11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev Ağdam rayonunun bir neçə kəndinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verib.

Bildirilib ki, Tağıbəyli kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Kənddə 725 ailə - 3018 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, ərzaq mağazası, maşın-traktor parkı, kənd təsərrüfatı məhsullarının anbarı, qoyun ferması və üzüm bağları fəaliyyət göstərib. O cümlədən Qarabağın məşhur seyidlərindən olan Fuğara ağanın ocağı da burada yerləşir.

Qeyd olunub ki, kəndin layihələndirilən ərazisi 255,31 hektardır. Kəndə 3840 nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 885 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Tağıbəyli və Suma kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən sahə 78,05 hektardır və buraya 108 ailənin köçürülməsi planlaşdırılır. Bu mərhələdə tikiləcək 108 evin 22-si ikiotaqlı, 54-ü üçotaqlı, 27-si dördotaqlı, 5-i isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 264 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, sənətkarlıq emalatxanası, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu və bazar kompleksi inşa ediləcək.

Elə həmin gün dövlət başçısı Ağdam rayonunun Güllücə kəndinin təməlini qoyub.

Güllücə kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Kənddə 988 ailə - 4003 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, üzüm emalı zavodu, ərzaq mağazası, aptek, maşın-traktor parkı, kənd təsərrüfatı məhsulları anbarı, mal ferması və üzüm bağları var idi.

Bildirildi ki, ərazisi 388,44 hektar olacaq kənddə 3992 nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Güllücə və İlxıçılar kəndlərinin ərazisindən ibarət olacaq bu kənddə 1042 fərdi ev inşa ediləcək. Birinci mərhələdə layihələndirilən ərazi 225 hektar olacaq. Buraya 113 ailənin köçürülməsi planlaşdırılır. Kənddə birinci mərhələdə inşa ediləcək 113 evin 22-si ikiotaqlı, 57-si üçotaqlı, 28-i dördotaqlı, 6-sı isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 480 şagird yerlik məktəb binası, 120 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, çoxfunksiyalı bina (poçt, bank filialı, ofis), mal-qara ferması, yanğınsöndürmə deposu (2 maşın yerlik), kənd meydanı, Bayraq meydanı, çörək sexi inşa olunacaq. Burada, həmçinin kənd təsərrüfatı texnikasının və maşınlarının təmir müəssisəsi, süd qəbulu və süd məhsulları istehsalı, quru meyvə istehsalı, ət kəsimi və qablaşdırılması sahələri, qarışıq yem istehsalı, barama tədarükü və qurdayırma məntəqələri, mineral gübrələr və kimyəvi maddələr anbarı, muzey, mehmanxana, xalça istehsalı sahəsi, işçi geyimlərinin istehsalı sahəsi, taxta taraların istehsalı sahəsi, dulusçuluq və suvenir istehsalı emalatxanası, bal qablaşdırılması sahəsi, üzüm emalı zavodu, şirniyyat sexi, taxıl anbarı, suvarmada istifadə olunan elektrik mühərriklərinin və avadanlıqlarının təmiri sahəsi, yanacaqdoldurma məntəqəsi də yaradılacaq.

Mayın 28-də Ağdam rayonunun Nəmirli kəndinin də təməli qoyulub.

Nəmirli kəndində 624 ailə - 2515 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, üzüm emalı zavodu, ərzaq mağazası, maşın-traktor parkı, kənd təsərrüfatı məhsullarının anbarı, heyvandarlıq ferması və üzüm bağları fəaliyyət göstərib.

Məlumat verilib ki, kəndin layihələndirilən ərazisi 211 hektardır. Buraya 3036 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün 759 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Nəmirli və Şuraabad kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən ərazi 50,22 hektardır və buraya 179 ailənin köçürülməsi nəzərdə tutulur. Bu mərhələdə tikiləcək 179 evin 36-sı ikiotaqlı, 90-ı üçotaqlı, 44-ü dördotaqlı və 9-u isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 528 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu, bazar kompleksi yaradılacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Şotlanlı kəndinin də təməlini qoyub.

Şotlanlı kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Sakinlər buraya Qubadlı rayonunun Zilanlı kəndindən köç ediblər. Kənddə 606 ailə - 2542 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, maşın-traktor parkı, kənd təsərrüfatı məhsullarının anbarı, ərzaq mağazası və üzüm bağları fəaliyyət göstərib.

Bildirilib ki, Şotlanlı və Umudlu kəndlərinin ərazilərini əhatə edəcək bu kəndin layihələndirilən ərazisi 197,4 hektardır. Buraya 3 min nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 750 ev tikiləcək. Birinci mərhələdə layihələndirilən ərazi 51 hektardan çoxdur və buraya 205 ailənin köçürülməsi planlaşdırılır. Tikiləcək 205 evin 41-i ikiotaqlı, 103-ü üçotaqlı, 51-i dördotaqlı və 10-u isə beşotaqlı olacaq. Burada 540 şagird yerlik məktəb binası, 90 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və kitabxana, qonaq evi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu yaradılacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov görülən işlər barədə məlumat veriblər.

Xocalı şəhərindəki yarımçıq tikili olan yaşayış kompleksi əsaslı təmir edilib. Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər biri ikigirişli olmaqla üçmərtəbəli 15 binada ikiotaqlı, üçotaqlı və dördotaqlı 80 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar yaradılıb.

Sonra dövlətimizin başçısı və birinci xanım kompleksdə yaradılan şəraitlə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.

AZƏRTAC

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?