7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat üzrə Nobel mükafatçısı - Ceyms Byukenen

Amerika iqtisadçısı, yeni siyasi iqtisadiyyat məktəbinin yaradıcılarından biri Ceyms Byukenen (James McGill Buchanan Jr.) 3 oktyabr 1919-cu ildə Tennessi ştatında dünyaya gəlib.

1941-ci ildə Tennessi Universitetini bitirib və hərbi dəniz qüvvələrinə çağırılıb. İkinci Dünya müharibəsindən sonra təhsilini Çikaqo Universitetində davam etdirib, doktorluq dissertasiyası müdafiə edib və universitetdə müəllim saxlanılıb. Daha sonra Tennessi və Florida universitetlərində dərs deyib. 1955-1968-ci illərdə Virciniya Universitetinin professoru olub, həmin universitetin Siyasi İqtisadiyyat Mərkəzinə rəhbərlik edib.

C.Byukenen ictimai və konstitusiya seçimi nəzəriyyəsi ilə məşğul olmuş, sosial qrupların siyasi davranışının xüsusiyyətlərini izah etməyə çalışmışdır. Onun fikrincə, iqtisadi siyasətin mahiyyəti sosial müavinətlərin səslər müqabilində mübadiləsi ilə formalaşır. Bu ondan irəli gəlir ki, fərdlər kimi sosial qruplar da (istər biznesmen, istərsə bürokrat (dövlət qulluqçusu), istərsə də seçici və ya siyasətçi) öz rifahını maksimuma çatdıran rasional düşüncəyə malikdirlər. Ona görə də bazar davranışının iqtisadi modeli siyasi proseslərə də şamil edilə bilər. Bu nəzəriyyənin əsas ideyaları Q.Tulloçla birgə yazdığı “Razılaşmanın hesablanması” (The Calculus of Consent, 1962) əsərində ifadə edilib.

1960-cı illərin hadisələri C.Byukenenin elmi görüşlərinə təkan verdi. Həmin illərdə vətəndaş hüquqları mübarizəsi, Vyetnam müharibəsi, tələbə iğtişaşları, Uoterqeyt - "böyük dövlət"in davamlı böyüməsi, yəni hökumət vergilərinin və xərclərin ümumi milli məhsulda payının artması baş verməkdə idi. Belə bir zamanda konstitusiya nəzəriyyəsi məsələlərinə - sərbəstlik ilə məcburiyyət arasındakı əlaqəyə, iqtisadiyyata dövlət müdaxiləsinin hüdudlarını məhdudlaşdıran “konstitusiya qaydaları”nın roluna dair suallar öz cavabını gözləyirdi. C.Byukenen “Azadlığın hüdudları: anarxiya ilə Leviafan arasında” (1975) əsərində dövlətin yeni müqavilə nəzəriyyəsini qurmağa cəhd etdi. Keyns nəzəriyyəsinin əleyhdarı olan C.Byukenen hesab edirdi ki, keynsçilik iqtisadiyyatın büdcə tənzimlənməsi reseptləri ilə sağlam maliyyənin əsasını - balanslaşdırılmış büdcəni məhv edib, inflyasiyaya, sosial asılılığa şərait yaradıb, əməyə, qənaətcilliyə və öz gücünə güvənməyə yol açan ənənəvi əxlaqın itirilməsinə səbəb olub.

Alim büdcə kəsirinin və dövlət borcunun artması təhlükəsini, “maliyyə azğınlığının” təzahürlərinə konstitusiya və mənəvi məhdudiyyətlərin qoyulmasının zəruriliyini vurğulayaraq, balanslaşdırılmış büdcə siyasətinə ciddi əməl etməyə çağırırdı. Qeyd edirdi ki, demokratiya “təzyiq qruplarına” ictimai maraqlar pərdəsi altında öz maraqlarını tətbiq etməyə imkan verirsə, bu da dövlət xərclərinin artmasına və bürokratiyanın şişməsinə gətirib çıxarırsa, dövlət orqanlarının iqtisadi israfçılığının miqyasını cilovlamaq üçün konstitusiya ilə təsbit olunmuş qaydalara ehtiyac yaranır.

Büdcə kəsirlərinin azaldılması ilə yanaşı, transfer ödənişlərinin məhdudlaşdırılması, vergitutmanın azaldılması cəhdləri yolunda yaranan çətinlikləri dərk edən C.Byukenen iş etikası məsələlərinə diqqət yönəldirdi. Onun fikrincə, iş etikasının aşağı düşməsi sosial dövlətin həddindən artıq genişlənməsi və saxlanması ilə bağlıdır. "Biz bu dövləti tamamilə dağıda bilmərik və bunu etməməliyik. Lakin biz onun ifratlarının qarşısını kəsə, pul qoparmağı dayandıra bilər, əlavə olaraq, məhsuldar fəaliyyətin təqdirəlayiq hesab edildiyi əsas dəyərlərin mənasını özünə qaytarmaq üçün işləyə bilərik”.

C.Byukenen 1986-cı ildə "İqtisadi və siyasi qərarların qəbulu nəzəriyyəsinin müqavilə və konstitusiya əsaslarına dair tədqiqatlarına görə" Nobel mükafatına layiq görülüb.

Böyük alim 9 yanvar 2013-cü ildə Virciniya ştatının Blakburq şəhərində vəfat edib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?