15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezidentin yeni Sərəncamı pensiyalarda artım tempinin bu il də davam etməsinə imkan verib

Sərəncam bütün pensiyalarda eyni dərəcədə ardıcıl artıma imkan verən vahid indeksasiya əsaslı artım mexanizminə keçidə şərait yaradıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial siyasəti pensiyaçıların da sosial müdafiəsinin gücləndirilməsində mühüm irəliləyişlərə, pensiyalarda davamlı artımlara imkan verib. Ötən dövrdə bu istiqamətdə ardıcıl addımlar atılıb, xüsusilə son illərdə inqilabi irəliləyişlər əldə edilib. Üç il əvvələ nisbətən minimum pensiya məbləği 2,2 dəfə, ölkə üzrə orta aylıq pensiya məbləği 60 faiz artıb.

Dövlətimizin başçısının 2022-ci il 8 fevral tarixli Sərəncamı artım dinamikasının bu il də davam etməsinə, pensiyaların indeksləşdirilərək artırılmasına, bununla bərabər, pensiyaçılara əlavə dəstək olaraq, 200 manat məbləğində maddi yardımın verilməsinə, nəticə etibarilə ümumi əsaslarla təyin edilmiş pensiyalarda orta hesabla 9 faiz artıma imkan verib.

Hazırda ölkəmizdə pensiyaçıların ümumi sayı 1,2 milyon nəfərdir ki, onları pensiyanın təyin edilməsi şərtləri baxımından iki kateqoriyaya bölmək olar. Birinci kateqoriyaya ümumi əsaslarla pensiya təyin edilmiş şəxslər daxildir ki, onların sayı 1,1 milyon nəfərdir. Digər kateqoriyadan olanlar 100 minə yaxın şəxsi əhatə edir ki, onlar ehtiyatda olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b. əhatə edən xüsusi şərtlərlə, yəni qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslərdir.

Xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxslərə yüksək dövlət qayğısının təzahürü kimi “Əmək pensiyaları haqqında” Qanunla onların pensiyaları qulluq stajlarına görə əlavələr edilməklə hesablanır. Bunun da nəticəsi olaraq, hazırda qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslərin, o cümlədən ehtiyatda olan hərbi qulluqçuların, hüquq-mühafizə orqanları əməkdaşlarının pensiyalarının orta aylıq məbləği ölkə üzrə pensiyaların orta aylıq məbləğindən yüksəkdir.

Pensiyaların artımı mexanizmlərinə gəlincə, hər iki kateqoriya pensiyaçıların pensiya artımları fərqli qaydada həyata keçirilir. Belə ki, ümumi əsaslarla təyin edilmiş pensiyaçıların pensiyaları hər ilin əvvəlindən əvvəlki ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun şəkildə indeksasiya edilərək artırılır.

Xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiyaları isə yalnız onların əvvəllər işləmiş olduqları sahələrdə aldıqları əməkhaqqı, təminat xərcliyi artdığı halda artırılır. Nəticədə həmin şəxslərin pensiyaları hər ilin əvvəlində indeksasiya əsasında edilən artımdan kənarda qalır. Bu da onların pensiya artımının ümumi əsaslarla pensiya təyin edilmiş şəxslərin pensiyalarında baş verən artımdan geri qalması ilə nəticələnir.

Bunun bariz nümunəsi kimi əgər son 10 ilə baxsaq görərik ki, həmin dövrdə indeksasiya əsasında pensiyalarda artım 98 faiz olub, xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiyalarında isə müvafiq əməkhaqqı artımlarına uyğun artımlar 7-86 faiz arasında özünü göstərib. Bu da onu göstərir ki, indeksasiya əsasında pensiya artımı digər fərqli qaydada pensiya artımından daha çox olur və pensiyaçıların sosial müdafiəsi baxımından daha effektivdir.

Ona görə də xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxslərin, o cümlədən ehtiyatda olan hərbi qulluqçuların, hüquq-mühafizə orqanları əməkdaşlarının da pensiyalarında artımların indeksasiya əsasında tətbiq edilməsinin onların sosial müdafiəsinin gücləndirilməsi, sosial maraqları baxımından daha səmərəli olduğunu göstərir.

Xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxslər də hər ilin əvvəlində indeksasiya əsasında pensiyalarda edilən artımlardan kənarda qaldığından onlarda da narazılıqlar yaranır. Həm də bu gün mütərəqqi dünya təcrübəsinə də baxanda, inkişaf etmiş dünya ölkələrində vahid indeksasiya metodologiyası üzrə pensiya artımlarının təmin edildiyini görürük.

Prezident İlham Əliyevin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 2022-ci il 8 fevral tarixli Sərəncamı da əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsini, eyni zamanda, pensiya artımlarında vahid indeksasiya metoduna keçirilməsini təmin edir.

Sərəncamda verilən tapşırıqlardan biri də xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiyalarının da hər ilin əvvəlində indeksasiya əsasında yenidən hesablanaraq artırılması üçün təkliflərin hazırlanmasıdır. Bu da nəticə etibarilə həmin kateqoriyadan olan pensiyaçıların da pensiyalarının hər ilin əvvəlində indeksləşdirlərək artırılmasına, onlara dövlət dəstəyinin daha da gücləndirilməsinə imkan verəcək. Bununla yanaşı, xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxslərə də Sərəncama əsasən, 2022-ci il üzrə maddi dəstək göstəriləcək və bununla bağlı da bir ay müddətində təkliflər təqdim edilməsinə dair tapşırıq verilib.

Son olaraq qeyd edə bilərik ki, pensiya sahəsində aparılan islahatlar hər bir pensiyaçının maraqlarının müdafiəsinə, onların rifahının yaxşılaşdırılması üçün məqsədyönlü addımların atılmasına yönəlib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?