27 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat üzrə Nobel mükafatçısı – Teodor Şults

Amerika iqtisadçısı Teodor Şults (Theodore William Schultz) 30 aprel 1902-ci ildə Cənubi Dakota ştatının Arlinqton şəhərində anadan olub. Birinci Dünya Müharibəsi zamanı ciddi işçi qüvvəsi çatışmazlığı səbəbindən o, əsasən, ailə təsərrüfatında işləyib və məktəbə getməyib. Müharibədən sonra 1921-ci ildə Cənubi Dakota Dövlət Kollecində qısa aqronomluq kurslarında təhsil alıb. 1920-ci ilin iqtisadi böhranı zamanı kənd təsərrüfatı məhsullarının kəskin ucuzlaşması, bankların müflisləşməsi, bir çox təsərrüfatların bağlanması təhlükəsi Teodor Şultsda bu iqtisadi sarsıntıların altında yatan səbəbləri anlamaq və araşdırmaq istəyi yaradıb. 1924-cü ildə kollecə qayıdıb və 1926-cı ildə oranı bakalavr dərəcəsi ilə bitirib. 1928-ci ildə Viskonsin Universitetində təhsilini davam etdirən T.Şults magistr dərəcəsi, iki il sonra – 1930-cu ildə isə kənd təsərrüfatı iqtisadiyyatı üzrə elmlər doktoru dərəcəsi alıb. O, başqa ölkələrdəki kənd təsərrüfatı istehsalçılarının davranışı ilə maraqlanmış və bu məqsədlə 1929-cu ilin yayında SSRİ-də olmuş, ölkənin müxtəlif bölgələrində bu mövzu ilə bağlı məlumatlar toplayıb.

Bir müddət ABŞ-də Ayova Universitetində dərs deyib, 1943-cü ildə Çikaqo Universitetində professor kimi işə başlayıb, 1972-ci ilə - təqaüdə çıxana qədər burada çalışıb. Çikaqodakı fəaliyyətinin ilkin dövründə qlobal kənd təsərrüfatı problemləri ilə xüsusilə maraqlanıb.

İkinci Dünya Müharibəsindən sonra iqtisadi inkişafın geniş yayılmış problemlərinin tədqiqinə maraq göstərib. Onu buna vadar edən Qərbi Almaniyanın bərpasına yönəldilmiş “Marşal planı” çərçivəsində maliyyə və maddi yardım nəticəsində müşahidə olunan iqtisadi artım olub.

1949-1967-ci illərdə ABŞ-nin İqtisadi Tədqiqatlar Milli Bürosunun direktoru olub. 1950-ci illərdə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını tədqiq edib. Həmin illərdə zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatının bütün sahələrini, o cümlədən kənd təsərrüfatını əhatə edən “Latın Amerikasına texnoloji yardım” layihəsinə rəhbərlik edib.

1960-cı illərdə Çikaqo Universitetində Müqayisəli Təhsil Mərkəzinin rəhbəri olub. Müharibədən sonrakı illərdə Latın Amerikası, Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələrinin bir sıra hökumətlərinə məsləhətçi kimi kömək edib.

Teodor Şultsun elmi əsərlərinin bir hissəsi kənd təsərrüfatına, inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişaf problemlərinə həsr olunub. O, iqtisadiyyatı zəif inkişaf etmiş ölkələrin inkişafında və yoxsulluqdan qurtulmasında “insan kapitalı” konsepsiyasının müəllifidir.

“Qeyri-sabit iqtisadiyyatda kənd təsərrüfatı” (1945); “Kənd təsərrüfatının iqtisadi təşkili” (1953); “Təhsilin iqtisadi dəyəri” (1963); “Ənənəvi kənd təsərrüfatının transformasiyası” (1964); “İqtisadi artım və kənd təsərrüfatı” (1968); “İnsan kapitalına investisiyalar: təhsil və tədqiqatın rolu” (1971); “İnsanlara investisiya: əhali keyfiyyətinin iqtisadiyyatı” (1981) və s. kimi əsərləri ilə dünya iqtisadiyyat elminə böyük töhfələr verib.

Teodor Şults 1979-cu ildə "İnkişaf etməkdə olan ölkələrin problemlərinə tətbiq edilən novator iqtisadi inkişaf tədqiqatlarına görə" Artur Lyuis ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Böyük alim 26 fevral 1998-ci ildə İllinoys ştatının Evanston şəhərində vəfat edib.

VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi?