13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Fevralın 25-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident, əziz qardaşım.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Hörmətli mətbuat nümayəndələri.

Cənab Prezident Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Sizin səfəriniz çox böyük önəm daşıyır. Bizim səfərlərimiz müntəzəm olaraq keçirilir və hər bir görüşümüz böyük məna daşıyır. Hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Bu gün keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı bir daha onu göstərdi ki, bizim fikirlərimiz bütün məsələlərdə birdir, niyyətimiz, amalımız da birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və bütün sahələri əhatə etsin.

Bu gün bir çox məsələlər geniş müzakirə olundu. Bir çox önəmli qərarlar qəbul edildi, önəmli sənədlər imzalandı. Biz siyasi əlaqələrimiz haqqında geniş fikir mübadiləsi apardıq və bir daha gördük ki, bu əlaqələr iki xalqın iradəsini əks etdirir. Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirik. Bir-birimizə arxayıq, bir-birimizə dayağıq. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarda biz fəal işbirliyi apararaq bir-birimizin gücünü artırırıq.

Keçən il Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışdır. Bu, Birləşmiş Millətlər Təşkilatından sonra dünya miqyasında ikinci böyük təsisatdır. Bu gün bu təsisatla Türkiyə arasındakı gələcək əlaqələr haqqında geniş fikir mübadiləsi aparılmışdır.
Təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edildi. Mən bir daha əziz qardaşıma Türkiyənin Azərbaycanın haqq işinə daim dəstək göstərdiyinə görə təşəkkürümü bildirdim.

Bütün beynəlxalq arenalarda Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan xalqının yanındadır. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həlli üçün əsas maneədir. Ermənistan rəhbərliyinin çox ziddiyyətli və bir-birini inkar edən bəyanatları danışıqlar prosesinə böyük zərbədir. Onlar gah deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır, gah deyirlər ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Belə çıxır ki, onlar özləri də bilmirlər Dağlıq Qarabağ nədir? Bilmirlərsə, biz deyə bilərik: Dağlıq Qarabağ Azərbaycandır. Bunu biz deyirik, bunu bütün dünya deyir. Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və heç bir ölkə Dağlıq Qarabağ adlı qanunsuz qurumu tanımır. Əlbəttə ki, münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapmalıdır.

Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha təşəkkürümü bildirirəm. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır. Bizim birliyimiz əbədidir və təbii ki, biz öz gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Ona görə, Strateji Əməkdaşlıq Şurasının bugünkü 8-ci toplantısı xüsusi əhəmiyyətə malik olan bir məsələdir. Çünki dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr bu gün öz gələcək işbirliyi, əməkdaşlığı haqqında çox ciddi qərarlar qəbul etmişlər.

İqtisadi sahəyə gəldikdə, əziz qardaşım, hörmətli Prezident bir müddət bundan öncə qarşıya hədəf qoymuşdur ki, ticarət dövriyyəsi 15 milyard dollara çatsın. Hesab edirəm ki, bu, mümkündür. Çünki keçən il ticarət dövriyyəmiz 33 faiz artıb və 4,5 milyard dollara çatıb. Bu gün imzalanmış sənədlər, o cümlədən preferensial ticarət anlaşması əminəm ki, ticarət dövriyyəmizin artırılmasına böyük təkan verəcəkdir.

Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində iş görmüşlər və bu parametrlərə görə Türkiyə birinci yerdədir. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu da çox yüksək səviyyədədir. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Bu, böyük ölçüdə sərmayənin qoyuluşu bir daha bizim qardaşlığımızı təsdiqləyir. Çünki, ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər.
Təbii ki, bu gün biz gələcək işbirliyi haqqında geniş fikir mübadiləsi apardıq. Keçən ilin noyabr ayında Türkiyədə TANAP-ın tam başa çatmasını birlikdə qeyd etmişik. TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir və əminəm ki, bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Çünki bunun son layihəsi - TAP-ın icrası 92 faizə çatıbdır. Enerji ilə bağlı digər məsələlər də müzakirə edildi.

Müdafiə sahəsində birgə gələcək işbirliyi haqqında fikir mübadiləsi aparıldı. Təkcə keçən il 13 birgə hərbi təlim keçirilmişdir. Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək və bu gün biz birgə istehsalın təşkili haqqında da danışmışıq.

Nəqliyyat sahəsində də böyük nailiyyətlərimiz var. Birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu uğurla fəaliyyət göstərir. Bu yolun gələcək fəaliyyəti haqqında bu gün danışıldı və bir önəmli sənəd də imzalandı, o da Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumudur. Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir, demək olar ki, blokada, yəni mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaqdır. Bu anlaşmaya görə minnətdaram. Eyni zamanda, Naxçıvanın gələcək fəaliyyəti, uğurlu inkişafı haqqında da fikir mübadiləsi aparıldı. Üç il bundan əvvəl Naxçıvandan Türkiyəyə ixrac edilə biləcək malların siyahısı da tutuldu. Buna görə də biz minnətdarıq və əminəm ki, gələcəkdə Naxçıvandan Türkiyəyə ixrac əməliyyatlarının sayı artacaqdır.

Bu gün biz kənd təsərrüfatı və təhsillə bağlı bir çox məsələləri müzakirə etdik. Burada da çox böyük potensial var. Yəni, gündəlik kifayət qədər geniş olmuşdur və heç bir məsələ ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Əksinə, fikrimiz birdir, niyyətimiz birdir, amalımız birdir -Türkiyəni və Azərbaycanı daha da gücləndirmək.

Fürsətdən istifadə edərək, hörmətli Prezident, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın türk xalqı qarşısında göstərdiyi xidmətlər haqqında demək istərdim. Onun yorulmaz fəaliyyəti nəticəsində Türkiyə bu gün dünya çapında güc mərkəzidir. Nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ öz həllini tapa bilmir və yaxın tarix bunu göstərdi. Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir.

Əminəm ki, biz bundan sonra da hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğurlarına sevinəcəyik. Ağır günlərdə, Allah eləməsin, amma əgər olarsa, hər zaman bir-birimizin yanında olacağıq.

Bir daha əziz qardaşım, Sizi səmimiyyətlə salamlayıram, Sizə və qardaş Türkiyə xalqına daimi rifah və xoşbəxtlik arzulayıram. Sağ olun.
Sonra Türkiyə Prezidenti bəyanatla çıxış edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

- Hörmətli cənab Prezident, əziz qardaşım.
Dəyərli heyət üzvləri.

Əvvəla, sizi ən səmimi hisslərlə şəxsən öz adımdan və millətim adından salamlayıram.
Həqiqətən bu gün istər ikitərəfli, istərsə də nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyimiz görüşlərdə gələcəklə bağlı çox önəmli addımlar atdıq. Həqiqətən də bu gün Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuramızın VIII toplantısını keçirmək üçün irəliyə doğru bir addım da atmanın xoşbəxtliyini, məmnunluğunu yaşadıq.

Nazirlərimiz öz aralarında görüşlər keçirdilər. Biz isə təkbətək görüşümüzdə ətraflı müzakirə apardıq. Onsuz da Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni - bütün bu sahələrdə həmişə həmrəylik nümayiş etdirmişik və etdiririk. Aramızda bu istiqamətlərdə hər hansı bir sıxıntı müzakirə mövzusu ola bilməz. Amma bunları bu yüksək əməkdaşlıq şurasında bir daha müzakirə edərək harada çatışmazlığımız var, gələcəkdə necə hərəkət edəcəyik, - bunları müzakirə etmək imkanımız oldu.

Siyasi sahədə həmrəylik ən yüksək səviyyədə davam edir. Nazirlərimiz bu məsələdə həmrəy olduqlarını bu günə qədər davamlı surətdə göstəriblər, beynəlxalq qurumlarda və təşkilatlarda bu həmrəyliyi davam etdirirlər. Bununla əlaqədar aidiyyəti nazirlərimizi təbrik edirəm. Bundan başqa, digər sahələrdə də nazirlərimiz bir-biriləri ilə həmrəylik nümayiş etdirirlər. Bu həmrəyliyi daha da inkişaf etdirəcəyik.

Həqiqətən də Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə xüsusilə Azərbaycanın, bölgəmizin rifahı və sabitliyi göz önündədir.

Bu, özünü çox aydın şəkildə göstərməkdədir. Bundan sonra da bunun davamını görəcəyimizə inanıram. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin qardaş Azərbaycan üçün xeyirli olmasını Allahdan diləyirəm.

Biz Azərbaycanın uğurları ilə fəxr edirik. Bundan sonra bu uğurlara yeni nailiyyətlərin əlavə olunacağına da heç bir şübhəmiz yoxdur. Düşünürəm ki, 20 il əvvəlki Azərbaycan ilə bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil. Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. İnfrastrukturu, quruculuğu ilə daim inkişaf edən, dəyişən bir Azərbaycan var. Təbii ki, burada Azərbaycan iqtisadiyyatının keçən il əldə etdiyi inkişaf islahatlar prosesinin nə qədər doğru olduğunu da ortaya qoymaqdadır. Bu inkişaf bundan sonra da artmaqda davam edəcəkdir. Bunu da görəcəyik.

Qeyri-neft sektorunun 3 faiz, bu sahədə ixracın 14 faiz artması təsadüfi deyildir. Bunu da görməyə şadıq. Bu da təqdirəlayiqdir. Azərbaycanın bu sürətli inkişafı davam etdirəcəyinə inanıram.

Şuranın iclasında əlaqələrimizi hər bir sahədə daha necə inkişaf etdirə biləcəyimizi də müzakirə etmək imkanımız oldu. Bir az əvvəl 14 sənəd - memorandum, saziş və protokol imzaladıq. Bu, təbii ki, çox önəmlidir. Aidiyyəti nazirlərimiz bu sahədə işi davam etdirəcəklər. Amma bunların arasında ən önəmlisi, əlbəttə, preferensial ticarət sazişidir ki, bu da işin iqtisadi tərəfini təşkil edir. Amma bundan başqa siyasi sahədə xüsusilə önəmli bir addım Naxçıvan və Türkiyə arasındakı dəmir yolu məsələsidir. Bu, Naxçıvanın inkişafı baxımından çox önəmlidir.

Digər bir önəmli addım isə Naxçıvanda sərhədə qədər, eyni qaydada, İğdırdan da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsidir. Beləliklə, təxminən 160 kilometrlik kəmərin çəkilməsi ilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək. Yəni, həm İrandan, həm də Türkiyədən dəstək almaqla daha güclü bir vəziyyətə gələcək. Mən bu baxımdan bunu da enerji sahəsində həqiqətən çox önəmli hesab edirəm. Bunun da xeyirli olmasını diləyirik. Biz bu gün nazirlərimizə tapşırıqlar verdik.

Sabahdan etibarən infrastruktur işlərinə başlayacaqlar və İnşallah, bunu sürətlə başa çatdıraraq qısa müddətdə burada təbii qaz nəqlinə başlanacaq. Bu, çox önəmlidir.
Nəqliyyat sahəsində də eyni şəkildə. Dəmir yolu ilə bağlı da infrastruktur işlərinə başlanacaq və təbii ki, qısa müddətdə tamamlanacaqdır. Bu sahədə daha bir önəmli addım qardaşım İlham Əliyev ilə TANAP-ın Avropaya birləşən hissəsinin açılışını etməyimiz oldu. 2019-cu ildə ticarət dövriyyəmiz təxminən 4,5 milyard dollar oldu. Bu rəqəmi 2023-cü ildə, İnşallah, 15 milyard dollara çatdıracağıq. Hədəfimiz budur. Buna da nail olmalıyıq. Bu gün imzalanan preferensial ticarət sazişimiz bu sahədə bizim üçün böyük önəm kəsb edir. Gömrükdən kənd təsərrüfatına, enerjidən nəqliyyata, texnologiyadan turizmə qədər hər sahədə əməkdaşlığımızı dərinləşdirəcəyik. Bundan başqa, rəqəmsal dövlət xidmətləri sahəsində, sərmayə bazarında, maliyyə sektorunda da yeni əməkdaşlıq imkanlarını araşdıracağıq.
Həmrəyliyimiz terrorla mübarizədə də çiyin-çiyinə davam edir. 251 insanımızı şəhid edən FETÖ təşkilatı ilə mübarizədə bizə ən çox dəstək verən ölkə Azərbaycan olmuşdur.

Yanvarın 24-də Elazığda yaşanan zəlzələ fəlakətindən sonra da Azərbaycanın dəstəyini hiss etdik. Kədərimizi bölüşdükləri və həmrəylik göstərdikləri üçün azərbaycanlı qardaşlarıma ölkəm və millətim adından təşəkkür edirəm.

Dörd bir tərəfimizdə münaqişələr, terror və asayiş problemləri yaşandığı bir vaxtda Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər. Şübhəsiz ki, buna görə sarsılmaz əlaqələrimiz qədər, güclü ordularımıza da borcluyuq. Bu mənada istər ordularımızın həmrəyliyi, istərsə də müdafiə sənayesi sahəsində atdığımız addımlar da gələcəkdə müstəqilliyimizin ən böyük təminatı olacaqdır. Müdafiə sənayesi sahəsindəki əməkdaşlığımızı inkişaf etdirməyimiz bu baxımdan böyük önəm daşıyır. “Sülh çeşməsi” əməliyyatında Azərbaycan hökuməti və xalqı ilə bir millət, iki dövlət olduğumuzu bir daha dünyaya göstərmişdik.

Hörmətli media nümayəndələri, mərhum Bəxtiyar Vahabzadənin “Anam” dediyi Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir. Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur. Azərbaycana bu haqlı mübarizəsində verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik. Minsk qrupunun bu məsələdə təəssüf ki, səmimi davranmadığını da açıq şəkildə ifadə edirəm. Çünki təxminən 25 il vaxt itirilib. Nə üçün və nəyə görə heç bir nəticəyə nail olunmur. Təbii ki, bunun üzərində də dayanmaq lazımdır.
Sabah Xocalı qətliamının 28-ci ildönümüdür.

Xocalıda insanlığın gözləri önündə məsum, yaşlı, qadın, uşaq demədən XX əsrin ən böyük vəhşətlərindən biri törədilmişdir. 106-sı qadın, 63-ü uşaq olmaqla 613 soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmişdir. Tarixə “qara gecə” olaraq düşən Xocalı qətliamını unutmadıq, unutmayacağıq. Azərbaycanlı qardaşlarımın, qarabağlı köçkünlərin də Xocalını közərən od kimi ürəklərində daşıdığını bilirəm. İyirmi səkkizinci ildönümündə Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm. Dünən erməni tərəfindən açılan atəş nəticəsində şəhid olan İbrahim qardaşımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı verirəm.

Bu düşüncələrlə Əliyev qardaşıma şəxsən mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə təşəkkürlərimi bildirirəm. Toplantının nəticələrinin və imzaladığımız sənədlərin xeyirli olmasını Rəbbimizdən arzu edirəm. İyunda futbol üzrə milli komandamızın 2020-ci il Avropa çempionatı çərçivəsində Bakıda keçirəcəyi qarşılaşmaları birlikdə izləmək arzusu ilə hamınızı ehtiramla salamlayıram. Sağ olun.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?