Əlavə əmək məzuniyyəti müddətlərinin müəyyən olunması
Əmək qanunvericiliyinə əsasən, işçilər əsas məzuniyyətlə yanaşı, əlavə əmək məzuniyyətindən də istifadə edirlər. Əlavə əmək məzuniyyəti müddətlərinin təyin olunması ilə bağlı bəzi diqqətçəkən məqamlara insan resurslarının idarə olunması üzrə mütəxəssis Nihad Əliyev aydınlıq gətirir.
1. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə müəyyən olunan əlavə məzuniyyətin müddəti Əmək Məcəlləsinin 15-ci maddəsində ən azı 6 təqvim günü qeyd olunub. Yəni bu kateqoriyaya aid əlavə məzuniyyət günlərinin sayı daha çox ola bilar. Ayrı-ayrı vəzifələr və onlara görə müəyyən olunan əlavə məzuniyyət müddətləri Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 saylı "Əmək şəraitina və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi barədə" qərarı ilə müəyyən olunub.
Misal 1: Dərinliyi 100 metrdan çox olan karxanada çalışan işçiyə vəzifəsinə görə 21 təqvim günü əsas məzuniyyət, eləcə də Əmək Məcəlləsinin 115-ci maddəsinə və Nazirlər Kabinetinin 92 saylı qərarına əsasən 6 təqvim günü əlavə məzuniyyət müəyyən olunacaq. Həmin işçi 1 iş ilinə görə ümumilikdə 27 təqvim günü əmək məzuniyyətindən istifadə edəcək.
2. Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri Əmək Məcəlləsinin 116-cı maddəsi ilə müəyyən olunur. Təcrübədə daha çox belə bir sual ortaya çıxır: bu əlavə məzuniyyət müddətinin müəyyən olunmasında işçinin ümumi əmək stajı, yoxsa sonuncu müəssisədəki əmək stajı nəzərə alınır? Sualın yaranma səbəbi isə Əmək Məcəlləsində əvvəllər mövcud olan "bir müəssisədə" ifadəsidir. Qeyd edək ki, həmin ifadə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2000-ci il tarixli qərarı ilə qüvvədən düşüb. Yəni əmək stajına görə əlavə məzuniyyət müddəti müəyyənləşdirilərkən ümumi əmək stajı nəzərə alınır. Əmək stajı dedikdə isə bura daxildir
1. İşçinin faktiki işlədiyi müddət
2. Əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət
3. Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən iş yerinin və orta əməkhaqqının saxlandığı müddət.
Misal 2: Tutaq ki, mühasib vazifəsində çalışan işçinin ümumi əmək stajı 7 ildir. Aydındır ki, həmin şəxsə vəzifəsinə görə 30 təqvim günü əsas məzuniyyət və Əmək Məcəlləsinin 116-ci maddəsinə əsasən 2 təqvim günü əlavə məzuniyyət müəyyən olunacaq. Həmin işçi bir ilə görə ümumilikdə 32 təqvim günü əmək məzuniyyətindən istifadə edəcək.
Misal 3: Tutaq ki, mühasib vəzifəsində çalışan qadın işçinin ümumi əmək staji 6 ildir. Bu müddətin 2 ilində həmin işçi uşağa qulluqla əlaqədar qismən ödənişli sosial məzuniyyətdə olub. Aydındır ki, həmin şəxsə vəzifəsinə görə 30 təqvim günü əsəs məzuniyyət müəyyən olunacaq. Ancaq ona Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən 2 təqvim günü əlavə məzuniyyət günü verilməyəcək. Çünki qismən ödənişli sosial məzuniyyət dövrü işçinin əmək stajı müddətinə daxil deyil. Həmin işçi bir iş ilinə görə ümumilikdə 30 təqvim günü əmək məzuniyyətindən istifadə edəcək.
3. Uşaqlı qadınların əlavə məzuniyyətləri 2 və 5 təqvim günündən ibarətdir:
- 14 yaşınadək 2 uşağı olanlara - 2 təqvim günü;
- 14 yaşınadək 3 və daha çox uşağı olanlara - 5 təqvim günü;
- sağlamlıq imkanları məhdud uşağı olanlara - 5 təqvim günü əlavə məzuniyyət verilir.
Əgər qadının 14 yaşınadək 2 uşağı və o cümlədən sağlamlıq imkanları məhdud uşağı olarsa, bu halda əlavə əmək məzuniyyəti müəyyənləşdirilərkən 2 və 5 təqvim günü cəmlənməyəcək, ən çox olan müddət, yəni 5 təqvim günü nəzərə alınacaq. İşçi, uşağının 14 yaşı tamam olmasına baxmayaraq, ilin sonuna qədər həmin əlavə məzuniyyətdən istifadə edə bilər.
Misal 4: Mühasib vəzifəsində çalışan işçinin 14 yaşına çatmamış uşağı var. Həmin şəxsə vəzifəsinə göra 30 təqvim günü əsas məzuniyyət və Əmək Məcəlləsinin 117-ci maddəsinə əsasən, 2 təqvím günü əlavə məzuniyyət müəyyən olunacaq. İşçi bir iş ilinə görə ümumilikdə 32 təqvim günü əmək məzuniyyətindən istifadə edəcək.
Misal 5: Mühasib vazifəsində çalışan işçinin 14 yaşına çatmamış uşağı var. Uşaqlardan birinin 14 yaşı 1 sentybr 2022-ci ildə tamam olub. Həmin şəxs əmək məzuniyyətinə ilin sonuna – 31 dekabr 2022-ci ilə qədər çıxarsa, vəzifəsinə görə 30 təqvim günü əsas məzuniyyətdən və uşaqlardan birinin 14 yaşı tamam olmasına baxmayaraq, Əmək Məcəlləsinin 117-ci maddəsinə əsasən, 2 təqvim günü əlavə məzuniyyətdən istifadə edə biləcək. Beləliklə, həmin işçi 31 dekabr 2022-ci il tarixinə qədər bir iş ilinə görə ümumilikdə 32 təqvim günü əmək məzuniyyətindən istifadə edəcək.
Əsas və əlavə məzuniyyətlərlə bağlı təcrübədə maraq doğuran ən önəmli məqamlardan biri də budur: işçinin eyni müddətdə bir neçə əlavə əmək məzuniyyəti hüququ olarsa, işçi bu məzuniyyətlərin hər birindən, yoxsa müddəti daha çox olandan istifadə edə bilər? Birmənalı deyə bilərik ki, hər bir əlavə məzuniyyət günləri əsas məzuniyyətə birləşdirilib istifadə olunmalıdır. Əmək Məcəlləsinin 110, 112 və 113-cü maddələrinə əsasən, əlavə məzuniyyətlər əsas məzuniyyətlərlə istər birlikdə, istərsə də ayrı-ayrılıqda istifadə oluna bilər. İşçinin əlavə məzuniyyətlərlə bağlı hüquqları məhdudlaşdırılarsa, İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən, işəgötürənə cərimə tətbiq oluna bilər. Yəni işçinin istər əsas, istər əlavə məzuniyyət hüququnun məhdudlaşdırılması İnzibati Xətalar Məcəlləsinin müddəalarına əsasən məsuliyyətə səbəb olur.
Misal 6: "X" MMC-də dəniz səviyyəsindən 1.600 metr yüksəklikdə çalışan fəhlənin 14 yaşına çatmamış 2 uşağı var və o, uşaqları təkbaşına böyüdən atadır. Həmin işçinin ümumi əmək stajı 16 ildir. Bu halda həmin işçiyə bir iş ilinə görə 21 təqvim günü əsas, əmək şəraitinə görə 6 təqvim günü əlavə, əmək stajına görə 6 təqvim günü əlavə və təkbaşına övlad böyüdən ata kimi 2 təqvim günü əlavə məzuniyyət müəyyən olunacaq. Beləliklə, həmin işçiyə bir iş ilinə görə ümumilikdə 35 təqvim günü əmək məzuniyyəti müəyyən olunacaq.
Misal 7: "X" MMC-də çalışan mühasib əlilliyi olan şəxsdir. Həmin işçinin əmək stajı 11 ildir. O, 11 il əmək stajı üçün 4 təqvim günü əlavə məzuniyyətdən istifadə edə bilməyəcək. Çünki əlilliyi olan şəxs kimi ona 42 təqvim günü əmək məzuniyyəti təyin olduğu üçün əmək stajına görə 4 təqvim günü əlavə məzuniyyət qanunvericiliyə əsasən nəzərə alınmır.
Bəs işçi əsas məzuniyyətə çıxmazdan əvvəl əlavə məzuniyyət günlərindən istifadə edə bilərmi? Bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Tərəflərin qarşılıqlı razılığı əsasında işçi əvvəlcə yuxarıda qeyd olunan əlavə məzuniyyət günlərindən, sonra isə əsas məzuniyyət günlərindən istifadə edə bilər. Bu, işçinin xeyrinə olan haldır, çünki işçi hər hansı səbəbdən işdən azad olunduqda ona yalnız əsas məzuniyyət günləri üçün pul əvəzi ödənilir, əlavə məzuniyyət günləri üçün ödəniş isə itirilmiş olur.
Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı