Əmək müqaviləsində müddət göstərilməyibsə…
İşçi ilə işəgötürən arasında münasibətlərin həssas nöqtələrindən biri əmək müqaviləsinə xitam verilməsi şərtləridir. Vergi mütəxəssisi İlqar Əsədovun şərhi müddət nəzərdə tutulmayan əmək müqaviləsi barədədir.
Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Bəs əmək müqaviləsində müddətlə bağlı hər hansı müddəa nəzərdə tutulmayıbsa?
Əmək Məcəlləsinin 43-cü maddəsində göstərilib ki, müqavilənin müddəti onun məzmununda göstərilməli olan mütləq rekvizitlərdəndir. Məcəllənin 46-cı maddəsinin 5-ci hissəsində isə qeyd edilib ki, bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər.
Belə bir qənaətə gəlmək olar ki, işəgötürən əmək müqaviləsində onun məcburi rekvizitlərindən birinin, yəni müqavilənin müddətinin olmadığını əsas gətirərək onu etibarsız hesab edib işçini rahatlıqla yola sala bilər. Lakin qanunvericilik buna yol vermir. Elə isə mövcud normalarıda nələrə diqqət yetirilməlidir?
Əmək Məcəlləsinin 46-cı maddənin 5-ci hissəsi daha çox işçini müdafiə etmək, eləcə də əmək hüququ ilə bağlı tənzimləmələri, habelə dövlət nəzarətini, o cümlədən statistik bazanın toplanmasını rahatlıqla həyata keçirə bilmək üçün nəzərdə tutulub. Həmin müddəa işəgötürənin işçinin bilgisizliyindən istifadə edib, məsələn, əməkhaqqı vermədən işlətməsinin, işçinin vəzifəsi, iş yeri barədə öncədən razılaşdırılmış şərtlərin rahatlıqla dəyişə bilməsinin qarşısını almağı, eləcə də işçinin iş və istirahət vaxtının dəqiq bilinməsini təmin edir.
Əmək müqaviləsinin müddəti ilə bağlı Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissənin d) bəndinin olması isə müqavilənin içində müddətlə bağlı hər hansı konkret fikirlərin yazılması tələbi ilə bağlı deyil. Həmin maddə, ümumiyyətlə, müqavilənin müddətə görə statusunun müəyyən edilməsini tənzimləyir. Əgər hər hansı müddət nəzərdə tutulmayıbsa, müqavilənin içində "Bu müqavilə müddətsiz bağlanmışdır" cümləsinin mövcudluğu zəruri deyil.
Məcəllənin 45-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
Beləliklə, müqavilədə heç bir müddətin göstərilməməsi heç bir tərəf üçün onun etibarsız hesab edilməsinə əsas verən hal kimi başa düşülməməlidir.