Sosial təminat üzrə vəsaitin 97,7 faizi pensiya xərclərinə yönəldilib
Dövlət Statistika Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən yaydığı məlumata görə, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılaraq 1.854,8 milyon manata çatdırılıb. Vəsaitin 97,7 faizini pensiya xərcləri təşkil edib.
2019-cu il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1.291,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13 faizini təşkil edir. Onların 58,4 faizi yaşa, 30 faizi əlilliyə, 11,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artaraq 232,3 manat təşkil etməklə orta aylıq əməkhaqqının 39,7 faizinə bərabər olub.
2019-cu il iyulun 1-i vəziyyətinə 383,6 min nəfərə sosial müavinətlər təyin edilib. Yaşa görə müavinət alanların sayı 68 min nəfər, əlilliyə görə - 173 min nəfər, ailə başçısını itirməyə görə - 47,1 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 66,1 min nəfər olub. Əmək pensiyası almaq hüququ olmayan 1,6 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 286 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 9 min ailəsinə 16,1 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 1.294 nəfər bir yaşınadək uşağı olan 1.269 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 9 min uşaq üçün sosial müavinət verilib.
2019-cu ilin altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 32.102 ailəyə 34.241 uşağın anadan olmasına görə, 4.126 nəfər radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxsə müalicə üçün və 3.355 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsə birdəfəlik müavinətlər verilib. Cari ilin iyul ayının 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 380 nəfər zərərçəkən kompensasiya alıb.
Bu ilin ilk yarısında Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuş müxtəlif kateqoriyadan olan şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 239,8 min nəfər təşkil edib.