4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək müqaviləsinin müddəti necə müəyyən olunur?

Əmək müqaviləsi müddətli və müddətsiz olmaqla iki formada bağlana bilər. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov müqavilələrin müddəti ilə bağlı suallara “vergiler.az” vasitəsilə nümunələr əsasında aydınlıq gətirir.
 

Misal 1: İntensiv bağçılığın salınması və inkişaf etdirilməsi üzrə tenderin qalibi olan şirkət tərəfindən işçilərlə müddətli əmək müqaviləsi bağlana bilər. Fərz edək ki, işin icrası və təhvil verilməsi 3 il müddətinə nəzərdə tutulub. Bu halda işçilərlə 3 il müddətinə müddətli əmək müqaviləsi bağlanıla bilər.

Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanan əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqavlləsi ilə əvəz edilə bilməz.

Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Misal 2: İşçi ilə 15.01.2018-ci il tarixdə bir il müddətinə əmək müqaviləsi bağlanıb və müqavilə hər il bir il müddətinə artırılıb. Əmək müqaviləsi 2023-cü ildən sonra müddətsiz müqavilə hesab edilməlidir və ona müqavilə müddətinin bitməsi ilə xitam vermək olmaz.

Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndində qeyd edilir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

Məcəllənin 47-ci maddəsinə əsasən, əmək müqaviləsinin müddətli bağlanması yalnız aşağıdakı hallarda mümkündür:

a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zərurəti olduqda;

b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;

c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işləri aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;

ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;

d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;

e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;

ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;

f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;

g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;

h) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Yuxarıda qeyd edilən bəndlərdən də göründüyü kimi, müddətli əmək müqaviləsinin bağlanması işin daimi xarakter daşımadığı hallarda tərəflərin qarşlıqlı razılığı əsasında mümkün ola bilər. Əgər işin daimi xarakter daşıdığı əvvəlcədən bəlli olarsa, müqavilə müddətsiz bağlanmalıdır. Təcrübədə bəzən müəssisələrin işçilərlə bir, üç ay müddətinə müqavilə bağlanılması hallarına rast gəlinir. Nəzərə almaq lazımdır ki, belə işçilərin yerinə yetirdikləri işlər əksər vaxt müddətli əmək müqaviləsinin bağlanmasına zəmin yaratmır. Müstəsna hallar xaricində işçi ilə bir aylıq və.s. bu şəkildə qısa müddətə müddətli əmək müqaviləsinin bağlanması işçinin bir çox hüquqlarının pozulmasıdır. Bəzi hallarda müəssisənin kadr sənədlərinə nəzər saldıqda, demək olar ki, bütün işçilərlə müəssisədə uzun müddət çalışmaqlarına baxmayaraq işə qəbul edildiyi tarixdən bir aylıq olmaqla əmək müqavilələri bağlanıb. Səlahiyyətli şəxslərə bu məsələnin işçilərin əmək hüquqlarının pozulması olması bildirildikdə isə onlar Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini əsas gətirərək tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmaqla onların qarşılıqlı razılığı ilə bir aylıq müddətə əmək müqaviləsinin bağlandığını bildirirlər. Əlbəttə ki, heç bir işçi bir aylıq əmək müqaviləsi bağlanılmasına razı olmur. Çünki hər kəs karyera sabitliyi və maliyyə dayanıqlığı arzusundadır.

Görundüyü kimi, bir çox hallarda əksər işəgötürənlər işçilərlə əmək muqavilələrini müddətli bağlayarkən qanunvericiliyə istinad edirlər. Buna görə də sui-istifadə hallarının qarşısını almaqdan ötrü maddəyə yerinə yetirilən iş və ya xidmətin daimi xarakterə malik olmaması kimi xususi norma daxil edilməsi məqsədəuyğun olardı.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması