5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xocalı soyqırımı - insanlığa qarşı cinayət

"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".

Heydər ƏLİYEV

Ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi ən dəhşətli cinayətlərdən biri də 1992-ci ilin 25 fevralından 26-na keçən gecə Xocalı şəhər sakinlərinə qarşı etdiyi vəhşiliklər, soyqırımı hadisəsidir. Həmin gecə insanlıq hissini itirmiş erməni quldurları keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birgə tək Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı cinayət törətmiş, yüzlərlə dinc insan - yaşlı, uşaq və qadın bir neçə saatın içində öldürülmüş, onlara qarşı ən dəhşətli işgəncə və təhqiramiz əməllər həyata keçirilmişdir. Bu faciə inanılmaz dərəcədə dəhşətli faktlara, miqyasına və mahiyyətinə görə tarixdə Xatın, Lidisa, Oradur kimi soyqırımları ilə, bəşəriyyətə qarşı törədilmiş cinayətlərlə birgə xatırlanır.

27 il əvvəl baş vermiş həmin müdhiş gecədə məqsədli və əvvəlcədən planlaşdırılmış şəkildə 613 nəfər amansızcasına qətlə yetirilmiş, cinayətkarlar hətta meyitlərin təhqir edilməsindən belə çəkinməmiş, insanların baş, qol və digər bədən üzvlərini kəsmiş, gözlərini çıxarmış, başlarının dərisini soymuşlar. Hamilə qadınların qarınları süngü ilə deşilmiş, meyitlərlə insanlığa ləkə gətirəcək bir şəkildə davranılmışıdr.

Həmin müdhiş gecədə qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi. Qətliam nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmış, 1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüşdür. İtkin düşənlərin çoxunun, girov götürülənlərin isə bəzisinin aqibəti hələ də məlum deyildir. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı kimi Azərbaycan xalqının qan yaddaşına yazılmışdır. Ermənilərin məkrli siyasətinin mahiyyətini incəliyinə kimi duyan ulu öndər Heydər Əliyev 1995-ci il fevralın 25-də Təzəpir məscidindəki çıxışında demişdir: "Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi".

Təəssüflə qeyd etməliyik ki, bu faciəyə zəminin, şəraitin tədricən bir neçə ay əvvəldən yaradılmasına baxmayaraq, o dövrdə Azərbaycana rəhbərlik edən şəxslər təsirli tədbirlər görməmişdilər. Məhz belə məsuliyyətsiz davranışların, baş verənlərə biganə yanaşmanın məntiqi nəticəsi olaraq dinc, əliyalın Xocalı sakinləri təpədən-dırnağa kimi silahlanmış erməni vəhşiləri və rus hərbçiləri ilə üz-üzə qalmış və nəticədə faciənin miqyası daha da böyümüşdü.

...Xocalı şəhəri ilə quru yolla əlaqə hələ 1991-ci ilin oktyabrında tamamilə kəsilmişdi və gediş-gəliş yalnız vertolyotlarla mümkün idi. İki ay sonra - 1991-ci il dekabrın 15-də Cəmilli kəndi ermənilər tərəfindən yandırılmış, bir neçə gündən sonra isə Meşəli kəndinə od vurulmuşdu. Lakin baş verənlər, faciənin necə sürətlə və qarşısıalınmaz şəkildə Xocalıya yaxınlaşdığı hamıya məlum olduğu halda, mərkəzdə siyasi ehtiraslar qızışmış, hakimiyyət uğrunda ölüm-dirim savaşı başlanmışdı. Münaqişə zonasında isə halqa daralır, faciə Xocalıya daha da yaxınlaşmaqda davam edirdi. Faciə baş verməzdən bir ay əvvəl - 1992-ci ilin yanvarında Xocalıya elektrik enerjisinin nəqli də tamamilə kəsilmişdi.

Beləliklə, Xocalı şəhəri tam mühasirəyə alınmış, faciənin baş verməsi qarşısıalınmaz bir prosesə çevrilmişdi. Faciə baş verdikdən sonra da mərkəzdə hakimiyyət uğrunda mübarizə dayanmamış, əksinə, bu fürsətdən istifadə edib Azərbaycanda hakimiyyət dəyişikliyi prosesi başlanmışdı. Başı hakimiyyət uğrunda mübarizəyə qarışan ölkə rəhbərliyi Xocalı faciəsinə biganə yanaşır, dəhşətli, dözülməz vəziyyətə düşən xocalılara dövlət tərəfindən hər hansı kömək edilmir, faciəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində heç bir əməli fəaliyyət göstərilmirdi.

Məhz ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində münasibət bildirildi və ulu öndərin rəhbərliyi ilə bu faciəyə düzgün siyasi-hüquqi qiymət verildi, bu dəhşətli hadisənin səbəbkarları və iştirakçıları aydın şəkildə göstərildi. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Xocalıda baş verənlər Milli Məclisdə müzakirə olundu. Ölkə Prezidentinin sərəncamı ilə 26 fevral - Xocalı faciəsi günü elan edildi. Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı ilə ilk dəfə faciənin dəqiq siyasi qiyməti verildi, günahkarlar göstərildi. Adı çəkilən fərman, beynəlxalq insan haqları haqqında aktlar, BMT nizamnaməsi, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsi ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının dəhşətli cinayət kimi tanınmasına tam əsas yaradır.

Beynəlxalq hüququn tələblərində bu cür cinayətlərə görə məsuliyyətə cəlbetmə müddətinin tətbiq olunmaması isə ona dəlalət edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş dəhşətli cinayətlərdən, o cümlədən Xocalı soyqırımından nə qədər vaxt ötsə də, həmin cinayətləri törətmiş şəxslər məsuliyyətdən yayına bilməzlər. Beynəlxalq hüquq normalarına görə, soyqırımı cinayəti törətmiş şəxslərin mühakiməsi və cəzalandırılması labüddür.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi irsini uğurla davam etdirən Prezident İlham Əliyev də Xocalı faciəsinin beynəlxalq miqyasda birmənalı şəkildə soyqırımı aktı kimi tanınması üçün əlindən gələni edir. Ölkə başçısının "...düşünürəm ki, müstəqil, güclü və demokratik Azərbaycan dövlətinin mövcudluğu və getdikcə inkişaf etməsi Xocalı şəhidlərinin ruhuna təsəlli ola bilər" - fikirləri və bu amalın daha uğurla reallaşması istiqamətindəki ardıcıl və qətiyyətli fəaliyyəti qeyd etdiyimiz fikri bir daha təsdiq etmiş olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə son illər bu soyqırımı hadisəsinin bütün dünyada tanınması və ədalətli siyasi-hüquqi qiymətinin verilməsi istiqamətində geniş ideoloji-intellektual işlər görülür. Azərbaycan Respubkilasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən işlər də öz bəhrəsini verməkdədir. Xüsusilə son illər Azərbaycan həqiqətləri, mədəniyyətimiz, Dağlıq Qarabağın tarixinə dair əsərlər, Xocalı faciəsi haqqında kitablar, filmlər, stendlər dünyanın hər yerində nümayiş etdirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən, 2009-cu ilin fevralında fəaliyyətə başlayan və hazırda uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası da Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu soyqırımının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Bunun nəticəsi olaraq, 2010-cu ilin yanvar ayının 31-də İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İKT Pİ) 51 ölkənin parlament heyətləri başçılarının iştirakı ilə keçirilən VI sessiyasında qətnamə qəbul edilib.

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "İnsanlığa qarşı cinayət" kimi qiymət verilib. Qətnamədə "Xocalıya ədalət" beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapıb. Qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımını "İnsanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəddir.

Son illər ərzində dünya dövlətlərinin qanunvericilik orqanlarında Xocalı soyqırımı insanlığa qarşı yönəlmiş cinayət aktı kimi dəyərləndirilməkdə və bu istiqamətdə xüsusi qətnamələr qəbul olunmaqdadır. Bununla yanaşı, ABŞ-ın Xocalı soyqırımını tanıyan və bu cinayəti qınayan ştatlarının sayı hər il artmaqdadır. Artıq Massaçusets, Texas, Nyu Cersi, Corciya və Meynin ardınca Nyu-Meksiko və Arkanzas ştatları da Xocalı qırğınını tanıyıblar. Bununla yanaşı, 2011-ci ilin dekabr ayında Meksika, 2012-ci ilin fevral ayında Pakistan, aprelində isə Kolumbiya Xocalı soyqırımını rəsmən tanıyıb. Bir müddət öncə isə Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət olub.

"Nahaq qan yerdə qalmır. Xocalı müsibətinin də beynəlxalq aləmdə öz qiymətini alacağı və günahkarların gec-tez öz layiqli cəzalarına çatacağı təbiidir". Ulu öndər Heydər Əliyevin bu müdrik sözləri bütün azərbaycanlılar üçün bir mayak rolunu oynayır və haqqın-ədalətin gec-tez öz yerini tutacağına ümid və inam yaradır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Anar ƏLİYEV

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?