həm də əlavə məzuniyyətlərin verilməsi üçün sosial sığorta stajı yox, əmək stajı nəzərə alınır. Sosial sığorta stajı digər qanunvericilik aktları ilə, əmək stajı isə Əmək Məcəlləsi və bununla bağlı olan normativ aktlarla tənzimlənir. Əmək stajına görə işçilərə 2,4,6 gün müddətlərində əlavə məzuniyyətlər verilir.

Hər bir işəgötürən bu məsələyə aşağıdakı kimi yanaşmalıdır:

  • əmək məzuniyyətinin verilməsi üçün işçinin əmək stajı olmalıdır;

  • əmək stajı olması üçün də işçi faktiki işləməlidir və bu dövrə işçinin faktiki işlədiyi dövr daxil edilir;

-bundan əlavə, işçinin faktiki işləmədiyi dövr də əmək stajına daxil oluna bilər və bu artıq 132-ci maddənin a,b,c,ç bəndlərində göstərilən dövrlərdir. Yəni bu dövrlərdə işçi faktiki iş yerində olmur, işləmir, amma həmin müddət əmək stajı kimi nəzərə alınır.

132-ci maddədə ilk baxışda əmək stajına aid olan dövrləri başa düşmək olur, amma burda müəyyən incəliklər vardır ki, onları sadə misallarla nəzərdən keçirək.

Misal 1: Tutaq ki, "AA" MMC-nin işçisi 1 oktyabr 2019-cu ildə işə qəbul edilmiş, 1 mart 2020-ci il tarixindən 15 apel 2020-ci il tarixinə kimi xəstəliyə görə işə gəlməmişdir və qaydalara uyğun olaraq xəstəlik vərəqəsi təqdim etmişdir.

Sual meydana gəlir ki, işçi qayıdıqdan sonra əmək məzuniyyətindən istifadə edə bilərmi?

İşçi, faktiki olaraq, 1 oktyabr 2019-cu ildən 1 mart 2020-ci il tarixinə kimi 5 ay işləmişdir. Normal halda işçi altı ay işlədikdən sonra əmək məzuniyyətindən istifadə etməlidir. Xəstəlik dövründə isə o, faktiki olaraq işləməmişdir, amma 132-ci maddənin tələblərinə görə əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr əmək stajına daxil edildiyi üçün 15 aprel 2020-ci il tarixində onun iş stajı 6 ay 15 gün olur və işçinin əmək məzuniyyətindən istifadə etmək hüququ yaranır.

Misal 2: Turaq ki, "AA" MMC-də işçilərdən biri 20 gün müddətində ezamiyyətə göndərilmiş, bir işçi 2 ay müddətinə ödənişsiz məzuniyyətdə olmuş, digər bir işçi isə 1 ay müddətində faktiki işləməmiş, amma rəhbərliyin qərarı ilə ona əməkhaqqı ödənilmişdir. Sual meydana çıxır ki, bu dövlərdən hansı əmək stajı üçün nəzərə alınır? Aşağıdakı məqamlara diqqət yetirmək lazımdır:

  • ezamiyyətə göndərilən işçinin 20 günü əmək stajına daxil edilir: ona görə ki, bu vaxtı iş yeri saxlanılmışdır;

  • ödənişsiz məzuniyyətdə olan işçinin 2 ay müddəti əmək stajında daxil edilməyəcəkdir;

işləməmiş, amma əməkhaqqı saxlanılan işçinin 1 ay müddəti əmək stajı kimi sayılacaqdır. Onun həmin ay işləmədiyinə baxmayaraq, işəgötürənin qərarı ilə iş yeri və əməkhaqqı saxlandığına görə bu müddət əmək stajı kimi qəbul olunur.

Misal 3: Tutaq ki, bir işçi haqqında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir və MMC işçini işdən çıxarmaq barədə qərar çıxararaq onu işdən azad etmişdir. Müəyyən müddətdən sonra isə işçi məhkəmənin qərarı ilə bəraət qazanmışdır.

Başqa bir işçi barədə də məhkəmənin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilmişdir və bu zaman MMC işçinin günahkar olmasına inanmamış və onu işdən çıxarmamışdır. Proses başa çatdıqdan sonra məhkəmənin qərarı ilə işçi müəyyən müddətə azadlıqdan məhrum edilir. Sual meydana çıxır ki, bu dövlərdən hansı əmək stajı üçün nəzərə alınır?

Birinci halda, "AA" MMC işçini işdən çıxarmağına baxmayaraq məhkəmənin qərarı ilə ona bəraət verilmişdir. Bu zaman məhkəmənin qərarına diqqət yetirmək lazımdır: qərarda onun işə bərpa olunması ilə bağlı xüsusi bənd olmalıdır. Əks halda, işçi işə bərpa olunmaqla bağlı yenidən məhkəməyə müraciət etməlidir. İşçi işə bərpa olunduqdan sonra həbsdə olduğu müddət əmək stajı kimi nəzərə alınır.

İkinci halda, işçinin faktiki olaraq 3 ay işləmədiyinə baxmayaraq, bu müddət onun üçün əmək stajı sayılacaqdır. Ona görə ki, bu müddətdə işəgötürən faktiki olaraq onun əməkhaqqını və iş yerini saxlamışdır. Sonradan azadlıqdan məhrum edilən işçini işəgötürən hökmən işdən azad etməlidir.

Hazırladı:
Fəxriyyə KRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?