Xərclərin əsas hissəsi sosial təminat və sosial müdafiə xərclərinə yönəldiləcək
Azərbaycan iqtisadiyyatı artıq postpandemiya mərhələsinə daxil olub və iqtisadi artım bərpa edilir və inkişaf göstəriciləri yüksəlir. İqtisadi fəallığın artması ölkəmizin maliyyə-iqtisadi göstəricilərinin də yaxşılaşmasına səbəb olmaqdadır. 2021-ci ilin ötən 9 ayında iqtisadi inkişaf tempi 4,8 faizə çatıb və bu, o deməkdir ki, iqtisadiyyatımız böhran dövrünü arxada qoyaraq yeni inkişaf yolunda inamla irəliləyir. Bütün bunların nəticəsində davamlı inkişaf, 2022-ci ilin maliyyə ili üçün dayanıqlı iqtisadi təminat yaranıb. Bütün bu ssenarilərə əsasən hazırlanmış 2022-ci ilin dövlət büdcəsi layihəsi Azərbaycanın inkişafı üçün güclü zəmin yaradır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Deputatın sözlərinə görə, 2022-ci il üzrə büdcə siyasətinin istiqamət və hədəfləri mövcud qlobal iqtisadi çağırışlar, eləcə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində müəyyən edilmiş prioritetlər və onların həyata keçirilməsi üçün qarşıya qoyulmuş strateji məqsədlər nəzərə alınmaqla tərtib olunub. Dövlət büdcəsinin gəlirləri 26.816 milyon manat müəyyən edilib ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə1,4 milyard manata yaxın artım deməkdir. Büdcənin gəlirlər hissəsinə Dövlət Vergi Xidmətinin xətti ilə 8,716 milyard manat vəsait daxil olacağı proqnozlaşdırılır. Daxilolmaların əsas hissəsi hüquqi şəxslərin gəlir vergisinin (ümumi vergi daxilolmaların 30,6 faizi) və əlavə dəyər vergisinin (ümumi vergi daxilolmaların 27,2 faizi) payına düşəcək. Gömrük daxilolmaları isə 4,2 milyard manat proqnozlaşdırılıb. 2022-ci ildə Dövlət Neft Fondunun (DNF) büdcəyə 12.710 milyon manat vəsait köçürəcəyi gözlənilir.
Gələn ilin büdcə xərclərinin 29 milyard 879 milyon manat proqnozlaşdırıldığını qeyd edən Aydın Hüseynov deyib: “Bu, son 30 ilin, yəni Azərbaycanın müstəqillik dövrünün ən böyük büdcə xərcləri deməkdir. Büdcə xərci üzrə göstəricilər 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4 faiz və 4,7 faiz çoxdur. Büdcədə 3.063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7 faiz azalma deməkdir. Büdcə gəlirlərinin 25.874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28.900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatını isə yerli xərclər təşkil edir”.
Deputat qeyd edib ki, büdcə layihəsi dövlətin əsas funksiyalarının, o cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil, dövlət borcu, prioritet dövlət proqramları və layihələri üzrə maliyyələşdirmənin davam etdirilməsi, əhalinin sosial rifahının qorunmasına yönəlmiş tədbirlərin və iqtisadi artımın dəstəklənməsinə güclü maliyyə təminatı yaradır. Eyni zamanda, Zəfərdən sonra Qarabağ və Şərqi-Zəngəzurda başlanmış işlərin davam etdirilməsi, işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsi, minatəmizləmə tədbirlərinin təşkil olunması, habelə su, elektrik enerjisi, qaz təchizatı, rabitənin bərpası, həmçinin yol infrastrukturunun qurulması ilə əlaqədar işlərin icrası, əhalinin məskunlaşdırılması və onların həyat şəraitinin bərpası, dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin həyata keçirilməsi kimi tədbirlər üçün əhəmiyyətli maliyyə təminatı nəzərdə tutulub. 2022-ci ildə bu məqsədlər üçün büdcədən 2,2 milyard manat vəsaitin ayrılması qərara alınıb.
“2022-ci ilin dövlət büdcəsinin əsas xərclərini, təqribən 40 faizini sosialyönümlü xərclər təşkil edəcək. Həmin xərclərin əsas hissəsi sosial təminat və sosial müdafiə xərclərinə yönəldiləcək. Gələn il minimum aylıq əməkhaqqının məbləğinin artırılması, o cümlədən büdcədən maliyyələşən təşkilatlarda əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, əmək pensiyalarının minimum məbləğinin, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarı həddinin, bir sıra sosial müavinətlərin, doktorantların və tələbələrin təqaüdlərinin məbləğinin artırılması nəzərdə tutulur ki, bu tədbirlərin maliyyələşdirilməsi 2022-ci ilin dövlət büdcəsinin sosial xərclərində xüsusi yer tutacaq. Bir sözlə, büdcədən sosial məqsədlər üzrə bütün istiqamətlərdə artımın təmin edilməsi üçün əlavə maliyyə mənbələri nəzərə alınıb”, - deyə Aydın Hüseynov bildirib.