İşdən çıxan işçiyə istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin ödənilməsi
Bəzən işçinin işlədiyi müddətdə məzuniyyətə çıxması təxirə salınır. Əmək müqaviləsi xətm olunduqda işçinin istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi hansı şərtlərlə ödənilməlidir? Mövzunu "vergiler.az"a “AZLIFT PRO” QSC-nin İnsan resursları şöbəsinin rəhbəri Ramin Hacıyev şərh edir.
Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasından və səbəbindən asılı olmayaraq işçiyə işdən çıxdığı günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan bütün iş illərinin istifadə etmədiyi əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
Əmək Məcəlləsinin 114-cü maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən, işçilərə məzuniyyət 21 və 30 gündən az olmayan müddətə verilir.
Burada bir suala aydınlıq gətirməyə ehtiyac var: Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində işçilər üçün nəzərdə tutulan məzuniyyət əsas məzuniyyət hesab edilirmi? Həmin maddələrdə nəzərdə tutulan məzuniyyətlər “əmək məzuniyyəti” kimi verilib. Məcəllənin 112-ci maddəsində isə əmək məzuniyyətinin əsas və əlavə məzuniyyətdən ibarət olduğu qeyd olunub.
Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələri üzrə məzuniyyət hüququ olan işçilərin əmək müqavilələrinə xitam verilərkən onlara pedoqoji və elmi fəaliyyətləri, fizioloji imkanları, xüsusi xidmətləri, teatr və buna uyğun digər sahələrdə fəaliyyətləri nəzərə alınmadan Əmək Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir.
Misal 1: “AA” MMC-də mühasib vəzifəsində çalışan II dərəcəli əlil işçinin əmək müqaviləsinə xitam verilib. İşçinin bir iş ilinə görə istifadə etmədiyi 42 təqvim günü əmək məzuniyyəti qalığı vardır. Bu halda işəgötürən işçiyə əlillik dərəcəsinə görə deyil, tutduğu vəzifəyə görə müəyyən olunmuş əsas məzuniyyətə, yəni 30 təqvim gününə görə kompensasiya ödəyir.
Misal 2: “CC” MMC-də fəhlə işləyən 17 yaşında işçinin əmək müqaviləsinə xitam verilib. İşçinin bir iş ilinə görə istifadə etmədiyi 35 təqvim günü əmək məzuniyyəti qalığı vardır. Bu halda işəgötürən işçiyə 17 yaşında olmasına görə deyil, tutduğu vəzifəyə görə müəyyən olunmuş əsas məzuniyyətə, yəni 21 təqvim gününə görə kompensasiya ödəyir.
Qeyd edək ki, işəgötürən Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələri üzrə əmək məzuniyyəti hüququ olan işçinin əmək müqaviləsinə xitam verərkən bir iş ilinə nəzərdə tutulan əmək məzuniyyətinə görə kompensasiya ödəyə bilər. Bunun üçün ya işçi ilə bağlanmış əmək müqaviləsində, ya da kollektiv müqavilədə işçinin vəziyyətini yaxşılaşdıran hallara dair əlavə şərtlərin qeyd olunması tövsiyə edilir.