8 May 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat üzrə Nobel mükafatçısı – Robert Solou

Amerika iqtisadçısı Robert Solou (Robert Merton Solow) 1924-cü ildə Nyu-York yaxınlığındakı Bruklin şəhərində Rusiya mühacirinin ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra müsabiqədən uğurla keçərək, 1940-cı ildən Harvard Universitetində təhsil almağa başlayıb. Burada əvvəlcə sosiologiya və antropologiya üzrə ixtisaslaşıb, həmçinin iqtisadiyyat üzrə ilkin kurs keçib. 1942-ci ilin sonunda 18 yaşında universiteti müvəqəti tərk edərək ABŞ silahlı qüvvələrinə qoşulub, İkinci Dünya müharibəsində iştirak edib.

1945-ci ilin avqustunda ordudan tərxis olunduqdan sonra yenidən Harvard Universitetinə qayıdıb və bir təsadüf nəticəsində iqtisadiyyat ixtisasını seçərək təhsilini davam etdirib. 1947-ci ildə bakalavr, növbəti il isə magistr dərəcəsi alıb.

Aspirantura təhsilini Kolumbiya Universitetində tamamlayandan sonra Massaçusets Texnologiya İnstitutunun (MİT) İqtisadiyyat fakültəsində dosent vəzifəsinə dəvət olunub və orada işləməyə başlayıb. O, elmi tədqiqatlarını həmişə tədrislə əlaqələndirib.

R.Solou öz iqtisadi artım modelini ilk dəfə 1956-cı ildə "İqtisadi artım nəzəriyyəsinə töhfə" ("A Contribution to the Theory of Economic Growth") məqaləsində təqdim edib. Bu, diferensial tənliklər sistemi şəklində ifadə olunan riyazi model idi və əsas kapitalın artmasının adambaşına düşən məhsulun necə artmasına səbəb olduğunu göstərirdi.

R.Solounun nəzəri modeli müasir iqtisadi təhlildə geniş tətbiq edilən təmələ çevrildi. Əvvəlcə əsasən iqtisadi artımın təhlili üçün alət kimi xidmət edən bu modelə sonradan digər istehsal amillər də daxil edildi. Ümumi tarazlığın təhlilində istifadə olunan ədədi modellərdən bəziləri R.Solounun modelinə əsaslanmaqdadır. R.Solou tərəfindən yaradılmış iqtisadi artımın neoklassik modeli müasir makroiqtisadi nəzəriyyənin inkişafının əsasını təşkil edir.

İqtisadi artımın neoklassik modelinin yaradılması müasir iqtisadi nəzəriyyənin digər bölmələrinin də inkişafına təsir göstərib. Əmanətlərin optimallığı probleminin öyrənilməsində, dövlət maliyyəsinin vəziyyətinin təhlilində R.Solou modelindən istifadə edilib.

Bu model vergi siyasətindəki dəyişikliklərin sonrakı iqtisadi inkişafa mümkün təsirinin qiymətləndirilməsində tətbiq olunub. 1970-80-ci illərdə R.Solounun neoklassik modeli ümumi tarazlıq nəzəriyyəsi çərçivəsində iqtisadi tsiklin dalğalanmalarının öyrənilməsində, eləcə də qiymətli kağızlar bazarının təhlilində uğurla istifadə edilib.

MİT-də tədris və tədqiqat fəaliyyətini davam etdirən R.Solou makroiqtisadi təhlilin müxtəlif aspektləri, o cümlədən məşğulluq problemi və onun sabitləşmə siyasəti üçün əhəmiyyətinin təhlili ilə məşğul olub.

R.Solou müasir iqtisadi nəzəriyyənin bütöv bir istiqamətinin tanınmış lideri, zəmanəmizin ən intellektual iqtisadçılarından biri sayılır. O, təkcə iqtisadiyyat sahəsində deyil, digər sosial elmlərdə də maraq və bilik dairəsinin genişliyi ilə seçilir. R.Solounun əsərlərinin 1950-1987-ci illərə aid biblioqrafiyasına 165 elmi məqalə və monoqrafiya daxildir.

R.Solou İqtisadiyyat üzrə Nobel Mükafatına 1987-ci ildə, "iqtisadi artım nəzəriyyəsinə verdiyi töhfəyə görə" layiq görülüb. İsveç Kral Elmlər Akademiyasının üzvü K.Q.Möhler laureatın təqdimat mərasimindəki çıxışında deyib: “Dəyişən reallığın başa düşülə və təhlil oluna biləcəyi modelinin yaradılması professor R.Solunun böyük xidmətidir”.

VergiXarici ölkədə ödənilmiş vergilər Azərbaycanda nəzərə alınırmı? VergiFiziki şəxsin vergi orqanında uçota alınması vaxtı VergiQeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlər hansılardır? VergiHansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır? VergiXarici ölkədə gəlir əldə edən şəxs VÖEN almalıdırmı? VergiXaricdə əldə edilən gəlirlərin vergiyə cəlb olunması VergiYerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır? VergiMənzil alarkən ƏDV-nin bir hissəsi hansı qaydada geri qaytarılır? VergiGəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi? VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi?