26 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş olimpiada keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və “PwC Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının yekun mərhələsi keçirilib.

Olimpiadanın keçirilməsində əsas məqsəd “Heydər Əliyev ili”ndə ali təhsil müəssisələrinin tələbələri arasında vergitutma sahəsində biliklərin aşılanması, habelə vergi sahəsinə marağın artırılmasıdır.

İyun ayının 2-4 tarixlərində DVX-nın Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında təşkil olunan olimpiadanın yekun mərhələsinə 20 universitetindən 100 tələbə qatılıb.

Olimpiadanın 3 günlük proqramı fərqli şəkildə təşkil edilib. Tədbirin ilk günü tələbələr arasında ünsiyyətin qurulması və asudə vaxtın təşkilinə həsr edilib. Tələbələr əvvəlcə Vergi Muzeyi ilə tanış olublar. Sonra Şamaxının Dəmirçi kəndinə səfər edib, burada yerli muzeylə tanış olublar. Bu da təşkilatçıların vergilər sahəsinə maraq göstərən tələbələri daha yaxından tanımaq, onlarla əməkdaşlıq etmək istəyindən irəli gələn təşəbbüsdür.

Tələbələrin bir-biri ilə ünsiyyət qurmaq bacarıqları, sual-cavab sessiyalarında aktiv iştirakları, təqdirəlayiq analitik bacarıqlar nümayiş etdirmələri təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib.

Tədbirin açılış mərasimində çıxış edən Xidmət rəisinin müşaviri, Tədris Mərkəzinin rəisi səlahiyyətlərinin icraçısı Sərxan Həşimov olimpiada iştirakçılarını salamlayaraq, onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb: “Olimpiadanın proqramını fərqli şəkildə təşkil etmişik. Məhz ona görə ki, sizin aranızda şəbəkələşmə baş versin. Bizim sahəyə maraq göstərən yoldaşları yaxından tanımaq, sizinlə əməkdaşlıq etmək istəyərdik. Mən Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. Daha sonra karyeramı rəqəmsal sahədə - İT-şirkətdə davam etdirmişəm. Nəticə etibarı ilə uzun bir yol keçdikdən sonra - 18 ildən sonra 2020-ci ildə Dövlət Vergi Xidmətində işə başlamışam. Vergi sahəsi çox maraqlıdır. Bir çox məsələlər, hətta deyərdim ki, bir çox təşəbbüslər məhz vergidən başlayır. Gəlin bu sahəni, bu işi hamımız birlikdə görək. Hər birinizə uğurlar arzulayıram”.

Tədbirin ikinci günündə “PwC Azərbaycan”ın vergi xidmətləri üzrə direktoru Günel Sadiyevanın moderatorluğu ilə təşkil olunan panel müzakirələrə DVX rəisinin müşaviri Fərid İsayev, Xidmətin insan resursları baş idarəsinin rəisi Aytən Kərimova və “Neqsol Holdinq”in vergi direktoru Rəşad Abbasov qatılıblar. Ekspertlər panel çərçivəsində öz uğur hekayələrini bölüşüb, auditoriya ilə canlı dialoq formatında vergi sahəsi üzrə müasir yanaşma xüsusunda fikirlərini bölüşüblər.

Rəşad Abbasov çıxışında tədbir iştirakçılarına öz uğur hekayəsi barədə danışaraq, vergi sektorunda hüquqi tənzimləmə mexanizmlərinə diqqət yetirib. O, vergi qanunvericiliyinin zamanın tələblərinə uyğun olaraq mütəmadi yeniləndiyini vurğulayıb. “Azərbaycanın vergi sistemi qlobal vergi sisteminin bir hissəsidir və beynəlxalq arenada baş verən dəyişikliklər bizim vergi sistemində də öz əksini tapır. Bütün bunlar əlavə səy tələb edir ki, daim öz üzərində işləyəsən və daim bu yeniliklərdən xəbərdar olasan” .

Panel iştirakçıları həmçinin olimpiadaya dair fikirlərini də bölüşüblər.

Fərid İsayev: “Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ümumrespublika vergilər Olimpiadası fikrimcə çox önəmli və mötəbər bir tədbirdir. Biz bu gün auditoriya ilə aktiv ünsiyyət qurduq. Eşitdiyimiz suallar onu deməyə əsas verir ki, çox istedadlı, çox bilikli gənclər burada iştirak edir, final mərhələsinə çıxıblar. Eyni zamanda vergi sahəsinə marağın bu qədər böyük olması məncə çox müsbət bir haldır və bizləri çox məmnun edir”.

Aytən Kərimova: “100 tələbənin finala çıxması, nümayiş etdirilən maraq və vergi bilikləri bir daha onu sübut edir ki, bu kimi tədbirlərin davam etdirilməsi onların inkişafına müsbət təsir göstərəcək”.

Daha sonra tələbələrin səmərəli və maraqlı vaxt keçirmələri üçün vergi sahəsini əhatə edən suallardan ibarət müsabiqə keçirilib. Müsabiqənin əsas məqsədi tələbələrin komandada işləmə bacarıqlarını qiymətləndirmək, onların təşəbbüskarlıq imkanlarını müşahidə etmək, həmçinin tənqidi düşüncə qabiliyyətlərini yoxlamaqdan ibarət olub. Müsabiqə çərçivəsində suallara daha kreativ cavab verən komandaya üstünlük verilib.

Müsabiqə ilə bağlı “PwC Azərbaycan”ın vergi xidmətləri üzrə direktoru Günel Sadiyeva fikrini bölüşüb: “Tax Case Competition" vergi müsabiqəsi ilk dəfə Azərbaycanda “Vergilər” mövzusunda olimpiada çərçivəsində keçirilib. Müsabiqənin keçirilməsində PwC Azərbaycanın məqsədi bir neçə hədəfə çatmaq olub. İlk növbədə iştirakçıların vergi biliklərinin sırf nəzəri deyil, praktikada da tətbiqi olub. Digər vacib məqam - tələbələrin komandada işləmə bacarığının olması, onların bir-biri ilə fikirlərinin bölüşməsi və bu fikirlərini təqdimat formasında nümayiş etdirmələridir. Biz bu müsabiqənin keçirilməsi zamanı tələbələr arasında kollektiv işləmə bacarığının çox yüksək olduğunu müşahidə etdik . Müşahidələrimiz onu göstərir ki, yeni nəsil çox istedadlı və sözün yaxşı mənasında tələbkardır. Kreativ suallar verir, təhlillər aparırlar. DVX və “PwC Azərbaycan” arasında bu əməkdaşlıq həqiqətən də göstərir ki, dövlət və özəl sektor ayrı-ayrılıqda baxılmamalıdır. Bu tərəfdaşlıq cəmiyyətdə etimad yaradır. Hesab edirəm ki, bu etimadın qurulmasında belə layihələr çox vacibdir və əminəm ki, biz növbəti layihələrimizi DVX ilə birgə həyata keçirə biləcəyik”.

Olimpiadanın yekun mərhələsi

Tədbirin son günü olimpiadanın yekun mərhələsi keçirilib. Bu mərhələdə imtahan, təqdim edilən test sualları əsasında aparılıb. Suallar vergi sistemi və vergi qanunvericiliyi üzrə mürəkkəblik dərəcəsinə uyğun hazırlanıb.

Yekun mərhələdə tələbələrə vergi sistemi və vergi qanunvericiliyi üzrə mürəkkəblik dərəcəsinə uyğun olaraq hər biri 1 bal ilə qiymətləndirilən 10 sual, hər biri 2 bal ilə qiymətləndirilən 10 sual, hər biri 3 bal ilə qiymətləndirilən 15 sual və hər biri 5 bal ilə qiymətləndirilən 5 sual (cəmi 100 bal ilə qiymətləndirilən 40 sual) təqdim olunub.

Yekun mərhələdə ən yüksək nəticə göstərən 3 tələbə uğur qazanaraq final mərhələsinin qalibi olublar. Final mərhələsində 1-ci yeri Xəzər universitetinin tələbəsi Müseyib Quliyev, 2 və 3-cü yerlərin qalibləri isə müvafiq olaraq Naxçıvan Dövlət Universitetinin tələbələri Nail Mustafazadə və Nicat Məmmədli olublar.

Qaliblərə mükafatlar və sertifikatlar təqdim olunub. Bununla yanaşı qalib tələbələr həm Dövlət Vergi Xidməti, həm də “PwC Azərbaycan” tərəfindən keçirilən təcrübə proqramlarına qatılma imkanı əldə ediblər ki, bu da onlara gələcəkdə iş prosesinə cəlb olunmalarına şərait yaradacaq.

Qalibləri təbrik edən və onlara gələcək karyeralarında müvəffəqiyyət arzulayan Xidmət rəisinin müşaviri, Tədris Mərkəzinin rəisi səlahiyyətlərinin icraçısı Sərxan Həşimov, DVX tərəfindən ilk üç yerin qalibinin yay təcrübə proqramına imtahansız qəbul olacağını qeyd edib. “Yay təcrübə proqramını keçənlər Xidmətdə işə qəbul siyahısına düşürlər. Ötən ilki yay təcrübə proqramının iştirakçılarından biri Tədris Mərkəzinə, daha 3 nəfər isə Xidmətin digər departamentlərinə işə qəbul olunublar”, - S.Həşimov qeyd edib.

Tələbələr də öz növbəsində tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirərək, sevinc hislərini paylaşıblar.

Xəzər universitetinin 4-cü kurs tələbəsi Müseyib Quliyev: “Belə bir müsabiqədə yer tutduğum üçün həm həyəcanlı və həm də çox sevincliyəm. Həm ixtisasımdan dolayı, həm də ümumiyyətlə kiçik vaxtlarımdan rəqəmlərin mənə maraqlı olduğunu nəzərə alaraq, vergi mənim xüsusi diqqətimdə olan bir sahədir. Olimpiadanın keçiriləcəyini universitetdən xəbər tutdum. Bura gələndə həyəcanlı idim. Birinci yeri tutacağıma ümid edirdim. İmtahana hazır olduğum üçün, çətinlik hissi keçirmədim”.

Naxçıvan Dövlət Universitetinin 4-cü kurs tələbəsi Nail Mustafazadə: “Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” olimpiadasında iştirak etdim. Layihənin ikinci mərhələsində 100 nəfər tələbənin iştirak etdiyi imtahan əsasən iki hissədən: Vergi Məcəlləsi və xüsusi hissədən ibarət olmaqla 40 sualdan ibarət idi. Mən də bu mərhələdə ikinci yerin qalibi oldum”.

Naxçıvan Dövlət Universitetinin 3-cü kurs tələbəsi Nicat Məmmədli: “Olimpiadada 3-cü yerə layiq görüldüm. Belə tədbirlərin keçirilməsi vergi sahəsinə olan marağı daha da artırır və vergi orqanlarında işləmək üçün stimul yaradır”.

DVX və “PwC Azərbaycan” şirkətinə olimpiadanın təşkilinə görə təşəkkürünü bildirərək Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat kafedrasının müəllimi İsmayıl Bağırov da bu tədbirin tələbələr arasında vergiyə olan marağı artıracağını, və öz növbəsində bunun da gələcəkdə Dövlət Vergi Xidmətinin kadr potensialına müsbət təsir göstərəcəyini vurğulayıb: “Çox sevincliyəm ki, mənim də tələbələrim yüksək nəticə göstəriblər. Bu onların vergi orqanlarına olan maraqlarını və gələcəkdə bu sahədə işləmək istəklərini artıracaq”.

Qeyd edək ki, olimpiadaya bütün universitetlərdən, xüsusən də bölgələrdən olan universitet tələbələri qatılıb. Qaliblər sırasında iki tələbənin Naxçıvandan olması, bölgələrdə də bu sahədə tədrisin güclü olduğunu göstərir.

Sevindirici haldır ki, “PwC Azərbaycan” şirkətinin ümumdünya vergi layihəsi çərçivəsində belə bir mötəbər tədbirin Azərbaycanda da həyata keçirilməsi mümkün oldu. Dövlət-özəl tərəfdaşlığı əsas prinsip götürülməklə bu istiqamətdə işlər davam etdiriləcək. Hazırda olimpiadanın mütəmadi olaraq Azərbaycanda keçirilməsi istiqamətində müvafiq işlər aparılır.

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?