7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri hallarından icbari sığorta haqlarının hesablanması

vergiler.az” mövzu ilə bağlı əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilovun açıqlamasını təqdim edir.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta bu hallardan sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir. Hər bir işəgötürən işçilərinin bu sığorta növü ilə sığortalanmasını təmin etməlidir.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, aşağıdakı şəxslər icbari sığorta olunmalıdır:

- hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər;

- məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla);

- istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;

- müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular;

- təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər;

- fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Bu Qanun Əmək Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də (məcburi dövlət sosial sığortasına cəlb olunmayan əcnəbilər istisna olmaqla) şamil olunur.

Peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilən sığorta tarifləri 2 faizdən artıq olmamaq şərtilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sığorta tarifləri hər təqvim ili üçün müəyyən olunur.

Sığorta tarifləri və peşə risk dərəcələri Nazirlər Kabinetinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi haqqında” 5 noyabr 2010-cu il 200 nömrəli qərarı ilə təsdiqlənib. Həmin qərara əsasən, peşə riskinin 14 dərəcəsi müəyyən olunub və hər bir risk dərəcəsinə hansı fəaliyyətlərin daxil edildiyi göstərilib. Eyni zamanda icbari sığorta tarifləri peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilməklə aşağıdakı kimi müəyyən olunub:

Peşə riskinin dərəcəsi

Sığorta olunanların kateqoriyaları üzrə sığorta tarifi (faizlə)

qulluqçular

fəhlələr

1

0,2

0,4

2

0,2

0,5

3

0,2

0,6

4

0,2

0,8

5

0,2

0,9

6

0,3

1,0

7

0,3

1,2

8

0,3

1,4

9

0,4

1,5

10

0,4

1,6

11

0,4

1,7

12

0,5

1,8

13

0,5

1,9

14

0,5

2,0

Cədvəldən də göründüyü kimi, peşə riskinin dərəcələrinə və kateqoriyalarına uyğun olaraq illik əməkhaqqı fondunun 0,2 faizindən 2 faizinədək dərəcə müəyyənləşdirilib.

Misal 1: Şüşə və şüşədən məmulatların istehsalı müəssisəsində baş usta vəzifəsində çalışan işçinin aylıq əməkhaqqı 750 manatdır. İşəgötürən tərəfindən onun icbarı sığorta olunmasında sığorta haqqı nə qədər olacaq?

Qərara əsasən, şüşə və şüşədən məmulatların istehsalı fəaliyyəti 7-ci peşə risk qrupuna aiddir. Baş usta vəzifəsi qulluqqçu kateqoriyasına aid edildiyindən sığorta haqqı aşağıdakı şəkildə hesablanacaq:

İllik əməkhaqqı fondu: 750 x 12 = 9.000 manat;
Sığorta haqqı: 9.000 x 0,3% = 27 manat.

Misal 2: Şüşə və şüşədən məmulatların istehsalı müəssisəsində fəhlə vəzifəsində çalışan işçinin aylıq əməkhaqqı məbləği 530 manatdır. İşəgötürən tərəfindən onun icbarı sığorta olunmasında sığorta haqqı nə qədər olacaq?

Qərara əsasən, şüşə və şüşədən məmulatların istehsalı fəaliyyəti 7-ci peşə risk qrupuna aiddir. Fəhlə vəzifəsi fəhlə kateqoriyasına aid edildiyindən sığorta haqqı aşağıdakı şəkildə hesablanacaq:

İllik əməkhaqqı fondu: 530 x 12 = 6.360 manat;
Sığorta haqqı: 9.000 x 1.2% = 76,32 manat.

Misal 3: Xam neft və təbii qaz hasilatı müəssisəsində çalışan baş usta və fəhlənin aylıq əmək haqqı məbləği aşağıdakı kimidir:

Baş usta: 1.350 manat
Fəhlə: 980 manat

Sığorta haqqı necə hesablanacaq?

Qərara əsasən, xam neft və təbii qaz hasilatı fəaliyyəti 14-cü peşə risk qrupuna aiddir. Fəhlə və qulluqçu kateqoriyalarına uyğun olaraq baş usta və fəhlənin sığorta haqqı belə hesablanacaq:

Baş usta:
İllik əməkhaqqı fondu: 1.350 x 12 =16.200 manat;
Sığorta haqqı: 16.200 x 0,5% = 81 manat.

Fəhlə:
İllik əməkhaqqı fondu: 980 x 12 = 11.760 manat;
Sığorta haqqı: 11.760 x 2% = 235,2 manat.

Misal 4: Reklam fəaliyyəti ilə məşğul olan müəssisədə çalışan xadimə və menecerin aylıq əməkhaqqı fondu aşağıdakı şəkildədir:

Menecer: 1.135 manat

Xadimə: 447 manat

Sığorta haqqı necə hesablanacaq?

Qərara əsasən, reklam fəaliyyəti 1-ci peşə risk qrupuna aiddir. Fəhlə və qulluqçı kateqroyalarına uyğun olaraq menecer və xadimənin sığorta haqqı aşağıdakı şəkildə hesablanacaq:

Menecer:
İllik əməkhaqqı fondu: 1.135 x 12 =13.620 manat;
Sığorta haqqı: 13.620 x 0,2% = 27,24 manat.

Xadimə:
İllik əməkhaqqı fondu: 447 x 12 = 5.364 manat;
Sığorta haqqı: 5.364 x 0,4% = 21,45 manat.

İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaolunanların kateqoriyalarında və peşə riski dərəcəsində, həmçinin əməkhaqqı fondunda dəyişikliklər baş verərsə, sığorta haqqı bu dəyişikliklərin tarixindən müvafiq müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmalıdır.

Qanunun 20-ci maddəsinə əsasən, istehsalatda bədbəxt hadisələr nəticəsində zərər çəkmiş şəxsə sığorta ödənişinin olunmasından aşağıdakı 3 halda imtina oluna bilər:

- sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda;

- sığorta hadisəsi sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə;

- qanunvericiliyə əsasən, sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda.

Sığorta ödənişinin hesablanması və ödənilməsi qaydaları haqqında “Əmək qanunvericiliyinin praktiki izahı” kitabının müvinətlər bölməsinin peşə xəstəliyi zamanı ödənişlər hissəsində məlumat verilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinin 2 ci bəndində göstərilib ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1.500 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir.

Mənbə: Nüsrət Xəlilov. “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?