Bəzi kateqoriyalardan olan şəxslər üçün məzuniyyətə görə kompensasiyanın hesablanması II HİSSƏ
Yazının əvvəlki hissəsi ilə buradan tanış olmaq olar.
İşəgötürənin Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrinə uyğun olaraq məzuniyyət hüququna sahib olan işçilərin əmək müqaviləsinə xitam verərkən onların əsas deyil, ümumi əmək məzuniyyətinə görə kompensasiya ödəməsi mümkündür. Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Bu baxımdan, əlavə olaraq ümumi məzuniyyətə görə kompensasiyanın ödənilməsində heç bir problem yoxdur. Əsas sual ondan ibarətdir ki, Əmək Məcəlləsinin müvafiq maddəsi ilə, məsələn, 56 gün məzuniyyət hüququ olan müəllimin əmək müqaviləsinə xitam verilərkən 30 gün üçün məzuniyyətə görə kompensasiyanın verilməsi qanunvericiliyin tələblərinə zidd hesab edilirmi?
Qeyd etdiyim kimi, Əmək Məcəlləsinin 114-cü maddəsinə görə, əsas məzuniyyət müvafiq vəzifə kateqoriyasına əsasən 21 və 30 təqvim günü müddətinə olan məzuniyyətdir. Əmək Məcəlləsinin müvafiq maddələrində müəyyən olunmuş məzuniyyət isə onların əsas məzuniyyəti deyil, əmək məzuniyyətinin müddətidir. Bu baxımdan, həmin şəxslərin əmək müqaviləsinə xitam verilərkən işəgötürən həmin maddədə müəyyən olunmuş əmək məzuniyyətinin müddəti qədər (35, 42, 46, 56) kompensasiya verə bilər. Lakin həmin günlərə görə deyil, əsas məzuniyyət günlərinə (21 və 30) görə kompensasiya ödəyərsə, bu, qanunvericiliyin tələblərinə zidd hesab edilməyəcək.
Həmçinin, qeyd edək ki, Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
İşçinin əmək müqaviləsinə xitam verilərkən müvafiq iş ili üçün işçi arzusu ilə ona Məcəllənin 118, 119, 120 və ya 121-ci maddələrində müəyyən olunmuş məzuniyyət hüququndan istifadə edə bilər. Bu halda o, maddədə müəyyən olunmuş əmək məzuniyyətinin hüquq yaranmış hissəsindən tam formada istifadə edə bilər. İşçi bu hüququndan istifadə etmək istəmədikdə isə Məcəllənin 114-cü maddəsi üzrə müəyyən edilmiş əsas məzuniyyətə (21 və 30 təqvim günü) görə pul əvəzinin ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur.
Sual doğuran məqamlardan biri də elektron informasiya sisteminin (ƏMAS) məzuniyyət hissəsində Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrinə uyğun olaraq işçi kateqoriyasını seçdikdə 4.27 xanasında maddə üzrə müəyyən olunmuş məzuniyyətin əsas məzuniyyət kimi öz əksini tapmasıdır. Düşünürəm ki, bu, sistemin texniki xətasıdır. Müvafiq düzəliş edilərək həmin hissəyə əsas məzuniyyət deyil, əmək məzuniyyəti olaraq qeyd edilməsi məqsədəmüvafiq hesab edilərdi. Əks halda, hesab edirəm ki, bu, mübahisələrə yol aça bilər.
Bir neçə nümunəyə nəzər salaq:
Misal 1: Məşqçi müəllimin əmək məzuniyyətinin müddəti 42 təqvim günüdür. İş ili 12.12.2023-12.12.2024-cü il tarixidir, 13.12.2024-cü ildə isə onun əmək müqaviləsinə xitam verilir.
Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, məşqçi müəllimlərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir. Bu halda, ona 30 təqvim günü əsas məzuniyyətə görə kompensasiyanın ödənilməsi qanunvericiliyə uyğundur. Yenə də qeyd edirəm ki, işəgötürən 42 təqvim gününə görə kompensasiya ödəyə bilər. Lakin 42 təqvim gününə görə deyil, 30 təqvim gününə görə kompensasiyanın ödənilməsi qanunvericiliyin tələbinə zidd hesab olunmayacaq. Qeyd edim ki, əmək münasibətləri sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də mövqeyi bu istiqamətdədir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnaməyə əsasən, (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmişdir) əmək münasibətləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və qanunvericiliyə uyğun olaraq həmin siyasətin həyata keçirilməsini təmin etmək nazirliyin fəaliyyət istiqamətləri içərisindədir.
Nümunəyə qayıtsaq, təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin “Vahid tarif-xtisas sorğu kitabçası”nın təsdiq edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarına əsasən, müəllimlər mütəxəssis kateqoriyasına aid edilir.
Əmək Məcəlləsinin 114-cü maddəsinin 3-cü hissəsinin “b” bəndinə əsasən, məsul vəzifələrdə qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir.
Misal 2: Məşqçi müəllimin əmək məzuniyyətinin müddəti 42 təqvim günüdür. Onun iş ili 12.12.2023-12.12.2024-cü il tarixidir, 13.12.2024-cü il tarixdə isə əmək müqaviləsinə xitam verilir.
Əmək Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq, həmin şəxs əmək müqaviləsinə xitam verilmədən ümumi əmək məzuniyyətindən istifadə edə bilər. Bu halda o, 42 təqvim günü məzuniyyət hüququndan istifadə edəcək. Əgər müəllim məzuniyyət hüququndan istifadə etməsə, bu halda ona 30 təqvim günü əsas məzuniyyətə görə kompensasiya ödənilə bilər.
Əmək Məcəlləsinin 116 və 117-ci maddələrində müəyyən edilmiş əlavə məzuniyyətlər Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir. Çünki onların məzuniyyətində əlavə məzuniyyətlər onsuz da nəzərə alındığı üçün əlavə məzuniyyətlər nəzərə alınmır.