Sosial siyasət dövlətimizin fəaliyyətinin prioritet istiqamətidir
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2 il bundan əvvəl Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq uğurlu hərbi əməliyyatlar keçirməklə möhtəşəm Zəfər qazandı və 30 ilə yaxın işğal altında qalmış doğma torpaqlarımızı azad etdi.
Müharibədən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu tədbirlər çərçivəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə veteranlarından ibarət 101 min şəxsə 113 min aylıq sosial ödəniş (pensiya, müavinət, təqaüd) təyinatı aparılıb, 2 minə yaxın şəxsə sığorta ödənişi edilib.
Ötən dövrdə olduğu kimi, postmüharibə dövründə də şəhid ailələri və müharibə əlillərinə sosial ödənişlərin növbəti dəfə əhəmiyyətli şəkildə artırılması təmin edilib. 2021-ci ilin əvvəlindən şəhid ailə üzvlərinin, müharibə əlillərinin, Milli qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən isə sosial müavinətlər orta hesabla 60 faiz artırılıb.
1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələri ilə bağlı yeni sosial dəstək proqramı çərçivəsində artıq 15 mindən çox şəxs birdəfəlik ödəmə ilə təmin olunub.
Postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, 3800 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə, 264 avtomobil müharibə əlillərinə verilib.
Ümumilikdə ötən dövrdə 12800 imtiyazlı şəxs mənzil və ya fərdi evlə, 7500 müharibə əlili avtomobillə təmin edilib.
Həmçinin 11 min nəfərə 34 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. O cümlədən I və II Qarabağ müharibəsi əlillərindən ibarət 352 şəxs 367 yüksək texnologiyalı müasir protez, 1605 müharibə əlili 25 min reabilitasiya vasitəsi ilə təmin olunub.
13400 şəhid ailəsi üzvü və müharibə veteranı aktiv məşğulluq proqramlarına, o cümlədən 8 minədək şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Ötən ilin iyun ayında yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 56 mindən çox şəxsə xidmətlər göstərilib.
Ümumilikdə postmüharibə dövründə şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi 118 min şəxsi əhatə edib, onlara 237 min sosial dəstək xidməti göstərilib.