2 Dekabr 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlara vahid məkanda xidmət: KOB evləri

“Xaçmaz KOB evi”nin fəaliyyətə başlamasından 2 il ötür

Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar, sahibkarlığın dəstəklənməsi tədbirləri və dəstək mexanizmləri özəl sektorun inkişafına xidmət edir. Bu gün özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, sahibkarlığın ÜDM-də və məşğulluqda payı artır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması, əhatə dairəsinin genişləndirilməsi, bu xidmətlərə vahid məkanda asan və rahat çıxışın təmin olunması istiqamətində KOB evləri əhəmiyyətli rol oynayır.

Ümumiyyətlə, KOBİA-nın struktur bölməsi olan KOB evləri biznes subyektləri üçün operativlik, nəzakətlilik, şəffaflıq və rahatlıq prinsiplərinə, müasir innovasiyalara əsaslanan dövlət-biznes (“G2B”) və zəruri biznes-biznes (“B2B”) xidmətlərinin göstərildiyi vahid məkandır. KOB evlərinin əsas üstünlüyü sahibkarlara biznes fəaliyyəti üçün lazım olan dövlət və özəl xidmətlərin vahid məkanda təqdim olunmasıdır. Bu isə sahibkarın biznes fəaliyyəti üçün sərf etdiyi vaxtın və əməliyyat xərclərinin azalması deməkdir. KOB evlərinin başqa bir üstün tərəfi isə sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçülə bilən olmasıdır. Bütün bunlar sahibkar məmnunluğuna və əlverişli biznes ekosisteminin inkişafına şərait yaradır, sahibkarlar daha çox öz bizneslərini inkişaf etdirməyə fokuslanırlar. KOB evləri, həmçinin fəaliyyət göstərdiyi regionda kiçik və orta biznesin inkişafını, yeni KOB subyektlərinin yaranmasını stimullaşdırır, rayonun iqtisadi potensialının daha dolğun reallaşdırılmasına dəstək olur.

Hazırda Yevlax və Xaçmaz şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOBİA-dan verilən məlumata əsasən, indiyədək KOB evlərində sahibkarlara ümumilikdə 79 min 461 xidmət göstərilib. Bunlardan 74 min 994-ü “G2B”, 4467-si isə “B2B” xidmətlərdir.

KOB evlərində sahibkarlara təqdim olunan xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi üçün elektron sistem tətbiq edilir və hər bir xidmət üzrə yerindəcə sahibkar məmnunluğu ölçülür. KOB evlərində göstərilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi hazırda 98 faiz təşkil edir.

KOB evlərində onlayn növbə imkanı da mövcuddur. Sahibkarlar “KOB növbə” tətbiqini “GooglePlay” və “App Store”dan yükləməklə KOB evlərinə getmədən onlayn növbə götürə bilərlər. Bu tətbiq sahibkarı KOB evindəki növbə sayı və növbənin bitmə vaxtı və sair kimi məlumatlarla təmin edir. Agentliyin məlumatına görə, “KOB növbə” mobil tətbiqinin yaradılmasında məqsəd KOB evlərinə müraciət edən sahibkarlar üçün operativ xidmətin təmin edilməsi və əlavə vaxt itkisinə yol verməməkdir.

Fevralın 7-də “Xaçmaz KOB evi”nin fəaliyyətə başlamasından 2 il ötür. KOBİA-nın məlumatına görə ötən iki ildə “Xaçmaz KOB evi” tərəfindən sahibkarlara 49 min 931 xidmət göstərilib. Bunlardan 47 min 973-ü (96 faiz) “G2B”, 1958-i (4 faiz) isə “B2B” xidmətlərdir.

Statistikadan da göründüyü kimi sahibkarlar KOB evlərinə daha çox dövlət qurumları tərəfindən təqdim olunan xidmətlər üçün müraciət edirlər. Bu yaxınlarda “Xaçmaz KOB evi”ndə daha 2 yeni “G2B” xidmət sahibkarların istifadəsinə verilib. “Ümumiyyətlə, sahibkarların ehtiyacı olan bütün dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin KOB evlərində təqdim olunması, xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması, rəqəmsallaşdırılması və asanlaşdırılması KOBİA-nın başlıca fəaliyyət istiqamətlərindəndir”, - deyə KOBİA-dan bildirilib.

“Xaçmaz KOB evi”ndə hazırda 10 dövlət qurumu tərəfindən 18 xidmət masasında 150-dək “G2B”, 6 özəl qurum tərəfindən 6 xidmət masasında 100-dək “B2B” xidmətlər göstərilir. Sahibkarlar biznes fəaliyyəti ilə bağlı lazım olan biznesin qeydiyyatı, vergi məsələləri, sahibkarlıq fəaliyyəti üçün lisenziyalar və mənşə sertifikatı, əmlakın dövlət reyestrindən çıxarışı, aqrar sahə üzrə subsidiyalar, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, qida təhlükəsizliyi sertifikatı, kommunal xidmətlər, bank və sair xidmətlər üçün “Xaçmaz KOB evi”nə müraciət edə bilərlər.

KOB evinin xidmətlərindən Xaçmazla yanaşı, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar da yararlana bilərlər. Ötən 2 ildə “Xaçmaz KOB evi”nin xidmətlərindən daha çox istifadə edən rayonlar arasında Xaçmaz, Quba və Qusardan olan sahibkarlar üstünlük təşkil edib.

İqtisadiyyatKOB-ların inkişafı, yaşıl iqtisadiyyatın genişləndirilməsi üzrə yeni çağırışlar müzakirə edilib İqtisadiyyatMikayıl Cabbarov: Kiçik və orta biznesin inkişafı bizim üçün prioritetdir VergiTest imtahanından uğurla keçən namizədlər üçün müsahibə keçiriləcək VergiMənzil satın alarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması şərtləri İqtisadiyyatƏminə Erdem: “Azərbaycanda qadınların sahibkarlıqla məşğul ola bilməsi üçün böyük imkanlar var” VergiMüharibə veteranlarının əməkhaqqından sığorta haqları necə tutulur? Vergiİkiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya layihəsi müzakirə olunub İqtisadiyyatAzərbaycan-Türkmənistan iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb İqtisadiyyatÖlkədaxili nağdsız əməliyyatların həcmində artım qeydə alınıb Vergiİctimai təşkilata ayrılan qrant dövlət büdcəsindən maliyyələşmə hesab edilirmi?