5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gəlir vergisi üzrə azadolmalar

Əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov “vergiler.az”a fiziki şəxsin muzdlu fəaliyyəti üzrə azadolmalarla bağlı maraq doğuran məsələləri şərh edib.

Vergi Məcəlləsinin 102-ci maddəsi fiziki şəxslərin gəlir vergisinə güzəşt və azadolmalarla bağlıdır. Həmin maddəyə əsasən:

- Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatk xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nüməyəndələrinin və onların aparatlarının işçilərinin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəlir gəlir vergisindən azaddır;

- Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəlir gəlir vergisindən azaddır - əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işəgötürən tərəfindən, yaxud onun adından ödənilirsə və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilmirsə;

- təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar:

1. hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1.000 manatadək olan hissəsi, mirasların dəyərinin 20.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Misal 1: Dövlət müəssisəsində çalışan işçinin aylıq gəliri 730 manatdır. Təqvim ili ərzində işçiyə 8.760 manat əməkhaqqı ödənilib. Müəssisə işçisinə təhsil haqqını ödəmək üçün müvafiq təsdiqedici sənəd əsasında 2.000 manat maddi yardım ödəyib. Şəxsin təqvim ili ərzində vergiyə cəlb edilən gəliri nə qədər olacaq?

Şəxsin illik ümumi gəliri: 8.760 manat + 2.000 manat (təhsil haqqı üçün maddi yardım);

Vergidən azadolma: 2.400 manat (Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən) + 1.000 manat (təhsil haqqı üçün azadolma) = 3.400 manat

Vergiyə cəlb edilən gəlir: (8.760 + 2.000) - (2.400 + 1.000) = 7.360 manat.

2. Ölkə daxilində müalicə haqqıını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10.000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Misal 2: Dövlət müəssisəsində çalışan işçinin aylıq gəliri 730 manatdır. Təqvim ili ərzində işçiyə 8.760 manat əməkhaqqı ödənilib. Müəssisə işçisinə müvafiq təsdiqedici sənəd əsasında ölkə daxilində cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün 14.000 manat maddi yardım ödəyib. Şəxsin təqvim ili ərzində vergiyə cəlb edilən gəliri nə qədər olacaq?

Şəxsin illik ümumi gəliri: 8.760 (illik əməkhaqqı) + 14.000 (cərrahiyyə əməliyyatı üçün maddi yardım);

Vergidən azadolma: 2.400 (Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən) + 10.000 (cərrahiyyə əməliyyatı üçün azadolma) = 12.400 manat;

Vergiyə cəlb edilən gəlir: (8.760 + 14.000) - (2.400 +10.000) = 10.360 manat.

Təhsil və ya müalicə (o cümlədən cərrahiyyə əməliyyatı üçün) haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.

- Hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri gəlir vergisindən azaddır.

Misal 3: Atasından şəxsə 150.000 manat dəyərində daşınmaz əmlak miras qalıb. Bu halda təsdiqedici sənədlər əsasında əmlakın dəyəri şəxsin vergiyə cəlb edilən gəliri hesab edilməyəcək.

- şəhid olmus səxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20.000 manatadək olan hissəsi;

- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmis hərbi qulluqçuların və mülki səxslərin əldə etdiyi maddi yardımun 20.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Maddi yardım almış mülki səxslərə bu güzəst o halda verilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səxsin hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edildiyini təsdiq edən arayıs təqdim edilmiş olsun.

- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi səxsin, onun filialı və nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləgvi və işçi sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə isçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Misal 4: Dövlət müəssisəsində çalışan işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ştatları ixtisar edildikdə) əsasən xitam verilib. İşçiyə ştatların ixtisarı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilən birdəfəlik müavinət gəlir vergisinə cəlb olunmayacaq.

Misal 5: Dövlət müəssisəsində çalışan işçinin əmək qabiliyyətinin itirilməsi ilə əlaqadar ona yanvar ayında 450 manat əməkhaqqı, 190 manat əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanıb. Şəxsin vergiyə cəlb edilən gəliri nə qədər olacaq?

Əmək qabiliyyətinin itirilməsinə görə müavinətlər gəlir vergisindən azad olmadığı üçün şəxsin vergiyə cəlb edilən gəliri aşağıdakı şəkildə hesablanır:

Vergiyə cəlb edilən gəlir: (450 + 130) - 200 = 380 manat.

- Alimentlər gəlir vergisindən azaddır.

Misal 6: İşçinin çalışdığı dövlət sektoruna aid müəssisədə aylıq gəliri 500 manatdır. Məhkəmənin qərarına əsasən ona keçmiş həyat yoldaşı tərəfindən hər ay 193 manat aliment ödənilir. İşçinin vergiyə cəlb edilən gəliri aşağıdakı şəkildə olacaq:

Vergiyə cəlb edilən gəlir: 500 - 200 = 300 manat.

Aliment gəlir vergisinə cəlb edilməyəcək.

- Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30.000 manatadək olduqda, 2.400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Misal 7: Dövlət sektoruna aid “A” müəssisəsində çalışan işçinin aylıq maaşı 430 manatdır. İşçi dövlət sektoruna aid “B” müəssisəsində də əlavə iş yeri kimi aylıq 300 manat məvaciblə çalışır. Bu halda işçinin əsas iş yerində aylıq gəlirindən 200 manat vergidən azad ediləcək, qalan 230 manat vergiyə cəlb ediləcək. Əlavə iş yerində isə bu güzəşt tətbiq edilməyəcək. 300 manat tam şəkildə vergiyə cəlb ediləcək.

Misal 8: İşçinin əsas iş yerində aylıq gəliri 2.800 manat, əlavə iş yerində isə 400 manatdır. Bu halda ona 200 manatlıq güzəşt tətbiq ediləcəkmi?

Əsas iş yerində güzəşt yalnız aylıq əməkhaqqı 2.500 manatdan az olduğu halda şamil edilir. Nümunədəki halda bu güzəşt tətbiq edilməyəcək. Əlavə iş yerində əməkhaqqı 2.500 manatdan az olduğuna baxmayaraq, güzəştin yalnız əsas iş yerinə şamil edildiyini nəzərə alaraq deyə bilərik ki, nümunədə fiziki şəxslərin gəlir vergisi ilə bağlı heç bir güzəşt tətbiq edilməyəcək.

- qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir;

- sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin, işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavillənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortaolunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər;

- fiziki şəxslərə kompensasiya xarakterli aşağıdakı ödəmələr gəlir vergisindən azaddır:

- iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği gəlir vergisindən azaddır.
Misal 9: Neft sektoruna aid müəssisədə çalışan iş vaxtı daimi yolda olan işçiyə 600 manat əməkhaqqı və 150 manat gündəlik ezamiyyə xərclərinin əvəzinə vəsait ödənilib. Şəxsin vergiyə cəlb edilən aylıq gəliri aşağıdakı şəkildə hesablanacaq:

Vergiyə cəlb edilən gəlir: 600 - 200 = 400 manat

Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri gəlir vergisindən azaddır.

Misal 10: Dövlət sektoruna aid müəssisədə çalışan işçinin aylıq gəliri 960 manatdır. Fevral ayında 4 gün ezamiyyətdə olub və ona 280 manat ezamiyyə haqqı ödənilib. Şəxsin vergiyə cəlb edilən gəliri
960 - 200 = 760 manat olacaq.

İşçiyə 280 manat ezamiyyət haqqı ödənilsə də, Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən, ödənilmiş ezamiyyət haqqı gəlir vergisinə cəlb edilməyəcək.

- Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri;

- əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;

- istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri gəlir vergisindən azaddır.

Misal 11: Müəssisənin işçisi istehsalatdan ayrılmaqla İngiltərədə 6 aylıq müddətinə təhsil almağa göndərilib. Müəsissə tərəfindən işçiyə aylıq 500 funt sterlinq təqaüd ödənilir. Bu məbləğ işçinin gəliri hesab edilməyəcək və vergiyə cəlb edilməyəcək.

- Təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar;
- verdikləri qana görə donorlara ödənilən kompensasiya məbləğləri;

- dalğıc işləri üçün pul mükafatı;

- ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar;

- hərbi qulluqçulara, hakimlərə, prokurorluq orqanlarının prokurorluq işçilərinə və prokurorluq işçiləri olmayan hərbi qulluqçularına, hüquq-mühafizə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarına ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla), habelə əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar;

- işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği gəlir vergisindən azaddır.

Misal 12: Müəssisənin işçisi hərbi və ya alternativ xidmətə çağırıldığı üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndi ilə xitam verilib. Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, əmək müqaviləsinə 74-cü maddənin birinci hissəsinin ”a” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə müavinət ödəyir. Bu müavinət Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən gəlir vergisindən azaddır.

- Yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri. Beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4.000 manatadək, respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində isə - 200 manatadək;

- dövlət qulluqçusu pensiya yaşına çatmasına görə könüllu işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq;

“Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsində dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar birdəfəlik müavinət nəzərdə tutulub. Həmin maddəyə görə, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.

Misal 13: Fərz edək ki, dövlət qulluqçusu pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar ona 6.500 manat birdəfəlik haqq verilib. Bu məbləğ gəlir vergisinə cəlb edilməyəcək.

- Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına və hakimlərə öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməşi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə vəzifəyə təyin olunan Azərbaycan Respublikasının icra hakimiyyəti və digər dövlət orqanlarının (təsisatlarının), Azərbaycan Respublikasının Mərkəzi Bankının və dövlətin adından yaradılan publik hüquqi şəxslərin rəhbər işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün verilən vəzifə maaşlarına aylıq əlavə pul təminatı;

- “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxslərə ödənilən kompensasiya;

- Azərbaycan Respublikasının keçmiş Prezidentinə və onun ailə üzvlərinə ödənilən pensiya, müavinət və digər ödənişlərin məbləği, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) haqqı ödənilən ictimai işlərə cəlb etdiyi işçilərinin bu fəaliyyətlə əlaqədar gəlirləri gəlir vergisindən azaddır.

Mənbə: Nüsrət Xəlilovun “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması