8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək müqaviləsinin ləğv olunması – 4 sual, 4 cavab

İşçilərin əmək hüquqlarının qorunması Azərbaycan qanunvericiliyində əsas məqamlardandır. Bu mövzuda “vergiler.az”ın suallarını əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov cavablandırır.

Əmək hüquqları ilə bağlı problemlər əksər hallarda işçi və işəgötürənlərin öz hüquq və vəzifələri haqqında məlumatlı olmadıqlarına görə yaranır. İşçi ilə bərabər işəgətürən də qanunun tələblərini bilməli və əmək münasibətlərini qanun çərçivəsində dəyərləndirərək qərar verməlidir.

Həssas məsələlərdən biri də əmək müqaviləsinin ləğv edilməsidir. Əmək Məcəlləsinin 79-cu maddəsində Məcəllənin 70-ci maddəsinin “a” bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddəsi (müqavilə müddətinin bitməsi) ilə xitam verilmə halları istisna olmaqla, əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar sadalanır:

- hamilə, habelə üç yaşınadək uşağı olan qadınlar, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər;

- yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilər;

- əmək qabiliyyətini müvəqqəti itirən işçilər;

- şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olan işçilər;

- işçinin həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;

- öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I dərəcə əlilliyi olan ailə üzvü olan işçilər.

Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Misal 1: Üç yaşınadək uşağı olan qadın işçinin əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilib. Bu hal qanuna uyğundurmu?

Üç yaşınadək uşağı olan qadın işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən xitam verilməsinin qadağan olunmasına baxmayaraq, müqavilə müddətinin bitməsi əsası istisnadır. Çünki müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilə bilər.

Misal 2: Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək ailə üzvü olan işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatlar ixtisar edildikədə) xitam verilib və müvafiq müavinətlər hesablanaraq ödənilib.

Qeyd edilən işçinin əmək müqaviləsinə, müəssisənin ləğv edilməsi, müqavilə müddətinin bitməsi və öz təşəbbüsü ilə xitam verilən hallar istisna edilməklə qalan hallarda xitam verilə bilməz. Bu baxımdan, qeyd edilən hal qanun pozuntusudur.

Misal 3: Üç yaşınadək uşağını təkbaşına böyüdən kişi işçi ərizə ilə müraciət edərək öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsini xahiş edib. İşəgötürən əmək müqaviləsinə xitam verə bilərmi?
Bu halda müqaviləyə xitam verilə bilər. Çünki qaydalar çərçivəsində öz təşəbbüsü ilə işdən azad olmağa heç bir məhdudiyyət qoyula bilməz.

Misal 4: Əmək qabiliyyətini müvəqqəti itirən işçinin əmək müqaviləsinə əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilib. Xitam qanuna uyğundurmu?
Xeyr. 79-cu maddədə qeyd edilən işçilərin əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilə bilsə də, unutmaq olmaz ki, 73-cü maddənin 2-ci bəndində işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilməsi qeyd edilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?