Sahibkarlara göstərilən maliyyə dəstəyi vətəndaşların sosial rifahının qorunmasına xidmət edir
Millət vəkili Adın Hüseynov koronavirus pandemiyasından zərər çəkən sahələrdə muzdlu işçilərə və fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsini əhatə edən proqramları şərh edib.
Vətəndaşlarımızın sosial qayğılarının qarşılanması, əmək haqlarının ödənilməsi, ölkə iqtisadiyyatının dayanıqlığının qorunub saxlanılması və bütövlükdə iqtisadiyyatımızın bu proseslərdən minimum itkilərlə çıxması istiqamətində böyük adımlar atılır. Bu məqsədlər üçün dövlət büdcəsindən 2,5 milyard manat vəsait ayrılıb və bu MDB məkanında ümumi daxili məhsulun nisbətinə görə ən böyük gösdəricidir: bizdə dəstək proqramlarının ümumi həcmi ÜDM-in 3 faizini təşkil edir.
Nəzərdə tutulan tədbirlərin hər biri vətəndaşların maraqlarına yönəlib. Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin ixtisar edilməsinin qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi hazırlanıb və ödəmələrin həyata keçirilməsi üçün müraciətlərin qəbuluna da başlanıb. 300 min nəfər muzdlu işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu proqram 42 min vergi ödəyicisini əhatə edir.
Bundan başqa, mikro sahibkarlıq subyektləri də dövlətin diqqətindən kənarda qalmayıb. Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək.
Azərbaycan sosial dövlətdir və həyata keçirdiyi siyasətin də başlıca məqsədi vətəndaşlarının rifahının yüksəldilməsidir. Bu dəstək proqramları hazırkı vəziyyətdə birbaşa vətəndaşlarımıza göstərilən sosial qayğını əks etdirir. Vətəndaşın marağının və bütövlükdə iqtisadiyyatın dayanıqlığının saxlanılması üçün vergi ödəyicilərinə, sahibkarlara dəstək lazımdır ki, onlar fəaliyyət göstərsin. Beləliklə, ölkə iqtisadiyyatının dayaqları qorunmuş olsun. Digər tərəfdən, vətəndaşlarımızın məşğulluğunun təmin olunması sahibkarlıq subyektləri vasitəsilə həyata keçirilir. Əgər sahibkarlara maddi dəstək olmasa, gələcəkdə öz fəaliyyətlərini qurmaq onlar üçün çox çətin olar, bir sıra sahələr tamamilə dağılıb gedər, sonradan bu sahələri yenidən ayağa qaldırmaq çox çətin olar. Ona görə də dövlətin müəyyənləşdirdiyi maliyyə dəstəyi sahibkarlıq subyektlərinin fəaliyyətini tənzimləmiş olacaq, gələcəkdə onların öz işlərini tez bir şəkildə bərpa etmələrinə şərait yaradacaq.
Səbuhi TURAN