15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev: "Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür"

Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" mövzusunda sessiya keçirilib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər.

Sessiyanın aparıcısı: Gəlin Sizdən başlayaq, cənab Prezident. "Bir kəmər, bir yol" təşəbbüsü Azərbaycan kimi qonşu ölkə üçün nə deməkdir? Mən bilirəm ki, Siz ölkənizin iqtisadi fəaliyyətini təkcə neft-qaz sahəsinə yox, eyni zamanda, infrastrukturun qurulmasına yönəltmisiniz.

Prezident İlham ƏLİYEV: Bəli, siz tamamilə düz deyirsiniz. Müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir. Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktura, yəni, daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük. Biz yolların, magistralların, hava limanlarının tikintisi, qazlaşdırmanın aparılması, elektrik enerjisinin generasiyası üçün ölkə daxilində infrastruktura sərmayə yatırırıq. Biz, həmçinin nəqliyyat infrastrukturuna da sərmayə yatırmışıq. Bu da bizə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək.

Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür. Biz əlbəttə ki, Çin hökumətinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Biz artıq bunu müşahidə edirik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Biz yaxşı tarif siyasətini yaratmaq üçün vəsait sərf edirik. Yükdaşımaların həcmi də artır. Yalnız Şimal-Cənub dəhlizi vasitəsilə keçən il ondan əvvəlki illə müqayisədə on dəfə çox yük daşınıb.

Aparıcı: Mən etiraf etməliyəm ki, cənab Prezidentdən müsahibə almışam və o, bütün rəqəmləri xatırlayır. Biz hazırda bu rəqəmlərin yalnız kiçik hissəsini təhlil edirik.

Cənab Prezident, gəlin borcdan danışaq. Çünki Siz bu məsələ ilə dəfələrlə üzləşmisiniz. Əgər düz xatırlayıramsa, on il ərzində Siz borc barədə bir çox yerlərdən olan bir sıra insanların suallarını cavablandırmalı olmusunuz. Bu barədə nə deyə bilərsiniz?

Prezident İlham ƏLİYEV: İnfrastruktura gəlincə, biz onu əsasən dövlət büdcəsindən maliyyəşdirmişik. Hesab edirəm ki, infrastruktura investisiya qoymaq üçün neft və qaz satışından əldə etdiyimiz gəlirləri düzgün istiqamətə yönəltməyə müvəffəq olmuşuq və indi biz bununla fərəhlənə bilərik. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən yolların keyfiyyətinə gəlincə, Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb. Bunu biz neft və qaz satışlarından əldə etdiyimiz vəsaitlə etdik. Sonra əlbəttə ki, bu, biznes mühitinin yaradılmasına gətirib çıxardı. Çünki sizin müasir infrastrukturunuz, qazlaşdırmanız, elektrik enerjiniz, yaxşı yollarınız və magistrallarınız olduqda onda bizneslər üçün də investisiya yatırmaq daha asan olacaq. Biz bu istiqamət üzrə də işlər görmüşük. Dünya Bankının ən son "Doing Business" hesabatına əsasən Azərbaycan dünya üzrə 25-ci pillədədir və mövqeyimizi rekord göstərici olan 32 pillə yaxşılaşdırmışıq. Biz Dünya Bankının bu proqramında on ən çox islahatçı ölkələr arasındayıq.

Aparıcı: İcazənizlə, mən bilirəm ki, Siz gözəl nəticələri qeyd edə bilərsiniz. Lakin bu nəticələrə aparan proses heç də həmişə asan olmur. Buna görə mən Sizdən bu borc məsələsini soruşuram. Çünki Siz bir çoxları kimi, infrastrukturun qurulması nəticəsində borcun yığılmasına görə tənqid olunmusunuz. Buna görə də Sizin fikrinizcə, borca gətirib çıxaran investisiyaları necə görürsünüz və bu məsələ öz həllini necə tapa bilər?

Prezident İlham ƏLİYEV: Bizim uzun illərdir ki, strategiyamız qazandığımızdan daha az xərcləməkdən ibarət olub. Yaxşı olardı ki, bu fərq daha da böyük olsun. Buna görə biz üzərimizə borc yığmamışıq. Daxili borca gəlincə, o, çox aşağıdır. Bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 19 faizinə bərabərdir. Bizim bunu 10 faizə endirmək üçün strategiyamız var. Buna görə də bayaq da qeyd etdiyim kimi, Azərbaycanda həyata keçirdiyimiz bütün infrastruktur layihələri, yəni, qeyd etdiyim kimi, ölkələri bir-birinə birləşdirən layihələr borcsuz həyata keçirilmişdir. Biz iyirmi il bundan əvvəl - o qədər inkişaf etmədiyimiz və kasıb olduğumuz zaman borc götürmüşdük və borc götürmək məcburiyyətində idik. Bizə borc verən həmin maliyyə institutlarına minnətdarıq. İndi biz borc veririk. İndi Azərbaycanın təkcə başqa ölkələrə investisiya yatırmaq yox, həm də infrastruktura, real iqtisadiyyata sərmayə yatırmaq strategiyası var. Eyni zamanda, biz digər ölkələrdə həyata keçirilən infrastruktur layihələri üçün borc pul veririk. Bizim borcumuzun infrastruktura heç bir aidiyyəti yoxdur. Lakin biz infrastruktura investisiya yatıranda dərhal vəsaitimizin geri qaytarılmasını gözləmirdik. Biz başa düşürük ki, geri qayıdacaq gəlir birbaşa olmayacaq. Siz yol tikdiyinizə görə pul qazanmayacaqsınız. Lakin siz mallarını bazara gətirmək üçün bu yoldan istifadə edənlər tərəfindən ödənilən vergilərdən qazanacaqsınız. Ya da bizim ərazidən tranzit kimi Şərqdən Qərbə və əks istiqamətdə istifadə edənlər tərəfindən ödənilən vəsaitdən qazanacağıq. Bu da sərmayədən geri qayıdan bir gəlirdir. Lakin hesab edirəm ki, daxildə infrastruktura və regional əməkdaşlığa sərf etdiyimiz vəsait ola bilsin on ildən sonra geri qayıtsın.

Aparıcı: Lakin heç də hər bir ölkə Azərbaycan kimi xoşbəxt ölkə deyil. Sizin çox zəngin neft və qaz ehtiyatlarınız var. Mən bunu bir gün içində təəccüb doğuran bir fakt kimi kəşf etdim. İnfrastrukturu quran və bu platformada iştirak edən digər ölkələr üçün bu, bir narahatlıqdırmı? Bunu tarazlaşdırmağın yolu nədən ibarətdir?

Prezident İlham ƏLİYEV: Hesab edirəm ki, bu, əlbəttə, narahatlıqdır. Bizim sərmayə yatırmaq üçün pulumuz olmasaydı, xarici investorlardan pul almaq məcburiyyətində olardıq. Mən sizə bir il yarım bundan əvvəl tamamladığımız dəmir yolu layihəsi timsalında bir misal çəkə bilərəm. Söhbət Şərqlə Qərbi birləşdirən Azərbaycan və Türkiyə arasında dəmir yolu bağlantısından gedir. Biz bir neçə illərdir xarici mənbələrdən maliyyələşməni axtarırdıq.

Aparıcı: Bu, nə zaman idi?

Prezident İlham ƏLİYEV: Bu, 2000-ci illərin əvvəlləri, 2004-2005-ci illər idi. Lakin bizim müraciətlərimizə rədd cavabı verilmişdi. Çünki sizin qeyd etdiyiniz kimi, investisiyalar heç ortamüddətli perspektivdə belə geri qayıtmayacaqdı. Əlbəttə ki, maliyyə ehtiyatları olmayan ölkələr üçün çox çətin olur. Maliyyə ehtiyatları olmayanların daha çox təxirəsalınmaz problemləri var. Məsələn, işsizlik, gəlir əldə etmək üçün iqtisadiyyatın real sektoruna investisiya yatırmaq və bu ölkələr üçün infrastruktur layihələri prioritet deyil. Buna görə düşünürəm ki, maliyyə institutları bu məsələyə daha çox diqqət ayırmalıdırlar. Xüsusilə aparıcı beynəlxalq maliyyə institutlarını nəzərdə tuturam. Onlar on il ərzində iş yerlərinin açılmasına imkanlar yaradacaq ölkələrə infrastruktur sahəsinə investisiya yatırmağa kömək etməlidirlər.

Sonra dövlətimizin başçısı auditoriyanın suallarını cavablandırıb.

Kornel Universitetindən Lurdis Kardsanella: "Bir kəmər, bir yol" təşəbbüsünün üzvü olan ölkələrin investisiyaları son beş ildə əlli faiz artmışdı. Çin şirkətlərinin ABŞ və Avropada üzləşdiyi məhdudiyyətləri nəzərə alsaq, gələcəkdə bu kimi artım müşahidə olunacaqmı?

Çinin və dünyanın ən böyük enerji şirkətinin nümayəndəsi: Sualım Zati-aliləri Prezident Əliyevədir. Mən bilirəm ki, Siz nəqliyyat sahəsində infrastruktura diqqət yetirirsiniz. Lakin elektrik enerjisinin təchizatı da daxil olmaqla enerji infrastrukturu barədə nə deyə bilərsiniz? Bizim şirkətlər üçün bu sahədə potensial imkanlar varmı? Çox sağ olun.

İsveçrə parlamentinin nümayəndəsi Fred Bigli: "Bir kəmər, bir yol" təşəbbüsü hansı dərəcədə infrastruktur layihəsidir və hansı dərəcədə xarici siyasi münasibətlərin birləşməsi layihəsidir?

Tailandda fəaliyyət göstərən "Omata Group" şirkətinin əməkdaşı Lina: Mənim sualım belədir ki, biz Çin və ABŞ gərginliyi haqqında çox danışdıq. Bu gərginlik "Bir kəmər, bir yol" təşəbbüsünü ləngidəcək, yoxsa sürətləndirəcək? Sağ olun.

Prezident İlham ƏLİYEV: Biz elektrik enerji generasiyasına çoxlu sərmayə yatırmışıq. İndi biz defisiti tamamilə azaltmışıq, elektrik enerjisinin xalis ixracatçısına çevrilmişik və 10 milyonlarla dollar qazanmışıq. Biz sərmayələrə açığıq. Biz, həmçinin şirkətləri podratçı olmağa dəvət edirik. Bu il biz yeni elektrik stansiyasını istismara verəcəyik və onun gücü 400 meqavat olacaq. Əlbəttə ki, biz indi səmərəlilik, itkilərin azaldılması üzərində işləyirik. Praktik nöqteyi-nəzərdən siz investor, podratçı qismində - istənilən qisimdə ölkəmizə gəlsəniz mən çox şad olardım.

İsveçrə parlamentinin nümayəndəsinin verdiyi suala da toxunmaq istəyirəm. Mən tamamilə əminəm ki, ölkələri birləşdirən istənilən nəqliyyat layihəsinin geosiyasi əsası var. Bu layihələr geosiyasi vəziyyətə, sabitliyə, proqnozlaşdırmaya müsbət təsir göstərir. Çünki bu layihələr qarşılıqlı asılılıq yaradır. Biz qonşularımız olmadan tranzit ölkə ola bilmərik. Bizim qonşularımız onların qonşuları olmadan tranzit ölkələr ola bilməzlər. Buna görə bu, ölkələr zənciridir və bayaq dediyim kimi, biz Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yol üzərindəyik. Beləliklə, biz qitələri, ölkələri birləşdiririk və daha proqnozlaşdırıla bilən gələcək yaradırıq.

Sessiyanın digər iştirakçıları - Ümumçin Sənaye və Ticarət Federasiyasının sədr müavini Vanq Yonq-qinq, "China Poly Group" Korporasiyasının sədri Su Niansha və Sinqapurun maliyyə naziri Henq Svi Keat mövzu ilə bağlı müzakirələrdə iştirak ediblər.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?