Şəhid ailəsi, müharibə əlilinə mənzil və avtomobillərin təqdim olunması proqramı bu il də uğurla davam etdiriləcək
Ölkəmizdə ardıcıl olaraq sosial islahat paketləri icra olunur. Təkcə son üç il ərzində icra olunan üç paket çərçivəsində ölkə əhalisinin 40 faizindən çoxu əhatə edilib və onlara aparılan ödənişlərin məbləği 6 milyard manatdan çoxdur. Həmin üç sosial islahat paketi nəticəsində Azərbaycanda minimum əməkhaqqı 130 manatdan 300 manata, minimum pensiya 106 manatdan 240 manata çatdırılıb. Ölkəmizdə hər bir minimum üzrə artımlar 220-230 faiz həcmində olub. Eyni zamanda, əməkhaqqı fondu demək olar ki, iki dəfə yüksəlib. Median əməkhaqqı 75 faiz, orta əməkhaqqı təqribən 40 faiz, orta pensiya 65 faiz artıb. Bütün bu göstəricilər Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sosialyönümlü siyasətin həyata keçirildiyini, vətəndaşların rifahının yüksəlməsinin əsas məsələ olduğunu bir daha bariz şəkildə sübut edir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu barədə Bakıda keçirilən “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda beynəlxalq konfransda jurnalistlərə verdiyi müsahibədə deyib.
Nazir müsahibə zamanı bildirib ki, digər bir istiqamət isə göstərilən sosial xidmətlərin keyfiyyətinin artırılmasıdır: “İki ana xətt üzrə islahatlar aparılır. Birinci islahat Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST mexanizminin yaradılmasıdır. İlk DOST mərkəzinin istifadəyə verilməsindən ötən iki ildən bir qədər artıq dövr ərzində 6 DOST mərkəzi fəaliyyətə başlayıb. Bütün Bakı şəhəri həmin mərkəzlərlə əhatə olunub. Yaxın gələcəkdə regionlarda daha iki DOST mərkəzinin açılması nəzərdə tutulub. Həmin mərkəzlərdə göstərilən xidmətlərin sayı 150-ni keçib. Hazırda DOST mərkəzlərində gündəlik olaraq 3 min nəfərdən çox vətəndaşa xidmət göstərilir və həmin xidmətlər onların hər biri tərəfindən fərdi qaydada qiymətləndirilir. Sevindirici haldır ki, 2021-ci il üzrə vətəndaşların həmin xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edib. 2019-cu ildən indiyə qədər olan xidmətlərin səviyyəsindən məmnunluq faizinin 97, 4 faiz olması bir daha DOST konsepsiyasının uğurunu göstərir.
Digər bir islahat xətti isə keyfiyyətin yüksəldilməsi üçün xidmətlərin avtomatlaşdırılmasıdır və bu sahədə Azərbaycanın əldə etdiyi uğur bütün MDB məkanında ən yüksək uğurlardan biri hesab olunur. DOST mexanizmi ilə tanış olmaq üçün indiyədək 16 ölkədən nümayəndə heyəti gəlib və onunla yaxından tanış olub. Elektronlaşma üzrə maraq göstərən ölkələrin sayı isə iki dəfə artıqdır. Bu gün ölkəmizdə pensiyaların 80 faizi elektron qaydada təyin olunur, sosial müavinət və təqaüdlərin böyük əksəriyyəti proaktiv qaydada aparılır, ümumilikdə isə nazirliyin göstərdiyi xidmətlərin 110-u tam elektron platforma üzərindən həyata keçirilir. Onu da qeyd edim ki, nazirliyin cəmi 174 xidməti var və onlardan 14-ü elektronlaşdırıla bilinməyən xidmətlərdir. Həmin xidmətlər istisna olmaqla ilin sonuna qədər daha 50 xidmətin elektronlaşması nəzərdə tutulub. Beləliklə, gələn ilin axırında Azərbaycanda göstərilən sosial elektron xidmətlərin sayı 160-a çatacaq. Başqa sözlə, nazirliyin göstərdiyi xidmətlərin 90 faizindən çoxu elektron platformada icra olunacaq.
Paralel olaraq “Virtual DOST” xidmətinin təqdimatı da yekun mərhələdədir. Bu il “Virtual DOST” mərkəzi mexanizmi də yaradılacaq və vətəndaşlar ölkənin istənilən yerindən həmin mərkəz vasitəsilə istənilən xidmət üçün müraciət edə biləcək”.
Nazir daha sonra deyib: “44 gün davam edən və Zəfərlə başa çatan Vətən müharibəsi dövründə ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsi, BMT-nin uzun illər boyu icra olunmayan qətnamələrinin xalqımızın öz iradəsi və gücü ilə həyata keçirməsi hər kəsin həyatında və yaşadığımız tarixdə ən şanlı səhifələrdən biridir. Həmin müharibənin qəhrəmanları olan şəhidlər, əsgərlər, qazilər və döyüşlərdə əlil olan şəxslər hökumətin diqqətində olan və qayğı ilə əhatə olunan ən əhəmiyyətli kateqoriyadır. Dövlət başçısı ötən ilin əvvəllərində onlara edilən ödənişlərin orta hesabla 60 faiz artırılması haqqında Fərman imzaladı və həmin kateqoriyadan olanlara geniş sosial dəstək göstərilməsi barədə tələblər qoyuldu. Həmin tapşırıqların icrası sahəsində bir il ərzində 45 min şəhid ailəsi üzvü, qazi və müharibə iştirakçısını əhatə edən 50 min sosial dəstək tədbiri həyata keçirilib. 21 mindən çox sosial ödənişlər təyin olunub, həmin təbəqədən olan 10 min nəfərdən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Xüsusi olaraq “Məşğulluq marafonu”nu qeyd etmək lazımdır. Ölkə Prezidentinin çağırışına qoşulan 600-dən çox işəgötürən, şirkət, müəssisə və təşkilat öz vakansiyalarını yerləşdirməsi hesabına həmin kateqoriyadan olan minlərlə şəxs də marafon vasitəsilə işə düzəlib. 15 min nəfərə yaxın şəxsə reabilitasiya dəstəyi göstərilib. Müharibədə əzalarını itirən döyüşçülərin müasir elektron protezlərlə təminatı həyata keçirilib. İndiyə qədər 191 Vətən müharibəsində əzalarını itirən şəxslərdən 186 nəfəri elektron protezlərlə tam şəkildə təchiz edilib. Qalan 5 nəfər isə müalicəsi başa çatandan sonra protezlərlə təmin olunacaq.
Vətən müharibəsindən əvvəlki dövrdə əzalarını itirən vətəndaşların elektron protezlərlə təmin olunması icra olunmağa başlanılıb. İndiyədək 100-dək Vətən torpağı müdafiəçisi elektron protezlərlə təmin edilib. Ötən il çox böyük mənzil proqramı icra olunub. 3 min nəfər şəhid ailəsi və müharibə əlilinə mənzillər və avtomobillər təqdim olunub. Bu proqramlar hamısı postmüharibə dövründə bizə Qələbə sevincini yaşadanların sosial müdafiəsini gücləndilməsi üçün həyata keçirilib. Bu il də həmin proqram uğurla davam etdiriləcək”.