13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İdxalla bağlı məlumat formasının verilməsində hansı vergi ödəyicilərinə istisna tətbiq edilir?

“vergiler.az” mövzu ilə bağlı iqtisadçı ekspert Anar Bayramovun şərhini təqdim edir.

Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən, 1 yanvar 2022-ci il tarixdən neft-qaz sahəsində fəaliyyəti olan va ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri idxal edəcəkləri mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada müvafiq məlumatları malların idxal olunacağı tarixədək qeydiyyatda olduğu vergi orqanına verməli idilər.

Ötən il Vergi Məcəlləsinə əlavə edilmiş bu maddənin müzakirəsi zamanı məlum olmuşdu ki, vergi idxal ediləcək malları öz təsərrüfat subyektinə (obyektinə) boşaldacaq vergi ödəyiciləri ilə yanaşı, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən sahibkarlar üçün də istisnaların nəzərdə tutulacağı gözlənilir. Gözlənilən dəyişiklik 1 yanvar 2023-cü il tarixdən qüvvəyə minib.

Beləliklə, 1 yanvar 2023-cü il tarixdən etibarən Vergi Məcəlləsinin 16.11.11-11-ci maddəsinin yeni redaksiyasında qeyd edilir ki, neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada müvafiq məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) uçotda olduğu vergi orqanına verməlidir.

Bundan əlavə, Vergi Məcəlləsinin 16.1.11-11.3-cü maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilib ki, vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat şubyektinə (obyektinə) boşaldılmış hesab olunur.

Beləliklə, Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə edilmiş dəyişikliyə uyğun olaraq, idxal zamanı istisnalar aşağıdakı iki hal üçün nəzərdə tutulur:

- “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri;

- Vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olan vergi ödəyiciləri.

İlkin olaraq “Yaşıl dəhliz” buraxılış sistemi anlayışına aydınlıq gətirək. Gömrük qanunvericiliyinə əsasən, “Yaşıl dəhliz” buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir. Qeyd edək ki, 30 dekabr 2022-ci il tarixinə olan məlumata əsasən, 495 vergi ödəyicisi idxal əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilmiş xarici ticarət iştirakçılarının siyahısına (https://customs.gov.az/uploads/pdfcontent/import.pdf) əlavə edilib.

Misal 1: “Azercell Telekom” MMC-nin xaricdən mallar idxal edərkən vergi orqanına malların boşaldılacağı yer haqqında məlumat formasını təqdim etməsinə ehtiyac yoxdur. Cünki bu vergi ödəyicisinin adı “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilmiş xarici ticarət iştirakçılarının siyahısına daxil edilib.

Misal 2: İnformasiya texnologiyları sahəsində fəaliyyət göstərən vergi ödəyicisi xaricdən servis avandanlığı idxal edir. Vergi ödəyicisinin yalnız bir təsərrüfat subyekti (obyekti) olduğu üçün vergi orqanına Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan formanı təqdim etməyəcək.

Misal 3: Tikinti materialları satan vergi ödəyicisinin həm Binəqədi, həm də Suraxanı rayonunda anbarı mövcuddur. Bu zaman vergi ödəyicisi idxalla bağlı formanı vergi orqanına təqdim etməlidir. Çünki Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsindəki istisna yalnız vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olan vergi ödəyicilərinə şamil edilir.

Misal 4: Elektrik avandanlıqları satan vergi ödəyicisinin həm ofis, həm də anbar olaraq iki təsərrüfat subyekti mövcuddur. Vergi ödəyicisi idxal olunan mallar haqqında malları gömrük orqanına bəyan etməlidir. Çünki vergi ödəyicisinin təsərrüfat subyekti kimi iki obyekti var.

Misal 5: Bank kimi fəaliyyət gğstərən vergi ödəyicisinin baş ofisi ilə yanaşı, filialları mövcuddur. Vergi ödəyicisi xaricdən mal idxal etdiyi halda filiallar üzrə təsərrüfat subyekti olduğu üçün idxalla bağlı formanı təqdim etməlidir.

Mənbə: Anar Bayramov. “Vergi qanunvericiliyi və şərhlər toplusu - 2023”

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?