6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Startapçı Mərziyyə Məmmədova: “Yaratdığımız sorğu platforması ilə xarici bazara çıxmağı planlaşdırırıq”

Ölkə iqtisadiyyatında rəqabət mühitini artıran, iqtisadi inkişafı təmin edən ən əhəmiyyətli üsullardan biri də ayrı-ayrı sektorlarda müxtəlif yeni ideyalarla bağlı olan innovativ layihələrin həyata keçirilməsidir. Azərbaycanda innovativ layihələrin gercəkləşməsi üçün istifadə edilən yollardan biri də startap layihələrinin tətbiqidir.

Ölkəmizdə startap layihələrinin müəlliflərinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən startap şəhadətnamələri təqdim olunur. Şəhadətnamələrin verilməsi qaydaları Nazirlər Kabinetinin təsdiq etdiyi “Startapın müəyyən olunması meyarları”nda öz əksini tapıb. Bu sənədə əsasən, “Startap” şəhadətnaməsini əldə etmək üçün müraciət edən şəxslər mikro və ya kiçik sahibkarlıq subyekti olmalı, orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payı 49 faizdən çox olmamalı, rezident vergi ödəyicisi olmalı, məhsul (xidmət) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal edilməli, innovativ təşəbbüsə əsaslanmalı, mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyəri yaradılmalı, yeni texnologiyanın tətbiqi ilə əlavə dəyər formalaşmalı, rəqabətqabiliyyətli olmalıdır. Startap layihələrinin digər startap məhsulları ilə eynilik təşkil etməməsi də olduqca vacib məsələlərdəndir.

Azərbaycanda startap layihələrinə olan maraq getdikcə artır. Hazırda ölkədə 100-dən çox KOB subyekti “startap” şəhadətnamələri əsasında layihələri icra edir.

Azərbaycanda startap layihəsi icra edən KOB subyektlərindən biri də "Allin.Us" MMC-dir. Ərsəyə gətirdiyi onlayn sorğu platformasına görə bu yaxınlarda startap şəhadətnaməsi alan “Allin.Us" MMC-nin həmtəsisçilərindən biri və rəhbəri Mərziyyə Məmmədovanın sözlərinə görə, pandemiya dövründə belə bir platforma yaratmaq barədə düşünməyə başlayıb: “Pandemiya dövründə insanların hansı üsulla pul qazana bildiklərini araşdırırdım. Eyni zamanda düşünürdüm ki, insanlar çoxsaylı sorğularda iştirak edirlər. Bu iki istiqaməti birləşdirib onlayn sorğu platforması yaratmaq qərarına gəldik və sənədlərimizi qısa müddətdə hazırlayıb “KOB Evi”nə təqdim etdik. Bütün sənədlər nəzərdən keçirildikdən sonra sentyabrın ortalarında bizə startap şəhadətnaməsi təqdim edildi. KOBİA bu yardımdan əlavə, startapçılar üçün çat da yaradıb ki, orada startapçılar bir-biri ilə əməkdaşlıq edərək öz məhsul və xidmətləri barədə digər startapçıları məlumatlandıra bilsinlər”.

M.Məmmədova bildirib ki, öncə araşdırma apararaq bazardakı vəziyyəti öyrəniblər: “Biz bazarda rəqib şirkətlərimizin sayının çox olduğunu öyrəndik. Amma onların hər birinin fəaliyyətində hansısa çatışmazlıqlar var. Bizim platforma isə fərqlidir, analoqu yoxdur. Digər şirkətlər sorğu keçirir, amma nəticəni ümumiləşdirmirlər. Platformamız onunla fərqlənir ki, sonda sorğunun hesabatını veririk. Sifarişçi bu hesabatdan özünə lazım olan məlumatları ala bilir. Hesabatda respondentlərin cinsi, işlədiyi fəaliyyət sahələri və sair barədə ümumi məlumatları veriririk. Bunlar sifarişçilər üçün çox qiymətli məlumatlardır. Məsələn, onlar araşdırmaq istəyirlər ki, marketin alıcıları ən çox hansı cinsin nümayəndələridir, yaxud alıcılar saç yumaq ucun ən çox hansı məhsulu alırlar. Biz bu sualların cavablarını sifarişçilərə doğru-düzgün verə bilərik”.

Startapçı qeyd edib ki, sorğu platformasından istənilən şəxs və şirkətlərin faydalanması mümkündür. Onlar platformada sorğularını yerləşdirərək “Allin.Us" MMC vasitəsi ilə suallarını respondentlərə yönəldə bilərlər. Sorğular istənilən mövzuya aid ola bilər. Sorğu respondentlərinin bu prosesdə maraqlı olmaları üçün onlara bonus şəklində ödəniş də verilir ki, onlar bu bonusları öz ehtiyaclarına uyğun, elektron pul kisəsi vasitəsilə xərcləyə bilərlər”.

M.Məmmədova bildirib ki, gələcəkdə platformanı daha da təkmilləşdirməyi nəzərdə tuturlar. Hazırda platforma yalnız Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulsa da, gələcəkdə xarici bazara çıxmaq məqsədilə platformanı “frilans” istiqaməti üzrə genişləndirməyi nəzərdə tuturlar: “Azərbaycan dilli əhali üçün “frilans” platforması inkişaf etməyib, ancaq işəgötürən saytlarda işaxtarma elanları verilir. Konkret olaraq, xaricdə gördüyümüz kimi, bu platformalar “frilanser”ləri toplayıb onlara işlə bağlı kömək etmir. Düşünürük ki, gələcəkdə Azərbaycan dilli əhali üçün sağlam bir platforma hazırlayaq. Sorğuda məlumat aldığımız respondentlərimiz bizim sonrakı “frilanser”lərimizə çevrilə bilərlər”.

Startapçı əlavə edib ki, layihələrinə ilkin olaraq, 100 min dollar investisiya cəlb etmək niyyətindədirlər. Amma, ümumilikdə layihəyə 1 milyon dollar investisiya yatırmağı düşünürlər: “Bu, qlobal platformadır. Biz onu inkişaf etdirsək, həm Azərbaycanda, həm də xarici bazarda yaxşı nəticələr əldə edə bilərik. Xaricdə belə platformalar çox olsa da, onlardan istifadə üçün dil biliyi lazımdır. Dil biliyi olmayan, amma bacarığı olan işçilər o bazara çıxa bilmirlər. Ona görə də biz Azərbaycanda belə işçilər üçün yerli platforma yaratmaq istəyirik”.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?