1 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Özbəkistan Respublikasının Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevi qəbul edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı baxımından 2022-ci ilin də çox uğurla başa çatdığını bildirərək bu il Özbəkistana 3 dəfə səfər etdiyini xatırladıb. Prezident İlham Əliyev bu səfərlər zamanı keçirilən görüşlərdə əməkdaşlığımızın genişlənməsi ilə bağlı müəyyən edilmiş bütün sahələr üzrə qarşıya qoyulan məqsədlərə çatmaqdan məmnunluğunu ifadə edib və 2023-cü ildə də əlaqələrimizin inkişaf dinamikasının saxlanılacağına əminliyini bildirib. Dövlətimizin başçısı sənaye, kənd təsərrüfatı, hərbi-texniki, nəqliyyat, təhsil sahələrində və digər sahələrdə əməkdaşlığın gələcək inkişafı üçün yaxşı zəmin yaradıldığını vurğulayıb.

Cəmşid Xocayev, ilk növbədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ad günü münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb, Azərbaycan və Özbəkistan dövlət başçıları arasında şəxsi əlaqələrin münasibətlərimizin inkişafında rolunu xüsusi olaraq qeyd edib, belə bir əlamətdar gündə Azərbaycan Prezidentinin qəbulunda olmaqdan böyük şərəf hissi duyduqlarını deyib.

Prezident İlham Əliyev salamlara və təbrikə görə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.

Torpaqlarımızın işğaldan azad edilməsi və Vətən müharibəsində əldə olunan Qələbə münasibətilə dövlətimizin başçısını təbrik edən Cəmşid Xocayev vurğulayıb ki, bu, bütün Türk dünyasının Qələbəsidir. Qonaq dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişafını və əldə etdiyi nailiyyətləri xüsusi qeyd edib.

Görüşdə ikitərəfli münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparılıb, ticarət dövriyyəsinin artdığı qeyd olunub, birgə investisiya fondunun yaradılması istiqamətində dövlət başçıları arasında müvafiq razılığa əsasən həyata keçirilən iş barədə danışılıb.

Söhbət zamanı nəqliyyat, istehsalat kooperasiyası, energetika, yüngül sənaye, xüsusilə ipəkçilik və pambıqçılıq sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

AZƏRTAC

VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur?